Məhkəmə qərarları › İş №e-2-2(121)-17/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-17/2021

07.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-17/2021 07.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 sayl Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş Seriya RX ******* nömrəli, 11 oktyabr 2017-ci il tarixli çıxarışın və onun əsasında tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli, 1638 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 05 yanvar tarixli 1 nömrəli Qərarına əsasən, Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublika əhəmiyyətli, M-6 indeksli avtomobil yoludur və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) Qarağacı-Bəhramtəpə hissəsinin bərpası, Lot 2 (km 26+000 - km 137+990)” layihəsi km dövlət sərhədi avtomobil yolunun 90+700 km-də yolun sağ tərəfində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yanacaq doldurma məntəqəsi və ona yaxın məsafədə tikililər, o cümlədən avtoyuyucu məntəqəsi qanunsuz olaraq avtomobil yolunun təhkim zolağı və hərəkət hissəsində yerləşir. Bu hal avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də respublika əhəmiyyətli avtomobil yolunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün ayrlmış zəruri torpaq sahəsidir. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan avtomobil yollarınını torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir. İddia tələbinin əsası olaraq qeyd edilir ki, respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolu İran Respublikası ilə həmsərhəd avtomobil yolunun mühafizə zolağına düşmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Seriya RX ******* saylı, 11.10.2017-ci il tarixində verilmiş çıxarışın və onun əsasında tərtib edilmiş texniki pasportun mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verilmiş və müvafiq qurumla razılaşdırılmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Seriya RX ******* saylı, 11.10.2017-ci il tarixli çıxarışın və onun əsasında tərtib edilmiş texniki pasport ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş obyekt yolun ox hissəsinə yaxın məsafədə olmaqla yolun mühafizə zolağını zəbt etmişdir. Göründüyü kimi, yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş çıxarışa münasibətdə mühafizə zolağına dair qanunvericiliyin hazırda mövcud olan tələblərinin qorunması mümkündür. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş çıxarışın və onun əsasında tərtib edilmiş texniki pasportun tərtib olunması səlahiyyətli orqanlarla razılaşdırılmamışdır. Beləliklə, avtomobil yolunun mühafizə zolağına düşən torpaq sahəsinin fiziki və hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi yol verilməzdir, məhz bu və göstərilən amillər torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi üçün əsas yaradır. Qeyd olunan səbəblərdən hazırda məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış pretenziya məktubunda qeyd olunur ki, respublika əhəmiyyətli “Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) Qarağacı-Bəhramtəpə hissəsinin bərpası, Lot 2 (km 26+000 - km 137+990)” layihəsi km dövlət sərhədi avtomobil yolunun 90+700 km-də yolun sağ tərəfində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yanacaq doldurma məntəqəsi və ona yaxın məsafədə tikililər o cümlədən avtoyuyucu məntəqəsi qanunsuz olaraq avtomobil yolunun təhkim zolağı və hərəkət hissəsində yerləşir. Bu hal avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də respublika əhəmiyyətli avtomobil yolunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozduğundan və respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolu İran Respublikası ilə həmsərhəd avtomobil yolunun mühafizə zolağına düşmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş RX Seriyalı, ******* saylı, 11.10.2017-ci il tarixində verilmiş çıxarış və onun əsasında tərtib edilmiş texniki pasport mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyi və müvafiq qurumla razılaşdırılmadığından qeyd olunan çıxarış və onun əsasında tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi xahiş olunmuşdur. İş materiallarında olan X1 11.01.2018-ci il tarixli ərizəsinə cavab olaraq, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən X2 ünvanlanmış 14.02.2018-ci il tarixli məktubda qeyd olunur ki, X1 mülkiyyətində olan 70.1 kv.m-də yerləşən tikililərə və köməkçi tikililərə heç bir ziyan dəyməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Neft Məhsullarının Satışı İdarəsi tərəfindən verilmiş 29.06.2004-cü il tarixli, YEN-00673 qeydiyyat nömrəli və 25.08.2009-cu il tarixli, SEN-771 qeydiyyat nömrəli lisenziyaların surətlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə beş il müddətinə Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə Avşar kənd yolunun kəsişməsində neft məhsullarının satışını həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda qeyd edilir ki, barəsində mülkiyyət hüququ haqqında çıxarış verilmiş və texniki pasport tərtib edilmiş əmlakın inşası üçün 30.09.2003-cü il tarixli akt əsasında Ağcəbədi Rayon İcra hakimiyyətinin 03.10.2003-cü il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam verilən zaman dövlət torpaqlarının ayrılması səlahiyyəti yerli icra hakimiyyətlərinə məxsus idi. Belə ki, 2003-cü ildə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci maddəsinə əsasən, İcra hakimiyyəti başçısının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək səlahiyyəti vardır. Həmçinin iddiaçının istinad etdiyi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, tikinti aparılarkən iddiaçıdan icazə alınması məsələsinə gəldikdə iddiaçı barədə müddəa 2016-cı ildə həmin normaya əlavə edilmişdir və iddiaçı da 2017-ci ilin dekabr ayında yaradılmış, həmin vaxtdan əvvəl mövcud olmamışdır. Həmin vaxtdan əvvəl belə icazə vermək səlahiyyəti Nəqliyyat Nazirliyinə məxsus olmuşdur. Lakin Azərbaycan Respublikasının ilk Nəqliyyat naziri 2003-cü ilin noyabr ayın 7-də təyin edilmişdir. Həmin vaxtdan sonra nəqliyyat nazirliyinin işçiləri işə götürülməyə başlamışdır. Belə olan halda iddiaçıya torpaq ayrılarkən (2003-cü ilin sentyabr və oktyabr aylarında) və tikinti işləri aparılarkən Azərbaycan Respublikasının Nəliyyat Nazirliyi və iddiaçı mövcud olmadıqları, dövlət torpaqlarına sərəncam verilməsi yerli icra hakimiyyətlərinə məxsus olduğu üçün iddiaçıdan torpağın ayrılması və tikintinin aparılmasına razılıq olması barədə bildirdiklərinin heç bir əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli, 91 nömrəli qərarı ilə edilmiş Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəricilərinin 9-cu bəndinə əsasən, avtomobil yollarının adı, indeksi, uzunluğu, balans qiyməti, örtüyünün növü, yol nişanlarının dislokasiyası, avtomobil yollarının tutduğu torpaq sahəsi (avtomobil yollarının təhkim zolağı da daxil olmaqla) göstərilməklə texniki pasportu olmalıdır. Lakin iddiaçı qeyd edilən qaydaların ziddinə olaraq ’’Hacı” MMC-nin mülkiyyətində olan əmlakının yerləşdiyi yolun texniki pasportunu, həmin yol (təhkim zolağı da) daxil olmaqla üzərində qeydə alınmış hüquqlarını təsdiq edən heç bir sənədi təqdim etməmişdir. Belə olan halda iddiaçının hazırki iddianı qaldırmaq hüququnun olmadığı və qeyd olunanlara əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Həmçinin iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiq olunması barədə ərizədə iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə dair verilmiş çıxarışın və texniki pasportun etibarsızlığı tələbini irəli sürmək üzrə iddia müddətinin buraxıldığı əsas gətirilərək iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 07.04.2020-ci il tarixli məktubuna əlavə olunmuş 30.09.2003-cü il tarixli aktdan görünür ki, Bəhrəmtəpə-Mingəçevir magistral yolunun kənarında yanacaqdoldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisi üçün 1.500 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması barədə akt tərtib olunmuş və akt torpaqseçmə komissiyasının üzvləri tərəfindən imzalanmışdır. Daha sonra məktuba əlavə olunmuş Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 03.10.2003-cü il tarixli, 314 saylı sərəncamından görünür ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə Avşar kənd yolunun kəsişməsində yanacaqdoldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisinə 1.500 m2 torpaq sahəsinin ayrılması barədə 30.09.2003-cü il tarixli akt təsdiq edilmiş və X2 tikintiyə dair layihə-smeta sənədlərini hazırladıqdan sonra tikintiyə başlamasına icazə verilmişdir. Məktuba əlavə olunmuş 18.06.2004-cü il tarixli aktdan görünür ki, Bəhrəmtəpə- Mingəçevir magistral yolunun kənarında tikilmiş yanacaqdoldurma məntəqəsinə yerində baxış keçirilmiş, tikinti-quraşdırma işlərinin başa çatdığı nəzərə alınaraq, obyektin istismara verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məktuba əlavə olunmuş 11.10.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportdan görünür ki, Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə Avşar kənd yolunun kəsişməsində yerləşən, sahəsi 70.1 kv.m olan əmlak kompleksi kimi müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-309/2021 saylı, 07.04.2021-ci il tarixli qərarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 10.08.2020-ci il tarixli 2-1(120)-1023/2020 nömrəli qərardadı ilə, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 03 oktyabr 2003-cü il tarixli, 314 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2-1(106)-626/2020 saylı qərardadı ilə, Şirvan İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-309/2021 saylı, 07.04.2021-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2-1(106)-626/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bəhrəmtəpə-Mingəçevir magistral yolunun kənarında yanacaqdoldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisi üçün 1.500 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması barədə akt tərtib olunmuş, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 03.10.2003-cü il tarixli, 314 saylı sərəncamı ilə Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə Avşar kənd yolunun kəsişməsində yanacaqdoldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisinə 1.500 m2 torpaq sahəsinin ayrılması barədə 30.09.2003-cü il tarixli akt təsdiq edilmiş və X2 tikintiyə dair layihə-smeta sənədlərini hazırladıqdan sonra tikintiyə başlamasına icazə verilmişdir. Tikilmiş yanacaqdoldurma məntəqəsinə yerində baxış keçirilmiş, tikintiquraşdırma işlərinin başa çatdığı nəzərə alınaraq, obyektin istismara verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Daha sonra Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə Avşar kənd yolunun kəsişməsində yerləşən, sahəsi 70.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququ 11.10.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə qeydə alınmış və həmin əmlakın texniki pasportu tərtib olunmuşdur. Hazırda iddiaçı sözügedən yanacaq doldurma məntəqəsinin və ona yaxın məsafədə tikililərin, o cümlədən avtoyuyucu məntəqəsinin qanunsuz olaraq avtomobil yolunun təhkim zolağı və hərəkət hissəsində yerləşdiyini və bu halın avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də respublika əhəmiyyətli avtomobil yolunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozduğunu, çıxarışın və texniki pasportun mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan və müvafiq qurumla razılaşdırılmadan verildiyini əsas gətirərək, çıxarışın və texniki pasportun etibarısız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, iş materiallarından görünür ki, Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə Avşar kənd yolunun kəsişməsində yerləşən, sahəsi 70.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair mübahisələndirilən 11.10.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə qeydə alınmış və həmin əmlakın 06.10.2017-ci il tarixli, **********91-12301 reyestr nömrəli texniki pasport Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 03.10.2003-cü il tarixli, 314 saylı sərəncamına əsasən tərtib edilmişdir. Qeyd olunan Sərəncam iddiaçı tərəfindən mübahisələndirilmiş, Şirvan İnzibati Məhkəməsinin 10.08.2020-ci il tarixli 2-1(120)- 1023/2020 nömrəli qərardadı ilə, iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 03 oktyabr 2003-cü il tarixli, 314 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçı tərəfindən verilmiş şikayətlər də təmin edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılanadək müvafiq subyektlər yolun mühafizə zolağında inşa edilən tikililərin qarşısını almaq vəzifələri daşıyırdılar (Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "xxxx" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "xxxx" Departamentləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Nəqliyyatyol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 22 fevral 2007-ci il tarixli sərəncamına əsasən isə Nəqliyyat Nazirliyinin "xxxx" Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 09 mart 2016-cı il tarixli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli, 1638 nömrəli Fərmanına əsasən, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" yaradılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.” Göründüyü kimi, iddiaçı hazırki iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 sayl Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş RX Seriyalı, ******* nömrəli, 11 oktyabr 2017-ci il tarixli çıxarışın və exniki pasportun etibarsız hesab edilməsi üçün hər-hansı əsas mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar