Məhkəmə qərarları › İş №e-2-2(121)-182/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-182/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-182/2025 14.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manat məbləğində pulun və ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, istifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD-S 175/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhviltəslim Aktı” imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı **********Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2020-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KOD-S 175/2020 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin: 1.1-ci bəndində əsasən, bu müqaviləyə əsasən İstifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin İstifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (İstifadəyəverənin mülkiyyətində olan) soyuducuları (Bundan sonra Soyuducu) İstifadəçiyə əvəzsiz istifadəyə verməyi, İstifadəçi isə İstifadəyəverənin tələbi ilə bu müqavilənin. 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür; 2.1.1-ci yarımbəndində əsasən, İstifadəyəverən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan soyuducunu İstifadəçiyə əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir; 2.1.2. ci yarımbəndində əsasən, İstifadəyəverən soyuducunu İstifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə Əlavə №1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir; 2.2.1-ci və 2.2.4-cü yarımbəndlərinə əsasən, İstifadəçi İstifadəyəverəndən soyuducunu qəbul etməyi və qəbul etdiyi gündən etibarən həmin soyuducunu müqavilədə göstərilən məqsəd üzrə istifadə etməyi, soyuducunun qorunmasını, keyfiyyətli və təmiz saxlanılmasını və üçüncü şəxslər tərəfindən toxunulmazlığını təmin etməyi öhdəsinə götürür; 2.7-ci bəndinə əsasən, müqaviləyə istənilən səbəbdən xitam verildikdə, İstifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində İstifadəyəverənə cərimə ödəməlidir; 2.9-ci bəndində əsasən, İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır; 2.10-cu bəndinə əsasən, istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini İstifadəyəverənə ödəyir; 4.2-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və İstifadəyəverən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KOD-S 175/2020 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə 01 nömrəli əlavə olan “Təhvil-təslim Aktı”ndan görünür ki, dəyəri 600 manat olan “X2-350P” soyuducusu İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KOD-S 175/2020 nömrəli müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş dəyəri 600 manat olan “X1 Cool-350P” soyuducusunun 5 gün müddətində geri qaytarılması xahiş edilmiş, əks təqdirdə soyuducunun dəyərinin 2 misli həcmində, yəni 1200 manat pulun və əlavə xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İnternet Vergi İdarəsi” portalından çıxarışdan görünür ki, pretenziya məktubu xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh göndərilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia etməsi və həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (əvəzsiz istifadə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları belədir ki, tərəflər arasında iddiaçının satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin cavabdeh tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək məqsədi ilə iddiaçıya məxsus olan soyuducunun cavabdehin əvəzsiz istifadəsinə verilməsinə dair razılaşma əldə olunmuşdur və onlar bu razılaşmanı aralarında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı təhvil verdiyi soyuducunu geri tələb etməsinə baxmayaraq cavabdehin tələbi yerinə yetirmədiyini bildirir və buna görə də aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehdən soyuducunun dəyərinin iki mislini tələb edir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36-cı fəslində yer alan əvəzsiz istifadə müqaviləsinə dair normaların təşkil etdiyi nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə əvəzsiz istifadə müqaviləsinə dair münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflərin daxil olduqları müqavilə münasibətlərinin faktiki hallarını nəzərə alıb sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən hüquqi qiymətləndirmə apararaq müəyyən edir ki, mübahisə predmeti olan soyuducunun cavabdehə təhvil verilməsini və həmin əşyanın dəyərini sübut etmək vəzifəsi iddiaçının, soyuducunun və ya onun dəyərinin iddiaçıya geri verilməsini sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilənin predmeti olan əşyanın cavabdehin istifadəsinə verilməsi, istifadəyə verilən əşyanın dəyərinin 600 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Qeyd olunan xüsusatlar tərəflərin imzası ilə təsdiq edilmiş müqavilə və təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, soyuducunun geri qaytarılmasını və ya onun əvəzi olan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan soyuducunun cavabdeh tərəfindən iddiaçıya qaytarılmamasının tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı əvəsiz istifadə müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyini icra edərək əvəzsiz istifadə müqaviləsi üzrə istifadəyə götürdüyü əşyanı və ya həmin əşyanın dəyərini iddiaçıya qaytarmaq vəzifəsi, həmçinin iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbinin cavabdehdən müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməməsinə görə cərimə tutulması hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.7, 2.9 və 2.10-cu bəndlərinə görə, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində əvəzsiz istifadəyə götürdüyü əşyanı qaytarmadıqda iddiaçıya soyuducunun dəyərinin 2 misli həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bu şərtini əsas tutaraq cavabdehdən cərimə ödənilməsini tələb edir. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən ilk növbədə tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçının əvəzsiz istifadəyə verilmiş soyuducunun əvəzi olaraq dəyərinin iki misli məbləğində cərimə tələbi əsaslı hesab edilməli və həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1200 manat məbləğində borc və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1232 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar