Məhkəmə qərarları › İş №e-2-2(121)-2305/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2305/2023

17.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2305/2023 17.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı X3 cavabdeh X1 qarşı icarə müqavilələrinin ləğvi, icarə haqlarının hesablanaraq ödənilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı X5 cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin icarəyə götürülmüş Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3.51 ha torpaq sahələrindən və zəbt edilmiş 2,11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması, icarə müqavilələri üzrə ödənilməmiş icarə haqlarının cavabdehin həmin torpaq sahələrindən çıxarıldığı günədək hesablanması və bu ödənişin ödəniş gününə indeksasiya edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin icarəyə götürdüyü torpaq sahələrindəki məhv etdiyi meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 manat zərərin, cavabdehin zəbt etdiyi torpaq sahəsindəki ağaclardan meyvələrin toplanmasına görə vurduğu 20000 manat zərərin iddiaçıya ödənilməsi, iddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 manat və 120 manat dövlət rüsumunun və məhkəmənin gedişi ilə bağlı iddiaçıya yarana biləcək digər xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, aşağıdakı göstərilən pozuntulara yol verildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır:

1. İddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən elektron qaydada vergi ödəyicisi olan cavabdeh X1 (VÖEN: **********) çatdırılmasına dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

2. İddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, ərizəni imzalayan şəxs haqqında məlumatdan görünür ki, iddia ərizəsi nümayəndə və vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Lakin işdə olan orderin surətindən görünür ki, iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə ünvanlandığına və təqdim olunduğuna baxmayaraq, order X3 hüquqlarının Lənkəran Rayon Məhkəməsində müdafiəsi məqsədi ilə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-cu maddəsinə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1), fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi göndərici normadır və vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan qanun normalarına əsasən müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı, həmçinin iddia ərizəsini imzalamaq səlahiyyəti yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

3. İddia ərizəsində iddianın qiyməti (cavabdehdən tələb olunan icarə müqavilələri üzrə ödənilməmiş icarə haqlarının və məhkəmənin gedişi ilə bağlı iddiaçıya yarana biləcək digər xərclərin məbləği) göstərilməmişdir. Bu isə iddia tələbinin aydın olmaması ilə yanaşı, iddia ərizəsinin verilməsinə görə rüsumun miqdarının müəyyən edilməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən olunur. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı:

İddiaçı X3 X1 qarşı icarə müqavilələrinin ləğvi, icarə haqlarının hesablanaraq ödənilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar