Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-207/2024 04.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi ilə, İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı qeyriyaşayış sahəsindən çıxarılma və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı qeyriyaşayış sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 kəndinin ərazisində yerləşən və “X2 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyriyaşayış binasından və istifadəsində olan torpaq sahəsindən Cavabdeh və digər şəxslərin çıxarılması, Cavabdeh və digər şəxslərin “X2 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, giriş-çıxış yollarının cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi, “X2 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasının Cavabdeh öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1995-ci il tarixdən ünvan 1 kəndinin ərazisində yerləşən 0,4766 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək məqsədi ilə ümumi sahəsi 86 kv. metrdən ibarət qeyri-yaşayış binası inşa edib müəyyən müddət ərzində həmin qeyri-yaşayış binasında fəaliyyət göstərmişdir. Sonradan qeyri-yaşayış binasında fəaliyyətini dayandırmış və qeyri-yaşayış binası müəyyən müddət ərzində istifadəsiz qalmşdır. Ailələrində yaranmış ciddi problem səbəbindən bir müddət kənddə yaşamamalarından istifadə edən ona məxsus qeyri-yaşayış binasının qonşuluğunda fəaliyyət göstərən kafenin sahibi Cavabdeh ona aid əmlakı mənimsəmiş və qanunsuz olaraq zəbt edərək istifadə etməkdə davam edir. Cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, qarşılıqlı şikayətlər araşdırılmış, müxtəlif inzibati qərarlar qəbul edilmiş, buna baxmayaraq cavabdeh zəbt etdiyi qeyri-yaşayış binasından çıxmaq istəmir, qanunsuz olaraq faydalanaraq hər dəfə onlarla mübahisə edir. Cavabdehin qanunsuz əməlləri nəticəsində sahədə faəliyyət göstərmək olmur, icarə və istifadə mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən qanunsuz zəbt olunan qeyri-yaşayış binası 1995-ci il tarixli “X2 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixdə buna dair çıxarış verilmişdir. Cavabdeh isə xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasının qanunsuz zəbt edərək onların mənafeyinə zidd hərəkətlər edərək, hüquqlarını pozur. Bununla əlaqədar Kürdəmir Rayon Məhkəməsinə müraciət edilmiş, pandemiya və ekpertizaların gec cavab verilməsi səbəbindən uzun müddət sonra Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh iddiaçı “X2Təsərrüfatı” MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən 0.0104 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.0 kv.metrdən ibarət qeyri yaşayış binasından əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və əmlakdan istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-531/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ləğv olunmuş və mülki işə məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh özü də hazırda qeyd edilən qeyri-yaşayış sahəsində heş bir fəaliyyəti yoxdur, hətta VÖEN-ə əsasən sahibkarlıq fəaliyyəti uzun illərdir dayandırılmışdır, özü isə müxtəlif vaxtlarda Rusiya Federasiyasında işləyir. Buna baxmayaraq burdakı nümayəndələri vasitəsi ilə iddiaçıya məqsədli, qərəzli və süni olaraq ziyan vurmaqda davam edir. Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizələri ilə məhkəməyə müraciət edərək, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə saxta yollarla mülkiyyət hüququna dair sənəd aldığını, iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq iclasın onun işitrakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2019-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2013-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestirindən çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən sahəsi 86.0 kv.metr olan qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışla mülkiyyət hüququ ilə “X2 Təsərrüfatı” MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan “X2 Təsərrüfatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, zəbt olunmuş daşınmaz əmlakdan çıxaraq 3 gün müddətində torpaq sahəsinin “X2 Təsərrüfatı” MMC-yə qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və torpaq sahəsindən uzun müddət qanunsuz istifadə edildiyinə görə vurulmuş maddi ziyan, əldən çıxmış fayda və çəkilən bütün xərclərin tələb ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı “X2 Təsərrüfatı” MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Beləliklə işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı ünvan 1 kəndində yerləşən sahəsi 86.0 kv.metr olan qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edərək, həmin qeyri-yaşayış binasının cavabdehin qanunsuz sahibliyindən geri alınmasını və həmin qeyri-yaşayış binasının cavabdehin vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsini tələb edir, cavabdeh isə sözügedən qeyri-yaşayış binasının faktiki olaraq onun istifadəsində olduğunu etiraf etməklə yanaşı, iddiaçının həmin binaya dair saxta yollarla mülkiyyət hüququ əldə etdiyini, qeyri-yaşayış binasının ona məxsus olduğunu iddia edir. Məhkəmə, tərəflərin öz tələblərinin əsası kimi istinad etdikləri halların təsdiqi məqsədi ilə gətirdikləri dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının tələbi mübahisəli daşınmaz əmlak üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun mövcudluğu faktı ilə birbaşa bağlıdır. Belə bir faktın mövcud olması isə iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən mübahisələndirilməsi müvafiq qeydiyyata alınmış həmin hüquqa iddiaçı tərəfindən istinad edilməsinin mötəbərliliyini aradan qaldırmır. Belə ki, əvvəla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Digər tərəfdən, iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli e-2-2(121)-207/2024 saylı qərardadından iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxılmasının nəticəsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-53/2024 nömrəli qərardadı ilə bu nəticəyə gəlinmişdir ki, Cavabdeh iddiaçı “X2 Təsərrüfatı" MMC-nə qarşı Şirvan İnzibati Məhkəməsində qaldırdığı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab olunaraq ləğv edilməsinə dair mübahisə üzrə iddiaçı Nemət Eyybovun inzibati məhkəmədə iddiasını əsaslandırdığı birinci hal, yəni mübahisəli qeyriyaşayış sahəsi və altındakı torpaq sahəsinin "X2 Təsərrüfatı" MMC-nin təsisçisi X1 tərəfindən aldadılaraq ona satılması mülki hüquqi əqdlərlə bağlı olmaqla inzibati məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. "X2 Təsərrüfatı" MMC-nə verilmiş qeyriyaşayış sahəsi yerləşən torpaq sahəsinin Kürdəmir rayon Mollakənd bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli iclasının qərarı ilə 99 il müddətinə ona verilmiş 0.35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı özlüyündə Cavabdeh iddiaçının adına mübahisəli torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyatın düzgünlüyünü mübahisələndirməyə əsas versə də, hazırki işin materiallarından torpaq sahələrinin üst-üstə düşməsi mötəbər sübutlarla təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlak üzərində iddiaçının dövlət qeydiyyatına alınmış hüquqlarını mübahisələndirmək üçün Cavabdeh müvafiq subyektiv hüquqa malik olub-olmamasına, olduğu halda iddianın uğurluluq ehtimalına yuxarı instansiya məhkəməsi tərəfindən artıq hüquqi qiymət verildiyinə görə, həmin əsasla iddiaçının mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunun şübhə altına alınması yolverilməzdir. Yuxarıda şərh olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli qeyri-yaşayış binasına dair hüquqla bağlı mübahisə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və həmin hüquqların müdafiəsinə dair mülki qanunvericiliyin müvafiq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İİ və İV hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respubılikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mülkiyyətçi olaraq mövcud qanunvericiliyin ona tanıdığı hüquqi imkanlardan istifadə və həmin hüquqlarına istinad edərək, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını başqa şəxsin qanunsuz sahibliyindən geri almaq, həmin əmlakdan istifadəyə, həmin əmlaka faktiki sahibliyə istənilən üçüncü şəxs tərəfindən yaradılmış maneələrdən qorunmaq hüququna və həmin hüququnu məhkəmə müdafiəsi hüququndan istifadə edərək realizə etməklə bağlı subyektiv hüquqa malikdir. Buna görə də, iddia tələbi cavabdehin mübahisəli əmlakdan çıxarılması hissəsində əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cavabdehin və digər şəxslərin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, giriş-çıxış yollarının cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının cavabdehin öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi hissələrinə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla cavabdehin qanunsuz sahiblik etdiyi əmlakdan çıxarılması həm də, həmin əmlakdan və onunla bağlı olan torpaq sahəsindən cavabdehin və qeyri-məhdud dairədə digər şəxslərin də istifadəyə maneə yaratmalarının qadağan edilməsini ehtiva edir. Digər tərəfdən iddiaçı əmlakın bərpa edilməsini tələb etsə də, əmlakın əvvəlki (cavabdehin qanunsuz sahibliyindən əvvəl) vəziyyətinə və qanunsuz sahiblik zamanı gətirilmiş sonrakı vəziyyət barədə hər hansı bir sübutu məhkəmə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan ünvan 1 kəndinin ərazisində yerləşən ümumi sahəsi 86,0 kv.metr olan qeyri-yaşayış binasından və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,0104 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-207/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-207/2024
04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver