Məhkəmə qərarları › İş №e-2-2(121)-192/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-192/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-192/2025 23.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Ağa-X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, X7, X5, X3 və X1 qarşı müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, X7, X5, X3 və X1 qarşı müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 saylı Distribüter Müqaviləsi üzrə 106452.54 manat məbləğində əsas borc, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan 5322.63 manat faizlər olmaqla, cəmi 111775.17 manat pulun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 401.78 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 106452.54 məbləğində əsas borc, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan 5322.63 manat faizlər olmaqla, cəmi 111775.17 manat pulun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 401.78 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş ünvan 2aşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********96-10301) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, Cavabdeh 04 yanvar 2021-ci il tarixli 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 3697.19 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 369.71 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4066.90 manat pul və 60.67 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 10 fevral 2021-ci il tarixdə 13/DİS-MS/21 saylı Distribüter Müqaviləsi və 04 yanvar 2021-ci il tarixdə 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 fevral 2021-ci il tarixində İddiaçı MMC, Cavabdeh və ipoteka qoyanlar X7, X5, X3, X2 arasında 3M/340 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilə üzrə öhdəliklərin təminatı qismində birgə mülkiyyət üzrə ipoteka qoyanlara məxsus Masallı rayonu, Xıl kəndi ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsi və ümumi sahəsi 253.7 kv.m olan fərdi yaşayış evi İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. Distribüter Müqaviləsinin 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və kredit vasitəsi ilə mal almaq hüququna malikdir. Həmin müqavilənin 7.4cü və 7.5-ci bəndlərinə əsasən, Distribüter Şirkətə bank qarantiyası təqdim edə bilmədiyi təqdirdə o, Şirkətin razılığı ilə daşınmaz əmlakı girov qoyaraq Şirkətdən mal ala bilər və kreditlə aldığı malın dəyərini 30 təqvim günü ərzində Şirkətin bank hesabına köçürməlidir. Müqavilədə “Şirkət” dedikdə İddiaçı, “Distribüter” dedikdə isə Cavabdeh nəzərdə tutulur. 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 saylı Distribüter Müqaviləsi və 04 yanvar 2021-ci il tarixli 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC bütün öhdəliklərini yerinə yetirsə də, Cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə İddiaçı MMC-nə zərər vurmuşdur. Belə ki, Cavabdeh10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 Distribüter Müqaviləsi üzrə 106452.54 manat və 04 yanvar 2021-ci il tarixli 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında Müqavilə üzrə 3697.19 manat, ümumilikdə 110149.73 manat İddiaçı MMC-nə borcu yaranmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır. Cavabdeh nəticə etibarilə iddiaçı ilə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə uzun müddət əməkdaşlıq etdiyini, iddiaçıdan ümumilikdə 500000 manat məbləğində mal aldığını bildirmişdir. İddiaçı nümayəndəsi Ağa-X10 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Masallı rayonu, Xıl kəndi ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli, 06/MS-AVTO/21 nömrəli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə”nin: 1.1-ci bəndinə əsasən, İcarəyə verən ona məxsus olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Nəqliyyat vasitələrinin təhvil-təslim aktı”nda göstərilən nəqliyyat vasitələrini icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin nəqliyyat vasitələrini öz müvəqqəti istifadəsinə qəbul etməyi, onları saz vəziyyətdə qoruyub saxlamağı və bu Nəqliyyat vasitələrinin təhvil-təslim aktında müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öz öhdəsinə götürür. 4.1.1-ci bəndinə əsasən, İcarəçi tərəfindən İcarəyə verənə hər ay nəqliyyat vasitələrinin icarəsinə görə nəqıliyyat vasitələrinin təhvil-təslim aktında göstərilən (razılaşdırılmış) məbləğdə aylıq icarə haqqı ödəməlidir. 4.1.2-ci bəndinə əsasən, icarə haqqı hər növbəti ayın 4-nə qədər Azərbaycan manatı ilə bank köçürməsi yolu ilə ödənilməlidir. 5.3-cü bəndinə əsasən, İcarəçi aylıq icarə haqqını bu müqavilənin 4.1.2-ci bəndində göstərilən vaxtda ödəmədiyi halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,1% qədər cərimə ödəyir. Cərimənin ümumi miqdarı icarə haqqının 10 faizini keçməməlidir. Cərimənin ödənilməsi İcarəçini icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. 6.1-ci bəndinə əsasən, bu müqavilə 1 (bir) il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. Müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qaldıqda müqavilənin ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi haqqında tərəflərin birinin digərinə yazılı bildirişi olmadıqda, o eyni şərtlərlə hər il 1 il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiq edilmiş 04 yanvar 2021-ci il tarixli, 06/MS- AVTO/21 nömrəli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında avtomobillərin Təhvil-Təslimi haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı (İcarəyəverən) 1 ədəd “İsuzu NPR66L Yük” markalı, 90JB565 dövlət qeydiyyat nömrəli və 1 ədəd “İsuzu NPR66P Yük” markalı, 90JB585 dövlət qeydiyyat nömrəli nəqıliyyat vasitələri işlək və istifadəyə yararlı vəziyyətdə, hər biri aylıq 380 manat icarə haqqı ilə Cavabdeh (İcarəçi) təhvil verir, Cavabdeh isə öz növbəsində həmin avtomobilləri qəbul edib, saz vəziyyətdə qoruyub saxlamağı və “Akt”da müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı (Şirkət) ilə Cavabdeh (Distribüter) arasında bağlanan xx.xx.2021-ci il tarixli, 13\DİS-MS\21 nömrəli “Distribüter müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Distribüter Şirkət tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda Şirkətə məxsus məhsulların, Şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Şirkət tapşırır, Distribüter isə irəlidə “Məhsul” adlanacaq içəcək və qida məhsullarının Azərbaycan Respublikasının bu müqavilənin 1.1 bəndində qeyd olunmuş regionlarında satışını həyata keçirməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, göndərilən malların adı, miqdarı, çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokolunda göstərilir. Bu müqavilə əsasında göndərilən malların siyahısı və qiymətləri yalnız Şirkət tərəfindən dəyişdirilə bilər. 2.1.1-ci bəndinə əsasən, Şirkət Distribüterə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən aylıq və rüblük 3 ay aylara bölnmüş satış hədəf planları müəyyən edir. Şirkət zərurət yarandıqda satış hədəf planlarını istədiyi vaxt dəyişmək hüququna malikdir. 2.1.2-ci bəndinə əsasən, Şirkət malların bazarda satış qiymətlərini Distribüterə tövsiyyə edir. 2.1.3-cü bəndinə əsasən, Şirkət Distribüterin təsərrüfat fəaliyyətinə müdaxilə etməmək şərti ilə istənilən vaxt Distribüter tərəfindən hazırki müqavilə ilə üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq hüququna malikdir. 2.1.6-cı bəndinə əsasən, Şirkət Distribüterin satış qiymətlərini və kredit limitini müəyyən etmək və dəyişdirilmək hüququnu özündə saxlayır. 3.1.1-ci və 3.1.2-ci bəndlərinə əsasən, Distribüter Şirkətdən aldığı malları üçüncü şəxslərə realizə etmək, malları üçüncü şəxslərə Şirkət tərəfindən tövsiyyə olunmuş qiymətlərlə satmaq hüququna malikdir. 3.2.1-ci bəndinə əsasən, Distribüter Şirkət tərəfindən ona hər ay aylıq satış hədəfləri protokolu ilə təyin olunmuş aylıq satış hədəflərinə çatmağı öhdəsinə götürür. 3.2.7-ci bəndinə əsasən, Distribüter malların müddətinin bitməsinə həm öz anbarında, həmçinin satış nöqtələrində daim nəzarət etməyi öhdəsinə götürür. Şirkət tərəfindən Distribüterin anbarında və ya satış nöqtələrində yoxlamalar aparılarkən vaxtı keçmiş Məhsullar aşkarlandıqda Distribüter vaxtı keçmiş malların ümumi dəyərinin 2 misli miqdarında cərimə olunacaqdır. 4.1-ci bəndinə əsasən, Distribüterin Şirkətə məxsus malların satışını həyata keçirmək üçün anbar şəraiti olmalıdır. 4.3-cü bəndinə əsasən, Distribüterin anbarı malların təhlükəsiz və keyfiyyətli saxlanmasını, eləcə də əməyin, sağlamalığın və ətraf mühitin qorunmasını, yanğından mühafizə üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir. 6.1-ci bəndinə əsasən, Distribüterin Şirkətin mallarının daşınması üçün istismara yararlı, yükdaşıma standartlarına uyğun yük avtomobilləri olmalıdır. 6.2-ci bəndinə əsasən, Distribüter satış strategiyasını yaxşılaşdırmaq məqsədi ilə Şirkətdən əlavə icarə müqaviləsi əsasında icarəyə yük satışını götürə bilər. 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. 7.2-ci bəndinə əsasən, Distribüter nağd şəkildə mal almaq istədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində aldığı malın 100% dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür. 7.3-cü bəndinə əsasən, Distribüter Şirkətlə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qaydada və şərtlər çərçivəsində Bank qarantiyası təqdim etməlidir. Bu halda Şirkət Distribüterə təqdim olunan bank qarantiya məbləğinin 1.5 mislində kreditə mal sata bilər. 7.4-cü bəndinə əsasən, Distribüter Şirkətə bank qarantiyası təqdim edə bilmədiyi təqdirdə, o, Şirkətin razılığı ilə daşınmaz əmlakını girov qoyaraq kreditə mal ala bilər. Bu halda Distribüter daşınmaz əmlakını müstəqil ekspert tərəfindən dəyərləndirməlidir və Şirkət Distribüterə girov qoyulan daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə Mal sata bilər. 7.5-ci bəndinə əsasən, Distribüter kreditlə alıdığı malın dəyərini 30 təqvim günü ərzində Şirkətin bank hesabına ödəməlidir (yanvar, fevral, noyabr və oktyabr ayları 40 təqvim günü olmaqla). 8.1-ci bəndinə əsasən, malların çatdırılması Distribüterin sifarişi əsasında partiyalar (ton, say və sair) ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş (məktub) şəkildə Şirkətin ünvanına göndərilir və sifarişi satış meneceri təsdiq etməlidir. Malların təhvil alınması tarixi mallar Şirkət tərəfindən Distribüterə məxsus Masallı şəhəri, Heydər Əliyev prospekti 07 ünvanında yerləşən anbarda təhvil verildiyi gün və malın Distribüter tərəfindən tərəfindən təhvil-təslim aktı əsasında təhvil alındığı andan mal üzərində mülkiyyət Distribüterə keçir. 14.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədə qalır. İş materiallarında olan İddiaçı (İpoteka saxlayan) ilə Cavabdeh, X7, X5, X3 və X2 (İpoteka qoyanlar) arasında bağlanan xx.xx.2021-ci il tarixli, 3M/340 nömrəli “İpoteka müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M\339 saylı distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir; 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri İpoteka qoyanın və İpoteka saxlayanın razılığına əsasən 97200 manat məbləğində müəyyən edilmişdir; 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranma əsası distribüter müqaviləsidir; 3.2-ci bəndinə əsasən, öhdəliyin ölçüsü (məbləği) 145800 manat 00 qəpik məbləğində sərinləşdirici alkaqolsuz və təbii şirə içkiləridir. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Masallı rayonu, Xıl kəndi ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsi və ümumi sahəsi 253.7 kv/m olan fərdi yaşayış evi ipoteka hüququ ilə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təhvil verilmiş malların ümumi dəyəri 106471,24 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə verilmiş avtomobillərin icarə haqqının ümumi məbləği xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 4319,59 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi ilə Cavabdeh arasında imzalanmış “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında Akt”dan görünür ki, tərəflər həmin aktı imzamaqla Cavabdeh mal alışı və yük avtomobillərinin icarəsinə görə İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixə ümumilkdə cəmi 184220,63 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli, 13\DİS-MS\21 nömrəli “Distribüter müqaviləsi” üzrə ümumi borc 106452,54 manat, 04 yanvar 2021-ci il tarixli, 06/MS-AVTO/21 nömrəli icarə müqaviləsi üzrə ümumi borc 3697,19 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli, 06/MS- AVTO/21 nömrəli icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli, 13\DİS-MS\21 nömrəli “Distribüter müqaviləsi”nə əsasən yaranmış 110149,73 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqdlər (icarə müqaviləsi, alqı-satqı və komissiya müqaviləsinin ünsürlərini əhatə edən qarışıq müqavilə, ipoteka müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçının istehsal etdiyi içəcək və qida məhsullarının, iddiaçı tərəfindən müəyyənləşdirilən qiymətə, şərtləşdirilən ərazidə cavabdeh tərəfindən və cavabdehin öz adından satışının təşkil edilməsi, malların üçüncü şəxslərə satışından əldə edilən vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Distribütorluq müqaviləsi” adlandırdıqları müqavilə ilə rəsmiləşdirmişlər. Bu zaman tərəflər əlavə olaraq cavabdeh tərəfindən həyata keçiriləcək satış hədəfinin müəyyən edilməsi, cavabdehin realizə edilməsi üçün iddiaçıdan götürəcəyi malın ümumi məbləğinə limit tətbiq edilməsi barədə razılığa gəlmişlər. Həmçinin, tərəflər “Distribütorluq müqaviləsi” adlandırdıqları müqavilədə cavabdehin iddiaçıdan nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malik olmasını da müəyyən etmişlər. Tərəflər həmçinin aralarında olan ticarət münasibətləri çərçivəsində iddiaçı tərəfindən onun istifadəsində olan yük avtomobillərinin cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü avtomobillərdən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair razılığa gələrək, həmin razılığı “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq olaraq malları cavabdehə təhvil verdiyini və icarə obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını və aldığı malların dəyərini tam ödəmədiyini iddia edir. Cavabdeh isə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirsə də, öz etirazının əsası kimi hər hansı bir dəlilə istinad etməmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə iddiaçı və cavabdeh arasında alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini əhatə edən, müqavilə tərəflərinin adlandırdıqları kimi “Distribüterlik müqaviləsi”ndən və həmin müqavilə üzrə distribütorun (işdə cavabdehin) öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə yenə həmin tərəflər və digər paylı mülkiyyətçilər arasında bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin öhdəliklərin müvafiq olaraq məzmunları belədir ki, Cavabdeh İddiaçı MMC-nə məxsus məhsulları nisyə qaydada alaraq, İddiaçı MMC tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda şirkətin müəyyənləşdirdiyi qiymətlər, qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyin icrasının təmini məqsədi ilə ipoteka qoyanlar Cavabdeh və digər cavabdehlər paylı mülkiyyət hüququ ilə onlara məxsus olan əmlaklarını ipoteka saxlayan İddiaçı MMC qarşısında ipoteka ilə yüklü etmişlər. İpoteka müqaviləsində təminat verilən əsas öhdəliyin ölçüsü 145800 manat, ipoteka predmetinin dəyəri isə 97200 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, yenə tərəflər arasında nəqliyyat vasitəsinin müddətli və əvəzli istifadəyə verilməsinə dair razılığı ehtiva edən icarə müqaviləsindən irəli gələn əlavə öhdəlik münasibəti də mövcud olmuşdur. Məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış “Distribüterlik müqaviləsi” üzrə yaranmış münasibətin xarakterinin müəyyən edilməsini və həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, həmin müqavilə alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini özündə cəmləmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş hallarından, tərəflər arasında təşəkkül tapmış münasibətlərin xarakterinə və hüquqi mahiyyətinə görə daha çox alqı-satqıya dair münasibətləri ehtiva etdiyi müəyyən olunduğu üçün, “Distribüterlik müqaviləsi” üzrə mübahisə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normaları tətbiq edilməklə həll edilməlidir. Belə ki, müqavilə şərtlərinə və işin müəyyən edilmiş faktiki hallarına görə, cavabdehin iddiaçıdan təhvil aldığı malları öz mülkiyyətinə qəbul etməyi və sonra həmin malları üçüncü şəxslərə realizə etməyi öhdəsinə götürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, “Distribüterlik müqaviləsi” üzrə pul tələbinə dair iddia tələbinin maddi hüquqi əsasını alqısatqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, adı çəkilən müqavilə üzrə işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, tərəflər arasında nəqliyyat vasitələrinin müddətli və əvəzli istifadəyə verilməsinə dair münasibətlərdən irəli gələn iddia tələbinin maddi hüquqi əsasını isə icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilənin, həmin müqavilə üzrə öhdəliklərin təminatı məqsədi ilə ipoteka müqaviləsinin və yük avtomobillərinin əvəzli istifadəyə verilməsinə dair icarə müqaviləsinin bağlandığı, həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı, qarışıq müqavilə və icarə müqaviləsi üzrə cavabdehin mal alışı və yük avtomobillərinin icarəsinə görə iddiaçıya xx.xx.2022-ci il tarixə ümumilkdə cəmi 184220,63 manat məbləğində borcunun olduğu (üzləşmə aktına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması zamanı və ondan əvvəl də cavabdeh tərəflər arasında imzalanmış üzləşmə aktını mübahisələndirməmiş, həmin aktın etibarsızlığına dair tələb irəli sürməmişdir. Buna görə də, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il tarixinə iddiaçıya 184220,63 manat məbləğində borcunun olmasını xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən mübahisələndirilməmiş üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 184220,63 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin və icarə haqqının tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 106452,54 manat, icarə haqqı olaraq 3697,19 manat məbləğlərində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etməyərək aldığı malların qiymətini və icarə haqqını tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı və icarə müqavilələrinin şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğlərinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, öz etirazının əsası kimi hər hansı bir hala istinad etməmişdir, etirazını əsaslandıra bilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı qarışıq (alqı-satqı) müqavilə üzrə öhdəliyini icra edərək malları cavabdehin mülkiyyətinə vermişdir, həmçinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək icarə obyekti olan avtomobilləri cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh malları və avtomobilləri təhvil alsa da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək malların dəyərini və icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş malların dəyərinin və icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş alqısatqı və icarə müqavilələri üzrə alıcının və icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrdən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə həmin müqavilələr üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi ödənilməmiş malların dəyərinin və icarə haqqının tutulmasına münasibətdə tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin distribütor müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 5322,63 manat pulun cavabdehdən tutulması hissəsində əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, gecikdirmə faizinin tutulmasına dair iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MMnin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin lazımi şəkildə icra edilməməsi səbəbi ilə gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbini icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəlikərin pozulması ilə əlaqədar cərimənin tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə görə, icarəçi müqavilə üzrə öhdəliklərin pozuntusuna yol verdiyi təqdirdə icarəyə verənə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən icarə haqqının ödənilməsini gecikdirildiyi müəyyən edildiyinə görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır. Məhkəmə, iddianın “tutmanın ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin borcun tutulmasına yönəldilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh, X7, X5, X3 və X2 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş distiribütorluq müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan əmlakın mövcud bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə baxmayaraq, cavabdeh öz hərəkətləri ilə ekspertizanın keçirilməsinə mane olmuşdur. Buna görə də, ekspert tərəfindən qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır. Belə olan halda, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən şərtləşdirilmiş məbləğdə müəyyən edilməsini məhkəmə məqbul hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 97200 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən borc ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin oluduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 462,45 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 nömrəli distribüter müqaviləsi üzrə 106452,54 manat məbləğində əsas borc, 5322,63 manat məbləğində faiz borcu və ödənilmiş 401,78 manat məbləğində dövlət rüsumu və 04 yanvar 2021-ci il tarixli 06/MS- AVTO/21 nömrəli icarə müqaviləsi üzrə 3697,19 manat məbləğində əsas borc, 369,71 manat məbləğində cərimə borcu və ödənilmiş 60,67 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 116304,52 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 nömrəli distribüter müqaviləsinə əsasən yaranmış borc üzrə tələb ipoteka predmeti olan ünvan 2aşınmaz əmlaka yönəldilsin. ünvan 2aşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********96-10301) ilkin satış qiyməti 97200 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərracdan satılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar