Məhkəmə qərarları › İş №e-2-2(121)-2129/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2129/2025

03.06.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2129/2025 03.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********0796 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli, BHS2471 saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 94311891 (CİPU 5182097) nömrə nişanlı dəmir yol nəqliyyatı vasitəsi ilə idxal olunmuş “KİA” əmtəə nişanlıavtomobilehtiyat hissələrinin kontrafakt hesab edilməsi, cavabdeh tərəfindən iddiaçı KİA Motors Corporation şirkətinə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, “KİA” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tərəfindən elektron qaydada məhkəməyə göndərilmiş iddia ərizəsi “cavabdeh tərəfindən iddiaçı KİA Motors Corporation şirkətinə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” hissələrində qeyri-müəyyəndir. İddiaçı “vurulmuş maddi ziyanın və əldən çıxmış fayda”nın məbləğini göstərməmişdir. Halbuki iddia tələbi dəqiq olmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçıya dəymiş maddi ziyanın və əldən çıxmış faydanın məbləği iddia ərizəsində dəqiq göstərilmədiyi üçün iddianın qiyməti nəzərə alınmaqla dövlət rüsumunun məbləğini düzgün müəyyən etmək mümkün olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmə hesab ki, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəsə də, iddia ərizəsi “vurulmuş maddi ziyanın və əldən çıxmış fayda”nın ödənilməsi hissələrdə qiymətləndirilən iddia olduğundan və iddiaçı dövlət rüsumu ödəyərkən iddianın həmin hissələrini nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Şirkəti MMC-nin nümayəndəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" Şirkəti MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" Şirkəti MMC-nin nümayəndəsi Nümayəndə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar