Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1837/2023 14.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 13.040,17 manat əsas, 685 manat faiz borcunun və 200 manat mediasiya ödənişinin, ümumilikdə 13.925,17 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçının cavabdeh şirkətin əməkdaşlarını yemək xidməti ilə təmin etməsi, cavabdehin isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün 4,50 manat məbləğində xidmət haqqı ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehi həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Belə ki, sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil xx.xx.2022-ci il tarixli 389173 nömrəli elektron qaiməyə əsasən 1943.46 manat dəyərində, xx.xx.2023-ci il tarixli 501304 nömrəli elektron qaiməyə əsasən 6111.81 manat dəyərində, xx.xx.2023-ci il tarixli 085322 nömrəli elektron qaiməyə əsasən 4826.79 manat dəyərində, xx.xx.2023-ci il tarixli 045916 nömrəli elektron qaiməyə əsasən 3090.42 manat olmaqla ümumi 13.040,17 manat dəyərində xidmət göstərilmişdir. İddiaçının xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 13.040,17 manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri cavabdeh tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-ci il tarixli pretenziya məktubu göndərilmiş, yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. Əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə SSS#2022/11/18 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmamış, eyni zamanda MMC-lərin möhürü ilə təsdiq edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli (EBCK seriyalı, 389173 nömrəli), xx.xx.2023-cü il tarixli (EBCM seriyalı, 501304 nömrəli), xx.xx.2023-cü il tarixli (EBCO seriyalı, 085322 nömrəli), xx.xx.2023-cü il tarixli (EBDB seriyalı, 045916 nömrəli) elektron qaimələrdən görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə 1.943,46 manat, xx.xx.2023cü il tarixdə 6.111,81 manat (932,31 manat ƏDV olmaqla), xx.xx.2023-cü il tarixdə 4.826,79 manat, xx.xx.2023-cü il tarixdə 3.090,42 manat dəyərində mallarını göndərilməsinə dair xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə uyğun olaraq alıcı Cavabdeh MMC-yə elektron qaimələr göndərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının (müvafiq qaydada təsdiq olunmamış) kompüter çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBCM seriyalı, 501304 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 932,31 manat ödəniş edilmişdir. İş materiallarında olan **********/544387395 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən (çıxarış) görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına EBCM seriyalı 501304 saylı elektron qaimə üzrə 2000 manat ödəniş edilmişdir. İşə əlavə edilən “whats app” yazışmalarına dair çıxarışlardan görünür ki, “whats app” vasitəsi ilə yazışmalar aparılmışdır. Lakin, yazışmalar surət olmaqla kimə məxsus olması və yazışmaların kiminlə aparılması müəyyən edilmir. İşdə olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan kreditor borc məbləği ƏDV daxil 13.040,17 manat təşkil edir. Həmin akt İddiaçı MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC iddia ərizəsinə onunla Cavabdeh MMC ilə arasında xx.xx.2022-ci il tarixdə bağlanmış SSS#2022/11/18 saylı xidmət müqaviləsini əlavə etmiş olsa da, həmin müqavilə iddiaçının və cavabdehin nümayəndələri tərəfindən imzalanmamış, eyni zamanda MMC-lərin möhürü ilə təsdiq edilməmişdir. Həmçinin, araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə tərəfləri tərəfindən imzalanmamış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi əsasında cavabdehə elektron qaimələr göndərmişdir. Bundan əlavə, xidmətlərin göstərilməsinin təhvil-təslimi (yəni, yerinə yetirilmiş işin cavabdeh tərəfindən qəbul edilməsi) barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə cavabdeh tərəfindən imzalanmadığından, tərəflər arasında göstərilən müqavilə bağlanmamışdır. Tərəflər arasında sözügedən müqavilə bağlanmadığından, tərəflərin biri-digəri qarşısında göstərilən müqavilədən irəli gələn vəzifələrin daşıyıcıları deyildirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). İddiaçının qaimələrdə də istinad etdiyi SSS#2022/11/18 saylı, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi imzalanmadığından, bununla da, tərəflər arasında qeyd edilən xidmət müqaviləsi bağlanmadığından, həmin müqaviləyə istinad etməklə iddiaçının cavabdehə elektron qaimələr göndərməsi və bunun əsasında mövcud borcu tələb etməsi əsassızdır. Digər tərəfdən, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilməsini və onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Belə olan halda, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi xidmətlərin göstərilməsi halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, bunlar cavabdehin ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin xidmətlərin göstərilməsinin təhvil-təslimini (yəni, yerinə yetirilmiş işin qəbul edilməsini) bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr xidmətlərin göstərilməsinin təhvil-təslimi (yəni, yerinə yetirilmiş işin qəbul edilməsi) barədə digər sübutlar olmadan xidmətlərin həqiqətən sifarişçiyə göstərilməsini (yəni, yerinə yetirilmiş işin sifarişçi tərəfindən qəbul edilməsini) təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göstərilən Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə sifarişçiyə elektron qaydada göndərildiyi üçün müşayətedici sənəd deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”ın (qeyd edilən Qaydaya xx.xx.2019-cu il tarixdən əlavə edilmiş dəyişikliklərlə) 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Məhkəmə qeyd edir ki, elektron qaimə-faktura xidmətlərin göstərilməsini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, xidmətlərin digər vergi ödəyicisinə təhvil-təslimini (həmçinin, yerinə yetirilmiş işin qəbul edilməsini) təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, sifarişçiyə (alıcıya) düzgün göndərilməmiş elektron qaimənin sifarişçi (alıcı) tərəfindən deyil, yalnız icraçı (satıcı) tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Qaydalara əsasən mal və xidmət digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda icraçı (satıcı) həmin şəxsdən sifarişçi (alıcı) tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaya xx.xx.2019-cu il tarixdən əlavə edilmiş 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. (Qaydaların 3.15-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Qeyd edilən Qaydaya xx.xx.2019-cu il tarixdən əlavə edilmiş 3.16-cı bəndə əsasən, vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu qaydaya uyğun olaraq göndərilir. (Qaydaların 3.16-cı bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Göstərilən Qaydanın xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 4.1-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. (Qaydaların 4.1-ci bəndinin bu redaksiyası 2019-cu il 25 dekabr tarixinədək qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə həmin redaksiyaya dəyişikliklər edilmişdir). Sözü edən Qaydanın 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər aralarında olan müqavilə (halbuki, belə bir müqavilə bağlanmamışdır) əsasında cavabdehə qaimə(lər) göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında xidmət(lər)in cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qaimə(lər) göndərilməsinə dair vəzifəsindən istifadə etmiş, lakin həmin xidmətlərin cavabdehə təhvil verilməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı xidmətlərin cavabdehə təhvil verilməsini (yəni, yerinə yetirilmiş işin cavabdeh tərəfindən qəbul edilməsini) təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Bundan əlavə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və **********/544387395 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surəti, həmçinin “whats app” yazışmaları (kimə məxsus olması və yazışmaların kiminlə aparılması bilinmir) kompüter çıxarışları olmaqla mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iddianın “685 manat faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, iddiaçı 685 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmiş olsa da, maddi hüquq norması kimi həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad etmiş, lakin iddia ərizəsində faiz borcunun hansı səbəbdən yarnmasını əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin, iddia tələbindən iddiaçının hansı maddi hüquq normasına istinad etməklə mövcud faiz borcunu tələb etməsi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində rədd edilməli olduğundan, həmçinin iddianın “685 manat faiz borcunun tutulması”na dair hissəsi qeyri-müəyyən olduğundan, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddianın 200 manat mediasiya xərcinin cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, 200 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın mediasiya xərcinin cavabdehlərdən alınmasına dair hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 200 manat rüsum iddiaçıya edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1837/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1837/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver