Məhkəmə qərarları › İş №e-2-2(121)-1602/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1602/2023

20.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1602/2023 20.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – iddiaçı Sabirabad Regional X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Sabirabad Regional X2 cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə və Cavabdeh1 qarşı – Hacıqabul rayonu, Abdulabad kənd ərazisində yerləşən, X3 Təsərrüfatına məxsus 7-ci dolayın 18-ci kvartalında Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi tərəfində zəbt olunmuş, Hacıqabul rayonu, Abdulabad kənd sakini Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və qeyri-qanuni icarayə verilmiş ərazinin boşaldılması, əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad Regional X2nə təhvil verilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə düzgün riayət edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasında iştirak etməsi cavabdehlərdən yalnız Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə təklif edilmiş və mediator tərəfindən mediasiya sessiyası təşkil edilərək xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Göstərilən Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd edilən Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak etməsi hazırki iddia ərizəsi üzrə cavabdehlərin hamısına deyil, iddia ərizəsi üzrə yalnız bir cavabdehə, yəni Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə təklif edildiyindən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməmişdir. Odur ki, iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Buna görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən iş üzrə Cavabdeh1 fərdi sahibkar statusuna malik vergi ödəyicisi olmadığı müəyyən olunur. Bundan başqa, iş üzrə digər cavabdeh olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin kommersiya təşkilatı olmasına dair sənədlər iş materialları ilə müəyyən olunmur. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, hazırki iş üzrə 1-ci meyar olan “subyektiv tərkibi” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 838/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Elşən Abdullayev) qeyd edilən eyni formada verilmiş iddia ərizəsi geri qaytarılsa da, iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırılmadan, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilmişdir. Odur ki, qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Sabirabad Regional X1 cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə və Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar