Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1784/2024 24.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “müflis elan edilmə və iflas prosesinə başlanılması” tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və iflas prosesinə başlanılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2018-ci il tarixindən dövlət qeydiyyatına alınmışdır və nizamnamə kapitalının miqdarı 5 manat təşkil edir. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1r və onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. Cəmiyyətin direktor vəzifəsini də X2 icra edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə vəsaiti və tələbin yönəldilə bilmədiyi əmlak olmadığına görə 01 mart 2024-cü il tarixində “müflis elan edilmə və iflas prosesinə başlanılması barədə” qərar qəbul etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında heç bir əmlak yoxdur. Cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 415,31 manat əsas borc, 24,43 manat isə faiz borcu olmaqla ümumulikdə - 439,74 manat, muzdla işlə əlaqədar MDSS haqqı üzrə 2635,28 manat əsas borc, 198,19 manat isə penya üzrə qalıq borc olmaqla ümumlikdə - 2635,28 manat, muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 119,08 manat əsas borc, 11,04 manat isə penya üzrə qalıq borc olmaqla ümulikdə - 130,12 manat, İcbari Tibbi Sığorta üzrə 392,86 manat əsas borc, 28,09 manat isə faiz üzrə ümumilikdə - 420,95 manat borc məbləğləri müəyyən edilmişdir. Məlum kredirotların siyahısı isə aşağıdakı kimidir: 1 ) Maraqlı şəxs1 ASC - DC00203638- 07 nömrəli kredit müqaviləsi üzrə - 95,669,79 AZN, DC00203638-08 nömrəli kredit müqavilə üzrə - 2,890,45 AZN, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi (vergilər üzrə) - 439,74 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdla işlə əlaqədar MDSS haqqı üzrə) - 2635,28 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə) - 130,12 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (icbari tibbi sığorta üzrə - 420,95 manat. Maraqlı şəxs1 ASC borc tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda e-2-2(121)-55/2024 saylı iş üzrə Şirvan Kommersiya Məhkəməsində icraat davam edir. Maraqlı şəxs1 ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi etirazda, ərizəyə etiraz etdiklərini bildirmiş, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və ərizəçinin tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, ərizəçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********). İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə dövlət büdcəsinə 415,31 manat əsas borc, 24,43 manat isə faiz borcu olmaqla ümumulikdə 439,74 manat, muzdla işlə əlaqədar MDSS haqqı üzrə 2635,28 manat əsas borc, 198,19 manat isə penya üzrə qalıq borc olmaqla ümumlikdə 2635,28 manat, muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 119,08 manat əsas borc, 11,04 manat isə penya üzrə qalıq borc olmaqla ümulikdə 130,12 manat, İcbari Tibbi Sığorta üzrə 392,86 manat əsas borc, 28,09 manat isə faiz üzrə ümumilikdə 420,95 manat borcu vardır. İş materiallarında olan məhkəmə bildirişi və qərardadlardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında iddiaçı Maraqlı şəxs1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barəsində kommersiya mübahisələrinə dair iş vardır. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq bu nəticəyə gəlir ki, ərizəçi ödəmə qabiliyyəti olmayan hesab edilməsini (müflis elan edilməsini) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, bununla da öz tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, əvvəla ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən sonuncu hesabat tarixinə olan maliyyə hesabatı məhkəməyə təqdim edilməmişdir. Bundan başqa ərizəçi ona qarşı məhkəmədə kredit borcunun ödənilməsi tələbinə dair iddia irəli sürüldüyünü qeyd edərək ərizəsini əsaslandırmağa çalışmışdır. Lakin həmin tələb üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmş məhkəmə qərarının olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mövcud qanunvericilikdə borclunun kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur. Şərh olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “müflis elan edilmə və iflas prosesinə başlanılması” tələbinə dair ərizəsi əsassızdır və buna görə də təmin olumamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunununda nəzərdə tutulan müddəalara görə: “Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” “Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Nəticə hissəsi:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
Ərizə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zaur Abbasov