Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1983/2022 23.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı 2019-cu il 01 iyun tarixli 09/00024115 nömrəli operativ lizinq müqaviləsinə əsasən 750 manat borcun və 40 manat mediasiya xərcinin, cəmi 790 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 2019-cu il 01 iyun tarixli 09/00024115 nömrəli operativ lizinq müqaviləsinə əsasən 750 manat borcun və 40 manat mediasiya xərcinin, cəmi 790 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 09/00024115 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 1.500 manat öhdəlikdən 750 manat ödəniş edərək 750 manat borcu qalmışdır. Cavabdehin Cəmiyyətə hal-hazırda 750 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. İş materiallarında olan 2019-cu il 01 iyun tarixli 09/00024115 saylı lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki veziyyəti barədə aktdan görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin Neftçala rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İddiaçı ASC-nin Sabirabad RN-nin Neftçala rayon bölməsinin rəhbəri X1 tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 09/00024115 saylı müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 750 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 750 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 750 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə görə lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 26 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09/00024115 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 750 manat olan kənd təsərrüfatı texnikası üçün İddiaçı ASC-nin hesabına manat ödəniş etməmiş, müqavilə üzrə xx.xx.2022-ci il tarixə 750 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 750 manat hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 40 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 750 manat əsas borc və ödənilmiş ilkin mediasiya xərci olaraq 40 manat olmaqla, cəmi 790 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1983/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1983/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver