Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2297/2022 28.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı - 2019-cu il 18 aprel tarixli 09/000235111 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1.182 manat, 2019-cu il 18 aprel tarixli 09/000235113 nömrəli operativ lizinq müqaviləsinə əsasən 210 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi: 1.452 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 18 aprel tarixli 09/000235111 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktor, 2019-cu il 18 aprel tarixli 09/000235113 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AK-5-35 markalı kotan ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış 2019-cu il 18 aprel tarixli09/000235111 nömrəli müqaviləyə əsasən 1 332,00 (bir min üç yüz otuz iki) manat öhdəlikdən 150,00 (bir yüz əlli) manat ödəniş edərək 1 182,00 (bir min yüz səksən iki) manat borcu qalmışdır. 2019-cu il 18 aprel tarixli 09/000235113 nömrəli müqaviləyə əsasən 210,00 (iki yüz on) manat öhdəlikdən heç bir ödəniş edilməmişdir. Cavabdehin Cəmiyyətə hal-hazırda hər iki müqavilə üzrə cəmi 1 392,00 (bir min üç yüz doxsan iki) manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmədə olan hazırki işə dair münasibət bildirilməmiş və bununla bağlı məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 09/00023511 saylı lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Belarus-1221 markalı traktora dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Saatlı RB-nin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 09/00023511 saylı lizinq müqaviləsi üzrə qalıq borcu 1.182 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 09/00023513 saylı lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd AK-5-35 markalı 5 gövdəli asma (təkərli) kotana dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Saatlı RB-nin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 09/00023513 saylı lizinq müqaviləsi üzrə qalıq borcu 210 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilə(lər)yə əsasən ödəniş qrafiki üzrə 1.392 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİH-17903 nömrəli, 25 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ASC tam şəkildə ödəmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli, BD4 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09/00023513 saylı və xx.xx.2019-cu il tarixli, 09/00023511 saylı operativ lizinq müqavilələri bağlanılmış və tərəflərin müqavilələr üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilələr üzrə 1.392 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.392 manat borc və ödənilmiş ilkin mediasiya xərci olaraq 60 manat olmaqla, ümumilikdə 1.452 (bir min dörd yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2297/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2297/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver