Məhkəmə qərarları › İş №e-2-2(121)-181/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-181/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-181/2024 05.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı yaranmış borc məbləğinin və dəymiş ziyanın ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı yaranmış borc məbləğinin və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 23 may tarixli 09/03612 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 600,00 (iki min altı yüz) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1 422,00 (bir min dörd yüz iyirmi iki) manat dəymiş maddi ziyanın və 60,00 (altmış) manat dövlət rüsumunun, cəmi 4 082,00 (dörd min səksən iki) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-181/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy təqdim olunanadək işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/3109-8/1203 saylı ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi, İddiaçı ASC-nin Cavabdeh qarşı yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi tələbi barəsində iddiasına dair iş üzrə şifahi icraat qaydasında məhkəmə iclasının 05 sentyabr 2024-cü il tarixə saat 14:45-ə təyin edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun, mediasiya xərcinin ödənilməsinin təmin edildiyini və Cavabdeh İddiaçı ASC qarşısında öhdəliyinin qalmadığını bildirərək iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi könüllü şəkildə təmin edildiyi üçün iddiaçının işin baxılmamış saxlanılmasına dair ərizəsi təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı yaranmış borc məbləğinin və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN:**********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar