Məhkəmə qərarları › İş №e-2-2(121)-2067/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2067/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2067/2024 18.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd Cooler SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 2000 (iki min) ABŞ dolları(alınan gündə manata olan məzənnəsi ilə), 120 manat vəkil xidmət haqqı və 54 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 1000 ABŞ dolları olan 1 ədəd Cooler SDVC markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdeh X3 əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunuun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdeh X3 müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq cavabdeh X3 pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər cavabdeh X3 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2067/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə baxış iclası təyin edilmiş, baxış iclasının tarixi xx.xx.2024-cü il saat 11:10 kimi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2067/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2067/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbi barəsində iddiasına dair iş üzrə şifahi icraat qaydasında məhkəmə baxış iclası 18 dekabr 2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" MMC-yə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən ona soyuducu təhvil verilmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 1000 ABŞ dolları olan 1 ədəd Cooler SDVC markalı soyuducunun cavabdeh X2 əvəzsiz istifadəyə verildiyi qeyd olunsa da, məhkəmə iclasında iştirak edən cavabdeh X1 ona təhvil verilmədiyini, ümumiyyətlə iddiaçı şirkətlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, sözügedən soyuducunun cavabdehə təhvil verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, işdə olan İddiaçı MMC ilə cavabdeh X3 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 24677 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 2.1.2-ci bəndinə görə, soyuducunu istifadəyə yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə Əlavə № 1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil vermək iddiaçının vəzifəsi kimi müəyyən olunmuşdur. İşdə olan Əlavə № 1 adlı sənəd isə məzmun etibarı ilə boş olmaqla özündə soyuducunun cavabdehə təhvil verilməsinə dair məlumatı əks etdirmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. Buna görə də, iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin İddiaçı işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 105 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ekspertiza tədqiqatının dəyəri olaraq 105 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 105 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 54 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar