Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1665/2024 23.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 23 may tarixli 100-AGR/23 nömrəli mineral gübrələrin alqı-satqısı müqaviləsinə əsasən 11 692,00 (on bir min altı yüz doxsan iki) manat əsas borc, 4 320,00 (dörd min üç yüz iyirmi) manat məbləğində hesablanmış cərimə və 138,04 (bir yüz otuz səkkiz manat dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16 150,04 (on altı min yüz əlli manat dörd qəpik) manat məbləğində vəsaitin CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 23 may tarixli 100-AGR/23 nömrəli mineral gübrələrin alqı-satqısı müqaviləsinə əsasən ümumi dəyəri 57.600 manat məbləğində, o cümlədən 1 tonunun qiyməti 480 manat olan 120 ton karbamid gübrəsi verilmişdir. Tərəflər arasında bağlanmış mineral gübrələrin alqı-satqısı müqaviləsinə əsasən 57. 600 manat ödənilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən 45.908 manat məbləğində ödəniş həyata keçirilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 11.692 manat məbləğində borcu qalmışdır. Hazırda Cavabdeh 2023-cü il 23 may tarixli 100-AGR/23 nömrəli müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 11.692 manat məbləğində yerinə yetirilməmiş öhdəliyi mövcuddur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən alıcı malların dəyərinin tam ödənilməsini müqavilə ilə nəzərdə tutulmuş qaydada və vaxtında aparılmasını təmin etməlidir. Bununla da, cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilədə nəzərdə tutulmuş ödənişlərin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 100-AGR/23 saylı mineral gübrələrin alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Alıcı tərəfindən partiyalarla sifariş verilən mineral gübrələrin satışı dəyəri əvvəlcədən tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə mineral gübrələrin dəyərinin əvvəlcədən ödəmək şərti ilə onu qəbul etməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Bu müqavilənin 1.1-ci bəndində göstərilmiş müqavilə miqdarı 120 tondan az olduğu halda, karbamid gübrəsinin 1 tonunun satış qiyməti 500 manat məbləğində hesablanacaq və qiymət fərqi Alıcı tərəfindən Satıcının hesabına dərhal ödəniləcəkdir. - Təhvil-təslim aktlarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 tonunun satış qiyməti 480 manat olan ümumilikdə 120 ton karbamid gübrəsi Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil-təslim aktları iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 100-AGR/23 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11.692 manat əsas borcu, 4.320 manat cərimə borcu yaranmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə xəbərdarlıq edilmişdir. - 14.05.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 138,04 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 100-AGR/23 saylı mineral gübrələrin alqı-satqı müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən partiyalarla sifariş verilən mineral gübrələrin satış dəyəri əvvəlcədən tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə mineral gübrələrin dəyərini əvvəlcədən ödəmək şərti ilə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsadən ümumi dəyəri 1 tonunun qiyməti 480 manat olan 57.600 manat məbləğində 120 ton karbamid gübrəsi təhvil-təslim aktlarına əsasən Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 57.600 manat məbləğində borcdan 45.908 manat məbləğində ödəniş etsə də nəticədə 11.692 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 23 may 2023-cü il tarixli, 100-AGR/23 saylı müqavilə təşkil edir. Göründüyü kimi, cavabdeh müəyyən qədər ödəniş etsə də iddiaçı qarşısında olan müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaya dair etiraz verilməmiş, həmçinin, borcun tam və ya qismən ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, iddianın 4.320 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 100-AGR-/23 saylı müqaviləsinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 11.692 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın “dövlət rüsumu kimi ödənilmiş 138,04 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 103,35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 23 may 2023-cü il tarixli, 100-AGR/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 11.692 manat məbləğində əsas borc, 300 manat cərimə borcu və 103,35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12.095,35 (bir on iki min doxsan beş manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia 4.020 manat cərimə borcunun və 34,69 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1665/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1665/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver