Məhkəmə qərarları › İş №e-2-2(121)-1847/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1847/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1847/2023 25.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, 1207/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 17.251,00 manat məbləğində borcun, X1 iştirak üçün ödənilmiş 200 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 17.951 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Satıcı” qismində çıxış edən İddiaçı X4 Vəkil1 ilə “Alıcı” qismində çıxış edən fərdi sahibkar X2 (VÖEN: **********) arasında 12 iyul 2021-ci il tarixli, FM 1207/2021 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən, “Satıcı” bu Müqavilədə nəzərdə tutulan malları (akloqollu və alkoqolsuz) həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə “Alıcı”-ya verməyi, “Alıcı” isə bu malları razılaşdırılmış miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi və bunun müqabilində razılaşdırılmış müddətdən gec olmayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə əsasında İddiaçı MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan mallar həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə “Alıcı”-ya təhvil verilmişdir. Alıcı isə bunun müqabilində 17.251,00 (on yeddi min iki yüz əlli bir) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürsə də, bugünədək sonuncu tərəfindən ödənişlər həyata keçirilməmişdir. Nəticə olaraq, 12 iyul 2021-ci il tarixli, FM 1207/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh tərəfindən ödənilməli olan 17.251,00 (on yeddimin iki yüzəlli bir) manat məbləğində pul hələ də ödənilməmiş olaraq qalmaqdadır. İddiaçı nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) Cavabdeh (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, FM 1207/2021 saylı malların alqı-satqı müqaviləsinə əsasən, satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayıln Əlavələrdə və ya hesab faktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə və qiymətdə Alıcıya satmağı, Alıcı isə müəyyən edilmiş şərlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 3.5-ci bəndinə əsasən, alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd formasında hər 10 gündən bir, yəni ay ərzində 3 dəfə, lakin ayın 30-dan gec olmamaq şərti ilə yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. İşdə olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 71.381,13 manat məbləğində mal təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə 17.251,41 manat məbləğində ƏDV daxil borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borcun etirafı ərizəsindən görünür ki, Cavabdeh İddiaçındən aldığı məhsullara görə 17.251,41 manat məbləğində borcu yaranmışdır. Cavabdeh qeyd olunan borcu etiraf edərək borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan “X1 iştirak edilməməsi barədə” 19 iyul 2023-cü il tarixli arayışın surətindən görünür ki, Azgranata” MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin malları təhvil alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli (meyvə şirələri, spirtli içkilər) mallar verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə tam şəkildə əməl etməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, FM 1207/2021 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 17.251,41 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, məhkəmə müəyyən etdi ki, Cavabdeh xx.xx.2023-cü il tarixli borcun etirafı ərizəsinə əsasən İddiaçındən aldığı məhsullara görə 17.251,41 manat məbləğində borcunun yarandığını etiraf edərək borcu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddsəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, borcun etirafı haqqında ərizəyə görə borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürür. Ərizənin əsas məqsədi borcun etirafını təmin etməkdən ibarətdir. Borcun etirafı isə hüquqi əhəmiyyətə malik olan hərəkətdir. Bununla yanaşı, borcun etirafı haqqında müqavilə birtərəfli müqavilədir. Ona görə ki, borclu yalnız kreditorun borcun ödənilməsini tələb etmək hüququnu tanımaq vəzifəsini daşıyır. Kreditor isə ancaq borcludan onun borcun ödənilməsini tələb etmək hüququ vardır. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, FM 1207/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin 17.251 manat məbləğində borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Həmçinin, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirmədiyini, cavabdehə 17.251 manat borunun olmasını etiraf edərək iddia tələbini qəbul edmişdir. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 17.251 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 500 manat məbləğində pulun vəkilə ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən iddiaçının həmin tələbi əsassızdır. Buna görə də həmin tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17.251 manat məbləğində borc və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 17.451 (on yeddi min dörd yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar