Məhkəmə qərarları › İş №e-2-2(121)-2384/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2384/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2384/2022 24.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul məbləğinin tələbi barəsində kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı 09/00024505 nömrəli, xx.xx.2019-cu il tarixli operativ lizinq müqaviləsinə əsasən 5000 manat borcun və 60 manat mediasiya xərcinin, 10 manat dövlət rüsumunun, cəmi 5070 manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 09/00024505 nömrəli, xx.xx.2019-cu il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd KZS-575 JZK-4 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən 5000 manat öhdəlikdən heç bir ödəniş edilməmişdir. Cavabdehin hal-hazırda 5000 manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında 09/00024505 saylı xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən (1 ədəd KZS-575 JZK-4 markalı taxılyığan kombayn) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə 2 ay müddətinə istifadəyə verilmişdir. İşə əlavə olan F00024505 saylı, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akt 1-dən görünür ki, kənd təsərrüfatı texnikası (KZS-575 JZK-4 markalı taxılyığan kombayn) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan 8923 saylı, xx.xx.2019-cu il tarixli akt 2-dən görünür ki, Cavabdeh KZS-575 JZK-4 markalı taxılyığan kombaynı saz vəziyyətdə "xxxx" ASC-yə təhvil vermişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış 09/00024505 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5000 manat gecikdirilmiş borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/00024505 nömrəli müqavilə üzrə 5000 manat gecikdirilmiş borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq (istifadə etmək) hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini, o cümlədən cərimə(lər)ni ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, işə əlavə edilən sənədlərlə müəyyən edilmişdir ki, lizinq obyekti olan qeyd edilən kənd təsərrüfatı texnikası xx.xx.2019-cu il (20 gün sonra) tarixində cavabdeh tərəfindən "xxxx" ASC-yə təhvil vermişdir. Yəni, həmin tarixdən sonra hazırki iş üzrə cavabdeh qeyd edilən lizinq obyektindən istifadə etməmişdir. Kənd təsərrüfatı texnikasının təhvil verildiyi tarixə cavabdehin göstərilən müqaviləyə əsasən gecikdirilmiş borcu isə 1666,66 manat məbləğində təşkil etmişdir. Ona görə ki, müqavilədə kənd təsərrüfatı texnikasından istifadə müddəti 2 ay (bu müddət ərzində ödəniləcək məbləğ 5000 manat təşkil edir) göstərilsə də, cavabdeh qeyd edilən texnikadan 20 gün istifadə etmişdir. Belə olan halda istifadə edilmiş 20 günün borcu 1666,66 manat (belə ki, 5000 manat/60 gün * 20 gün = 1666,66 manat) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Göstərilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin göstərilən lizinq obyektindən yuxarıda qeyd edilən tarixdən sonra istifadə etmədiyi halda, iddiaçının 09/00024505 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə ondan 5000 manat məbləğində pul vəsaiti tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən müqavilə üzrə 1666,66 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə eyni zamanda iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, mediasiya xərcinin 25 manatı cavabdehə, 35 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 4 manatı cavabdehə, 6 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 4 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 09/00024505 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1666,66 manat məbləğində pul vəsaiti, 25 manat məbləğində mediasiya xərci, 4 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar