Məhkəmə qərarları › İş №e-2-2(121)-1921/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1921/2024

23.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1921/2024 23.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 1 saylı X4 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin X2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1i ünvanında yerləşən dövlət mülkiyyətində olan, 1 saylı X4 yerləşdiyi torpaq sahəsinin 1373.3 kv.m və 58 kv.m hissəsinin X2 tərəfindən qanunsuz olaraq zəbt edildiyi aşkar olunmuşdur. 1 saylı X4 əmlakı Dövlət Əmlak Komitəsi ilə Fabrikin əmək kollektivi arasında bağlanılmış xx.xx.1999-ci il tarixli, 12929 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən özəlləşdirilmiş və onlara qeyd edilən əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1999-cu il tarixli, 12387 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Lakin fabrikin yerləşdiyi, xx.xx.1998-ci il tarixli texniki pasporta əsasən sahəsi 32 823,8 kv.m (hazırda faktiki 27 650,4 kv. m) olan torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. X2 hər hansı hüquqmüəyyənedici sənəd olmadan, dövlətin mülkiyyət hüququ pozulmaqla 1 saylı X4 istifadəsində olan torpaq sahəsinin 1373.3 kv.m və 58 kv.m hissələrini qanunsuz olaraq zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahələri 1 saylı X4 texniki pasportunda göstərilmiş hüdudlar daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, yuxarıda qeyd edilən torpaq sahələrini zəbt etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-2113-2023 nömrəli bildiriş göndərilərək torpaq sahəsinin 3 gün ərzində boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi tələb olunsa da, cavabdeh tərəfindən torpaq sahəsi boşaldılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 3.0.46-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1921/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-129/2024 nömrəli qərardadı ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-1921/2024 nömrəli qərardadının ləğv edilməsi və yenidən araşdırılması üçün iş materiallarının Şirvan Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsaslandırılması olaraq qeyd etmişdir ki, hazırkı tələb üzrə dövlət orqanı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 tərəfindən Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı X4 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Beləcə, hazırkı tələb əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi barədədir. Burada mübahisənin (hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi halı mövcud deyildir. Bu mənada hazırkı münasibət kommersiya xarakterli deyildir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, hazırkı mübahisə publik xarakter daşımır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi baxılmasının mümkün olmaması əsası ilə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Bununla yanaşı, qeyd edilməlidir ki, MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarında qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-ci maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrində baxılmalı olmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 152, 263, 264, 267-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar