Məhkəmə qərarları › İş №e-2-2(121)-1641/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1641/2025

06.08.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1641/2025 06.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sənəd və yazılı məlumatların təqdim edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cəmiyyətin səhmdarlarının 14 fevral 2024-cü il tarixində ümumi yığıncağının gündəliyinin təsdiqli surətinin, həmçinin həmin gündəliyə salınmış məsələlərin, xüsusilə cavabdeh Cəmiyyətin (ASC-nin) təşkilatı-hüquqi formasının dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi və bununla əlaqədar digər məsələlərin, həmçinin cəmiyyətin emissiya prospektində əksini tapmış daşınar və daşınmaz əmlakın özgələşdirilməsi (satılması) məsələsinin kimin təşəbbüsü ilə salındığını təsdiqləyən sənədlərin surətinin və ya yazılı məlumatın. Cavabdeh cəmiyyətin balansında olan əmlakların (cəmiyyətin emissiya prospektində əksini tapmış daşınar və daşınmaz əmlakların) cəmiyyətin rəhbərliyi tərəfindən təhvil-təslim alınmasını göstərən Aktın (sənədin) təsdiqlənmiş sürətinin. Cəmiyyətisəhmdarlarının 2024-cü il üzrə sonuncu reyestrinin təsdiqlisürətinin. Cəmiyyətin 2021, 2022, 2023-cü illər üzrə maliyyə hesabatlarını, ona əlavələrinin, balanslarının və auditor rəylərinin (aktlarının), debitor və kreditor borcları (tərkibi göstərilməklə) haqqında hesabatlarının təsdiq edilmiş sürətinin. Cəmiyyətin 2021, 2022, 2023-cü illər üzrə aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, balansında olan əsas vəsaitlərinin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyərlər göstərilməklə) təsdiqlənmiş surətinin. Cəmiyyətin balansında olan əmlakın (cəmiyyətin emissiya prospektində əksini tapmış daşınar və daşınmaz əmlakın) silinmə aktlarının, buna dair ümumi yığıncağının protokollarının, qanunvericiliyə əsasən silinən əsas vəsaitlərinin təkrar emala verilməsini təsdiqləyən aktların, və silinmiş silinən əsas vəsaitlərinin təkrar emala verilməsindən cəmiyyətin hesabına daxil olan pulun məbləğini, bunu təsdiqləyən mühasibat sənədlərinin təsdiq edilmiş sürətini. Cəmiyyətə məxsus ərazidə yeni tikililərin kim vəsaiti hesabına tikildiyini, həmin tikililərin kimə məxsus olduğunu və bu tikililərin aparılması haqqında qərar qəbuledən səhmdarların ümumi yığıncağının protokollarının təsdiq edilmiş surətini. Cəmiyyətin səhmdarlarının 14 fevral 2024-cü il tarixində keçirilmiş ümumi yığıncağının protokolunun təsdiq edilmiş surətini. Cəmiyyətin özgəninkiləşdirilməsi (satılması) nəzərdə tutulan daşınar və daşınmaz əmlaklarının siyahısını göstərən sənədin, həmçinin həmin əmlakların müstəqil audit tərəfindən bu günki bazar qiymətinə uyğun qiymətləndirilmə Rəyinin (Aktının) təsdiq edilmiş surətinin. Cəmiyyətin özgəninkiləşdirilən (satılan) əmlakın alqı-satqı müqavilələrinin surətinin, satılan əmlaka görə ödənişi təsdiqləyən qəbzlərinin (bank qəbzləri və sairənin) surətinin təsdiq edilmiş surətinin İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nə həvalə edilməsi, hüquqi xidmət xərci üçün 50 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "X1” ASC-nin səhmdarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulan hüquqların həyata keçməsi Cəmiyyətin rəhbərliyinin vəzifələrindən sui-istifadəsi nəticəsində mümkünsüz olmuşdur və nəticədə iddiaçının hüquqları tam məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixində iddiaçı müvafiq sənədlərin ona təqdim edilməsi ilə bağlı “X1” ASC-yə müraciət etmişdir. Lakin, bu günə qədər onun hüquqları təmin olunmayıb. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2009-ci il tarixli, 00067938 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı nominal dəyəri 0,50 manat olan 260 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla “X1” ASC-nin səhmdarıdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X1” ASC-yə məxsus sənədlərin surətlərinin 5 gün ərzində İddiaçı tədqim edilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “X1” ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 000926 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin səhmdarıdır və səhmdar olaraq cavabdehə sorğu ilə müraciət edərək Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq sənədlərin ona təqdim olunmasını xahiş etmişdir. İddiaçı verdiyi sorğuya cavabdeh tərəfindən cavab verilmədiyini, tələb etdiyi sənədlərin ona təqdim olunmadığını iddia edərək, həmin sənədlərin ona təqdim olunmasına dair tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin faktiki əsası kimi cavabdeh səhmdar cəmiyyətin səhmdarı olmasını təsdiq edən çıxarışa, cavabdehə ünvanladığı sorğuya, iddia ərizəsində göstərdiyi tələblə əlaqədar cavabdehə məhkəməyə müraciət etməmişdən əvvəl xəbərdarlıq məktubu ilə müraciət etməsinə istinad edir. Cavabdeh məhkəmə hazırlıq və baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. İddia tələbinin maddi hüququ əsası kimi məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Həmin Məcəllənin 107-6.3-cü maddəsinə əsasən, səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Mülki Məcəllənin 1077.1 və 1077.5-ci maddələrinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. Sadalanan maddi hüquq normlarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının səhmlərinin bir hissəsinə sahib olduğu səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək, səhmdar cəmiyyətin fəaliyyəti barədə məlumat almaq və bununla əlaqədar müvafiq sorğular vermək hüquqları vardır. Eyni zamanda səhmdar cəmiyyətin səhmdarların qanunvericilikdə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsini təmin etmək, o cümlədən özünün fəaliyyəti barədə səhmdarlar tərəfindən verilən sorğulara cavab vermək vəzifələri nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sənəd və yazılı məlumatların təqdim edilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə, iddia tələbinin hüquqi xidmət üçün ödənilmiş 50 manat məbləğində vəsaitin cavavdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən həmin halı təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddiaçı isə müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azad olunduğundan, həmçinin iddia qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin səhmdarlarının 14 fevral 2024- cü il tarixli ümumi yığıncağının gündəliyinin, həmin gündəliyə salınmış cavabdeh Cəmiyyətin (ASC-nin) təşkilatı-hüquqi formasının dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi və bununla əlaqədar digər məsələlərin, həmçinin cəmiyyətin emissiya prospektində əksini tapmış daşınar və daşınmaz əmlakın özgələşdirilməsi (satılması) məsələsinin kimin təşəbbüsü ilə salındığını təsdiqləyən sənədlərin surətinin və ya yazılı məlumatların, cavabdeh cəmiyyətin balansında olan əmlakların (cəmiyyətin emissiya prospektində əksini tapmış daşınar və daşınmaz əmlakların) cəmiyyətin rəhbərliyi tərəfindən təhvil-təslim alınmasını göstərən aktın (sənədin), cəmiyyətin səhmdarlarının 2024-cü il üzrə sonuncu reyestrinin, cəmiyyətin 2021, 2022, 2023-cü illər üzrə maliyyə hesabatlarının, ona əlavələrin, balanslarının və auditor rəylərinin (aktlarının), debitor və kreditor borcları (tərkibi göstərilməklə) haqqında hesabatlarının, cəmiyyətin 2021, 2022, 2023-cü illər üzrə aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, balansında olan əsas vəsaitlərinin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyərlər göstərilməklə), cəmiyyətin balansında olan əmlakın (cəmiyyətin emissiya prospektində əksini tapmış daşınar və daşınmaz əmlakın) silinmə aktlarının, buna dair ümumi yığıncağın protokollarının, qanunvericiliyə əsasən silinən əsas vəsaitlərinin təkrar emala verilməsini təsdiqləyən aktların və silinən əsas vəsaitlərinin təkrar emala verilməsindən cəmiyyətin hesabına daxil olan pulun məbləğini təsdiqləyən mühasibatlıq sənədlərinin, cəmiyyətə məxsus ərazidə yeni tikililərin hansı vəsait hesabına tikildiyini, həmin tikililərin kimə məxsus olduğunu və bu tikililərin aparılması haqqında qərar qəbul edən səhmdarların ümumi yığıncağının protokollarının, cəmiyyətin səhmdarlarının 14 fevral 2024-cü il tarixində keçirilmiş ümumi yığıncağının protokolunun, cəmiyyətin özgəninkiləşdirilməsi (satılması) nəzərdə tutulan daşınar və daşınmaz əmlaklarının siyahısını göstərən sənədin, həmçinin həmin əmlakların müstəqil audit tərəfindən hazırki bazar qiymətinə uyğun qiymətləndirilmə rəyinin (aktının), cəmiyyətin özgəninkiləşdirilən (satılan) əmlakın alqı-satqı müqavilələrinin, satılan əmlaka görə ödənişi təsdiqləyən qəbzlərin (bank qəbzləri və sairənin) təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" ASCnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar