Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2400/2022 31.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 1.002,88 manat borc məbləği və 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, cəmi 1.062,88 manatın tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1.002,88 manat borc məbləği və 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, cəmi 1.062,88 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, 07 yanvar 2019-cu il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 1108 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor Dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. X1 aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 noyabr 2020-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 oktyabr 2020-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 1.253,65 manat məbləğindədir. Həmçinin müvafiq aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2022-ci il tarixli, 1458 saylı maliyyə arayışına əsasən borclu şəxs 250,77 manat məbləğində sonuncu ödəniş etdikdən sonra İddiaçı QSC-ə olan borcu 1.002,88 manat təşkil edir Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 yanvar 2019-cu il tarixli, 1108 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmalıdır. İş materiallarında olan 01 noyabr 2020-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 oktyabr 2020-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 1.253,65 manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 yanvar 2019-cu il tarixli, 1108 saylı diler müqaviləsinə əsasən borcu yaranmışdır. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, yaranmış borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da, malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 1.002,88 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia borca münasibətdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.002,88 manat borc məbləği və 60 manat mediasiya xərci olmaqla ümumilikdə 1.062,88 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2400/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2400/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver