Məhkəmə qərarları › İş №e-2-2(121)-2264/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2264/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2264/2023 13.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin 11 saylı Regional “Mətbuatyayımı” İdarəsinə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-nin 11 saylı Regional “Mətbuatyayımı” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 203,91 manat məbləğində borcun, ödənilmiş 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İddiaçı MMC) ilə Ağcabədi şəhəri, H.Əliyev prospekti 117 ünvanında qeydiyyatda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı Regional Mətbuatyayımı İdarəsinin Zərdab filialı arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilə imzalanmışdır. Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı Regional Mətbuatyayımı İdarəsinin Zərdab filialının İddiaçı MMC ilə bağladığı xidmət müqaviləsinə əsasən, rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ********* saylı telefonun üzərində xx.xx.2022-ci il tarixə abunə haqqına görə 116,49 manat, şəhərlərarası və beynəlxalq danışıqlara görə 87,42 manat olmaqla, ümumilikdə 203,91 manat məbləğində rabitə borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə, xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2264/2023 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2023-cü tarixində cavabdeh "xxxx" ASC-nin 11 saylı Regional “Mətbuatyayımı” İdarəsinə poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmişi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC-nin 11 saylı Regional “Mətbuatyayımı” İdarəsi ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-Cİ il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və hüquqi ünvanı AZ0400, ünvan 2 olan İddiaçı MMC-nin Aran Regional filialının Zərdab şöbəsi ilə "xxxx" ASC-nin 11 saylı Regional “Mətbuatyayımı” İdarəsinin 11 saylı Zərdab filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 aprel 2020-ci il tarixli, 003569 nömrəli “Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” və “Abunəçi” arasında müqavilə”nin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilə “Telekommunikasiya operatoru” və “Abunəçi” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Abunəçiyə müqavilədə göstərilən qaydada seçdiyi telekommunikasiya xidmətlərinin göstərilməsi və Abunəçi tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətəri tənzimləyir; 3.1-ci bəndinə əsasən, xidmət haqları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi tariflərə və “Telekommunikasiya operatoru”nun müəyyən etdiyi və internet saytında, eləcə də xidmət mərkəzlərində açıq nümayiş olunan xidmətlərin tarif cədvəlinə uyğun qaydada hesablanır və ödənilir; 3.3-cü bəndinə əsasən, Abunəçi tərəfindən istifadə edilmiş xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilir; 3.4-cü bəndinə əsasən, telefon rabitəsi, multimediya və internet xidmətlərindən istifadəyə görə aylıq abunə haqqı cari ayın 05-dək ödənilir. Cari ay ərzində istifadə edilən xidmətlərin haqqı isə növbəti ayın 05-dək ödənilir; 4.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. İş materiallarında olan “maliyyə arayışı”nda olan məlumata əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı Regional Mətbuatyayımı İdarəsinin Zərdab filialının istifadəsində olmuş ********* saylı telefonla ona göstərilən rabitə xidmətlərinə görə ARF-nin Zərdab şöbəsinə xx.xx.2022-ci il tarixə 116,49 manat abunə haqqı, 87,42 manat Şad haqqı olmaqla, cəmi 203,91 manat borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubla İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı Regional Mətbuatyayımı İdarəsinin Zərdab filialı arasında bağlanmış müqaviləyə əsasən, 203,91 manat məbləğində olan borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda hesablanmış müvafiq borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı Regional Mətbuatyayımı İdarəsinin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 20 manat vəsait ödəmişdir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı müqavilədə göstərilən qaydada cavabdehin seçdiyi telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə həmin xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra edərək müvafiq xidmətləri göstərməsinə baxmayaraq, cavabdehin abunə haqqına görə 116,49 manat, şəhərlərarası və beynəlxalq danışıqlara görə 87,42 manat olmaqla, ümumilikdə 203,91 manat məbləğində rabitə borcunun yarandığını, edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilmədiyini iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, maliyyə arayışına, eləcə də cavabdehə həm pretenziya qaydasında, həm də mediasiyaya dəvət qaydasında tələb irəli sürməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən yayınması halına istinad edir. Məhkəmə qeyd edir ki, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, maliyyə arayışını, cavabdehə ünvanlanmış pretenziya və mediasiyaya dəvət məktublarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən abunə haqqı, şəhərlərarası və beynəlxalq danışıqlara görə ümumilikdə 203,91 manat məbləğində borcunun olması öz təsdiqini tapır. Tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 203,91 manat məbləğində borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə müvafiq xidmətləri göstərimişdir, lakin cavabdeh həmn xidmətlərin dəyərini ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası haqlı və qanunidir. Belə ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən sahəvi normativ akt olan “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 34.2.1 və 34.2.4-cü maddələrinə əsasən, abunəçilər qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək, operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlıvaxtında ödəmək vəzifələrinin daşıyıcılarıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə çıxış etməsinə əsas verən subyektiv hüququ aşağıda sadalanan maddi hüquq normalarının tələblərindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin iddianın 20 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, qanunla nəzərdə tutulmuş dövlət rüsumunun qalıq hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı ödədiyi 10 manat dövlət rüsumundan əlavə 20 manat (cəmi 30 manat) rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu qalığı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin 11 saylı Regional “Mətbuatyayımı” İdarəsindən 203,91 manat məbləğində borc məbləği, ödənilmiş 20 manat mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan dövlət rüsumunun 20 manat məbləğində qalıq hissəsi cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar