Məhkəmə qərarları › İş №e-2-2(121)-2407/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2407/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2407/2025 22.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 85.225 manat məbləğində borcun və ödənilmiş 345,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DT070323 №-li distribyutorla xidmət müqaviləsi bağlanmışdır. Adıçəkilən müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, yəni iddiaçı istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən distribyutor sifarişlərin lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəməyi öz üzərinə vəzifə olaraq qoyulmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış (təhvil verilmiş) malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər malın çatdırıldığı gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir. Bundan başqa cavabdeh ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli, MB070323 saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DT070323 №-li distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99.900 manat məbləğində ümumi borcu yaranmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5.550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir. Göründüyü kimi sadalanan müqavilələr ilə cavabdehin üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Lakin həmin öhdəliklər bu günə kimi cavabdeh tərəfindən icra edilməmişdir. Yəni cavabdeh tərəfindən almış mallar üzrə iddiaçıya hər hansı pul ödənişi edilməmişdir. Yuxarıda qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən pretenziya məktubuna heç bir cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, DT070323 №-li distribyutorla xidmət müqaviləsi və xx.xx.2023-cü il tarixli, MB070323 saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə üzrə yaranmış 85.225 manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli DT070323 saylı “Distribyutorla xidmət müqaviləsi” bağlanmışdır. İş materiallarına əlavə olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqaviləyə əsasən, borclu tələbkar qarşısında 85.225 manat məbləğində borcun yarandığını tam etiraf edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına cavabdehin nümayəndəsi tərəfindən çoxsaylı ödəniş qəbzləri əlavə edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqdlər (alqı-satqı və kommersiya konsessiyası müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilə) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında əldə olunmuş razılığa əsasən iddiaçı istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribütora çatdırılmasını (təhvil verilməsini) öz üzərinə götürür. Distribütor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Bundan başqa, tərəflər müqavilədə nəzərdə tutmuşlar ki, mal(lar)ın miqdarı, çeşidi individual sifarişlər əsasında həyata keçirilir. Satışlar satıcı tərəfindən müəyyən edilmiş vahid qiymətlər üzrə aparılır. Qiymətlər haqqında məlumat dəyişikliyi baş verdikdə bu haqda satıcı distribütoru öncədən məlumatlandırır. Həmin razılığı tərəflər “Distribyutorla xidmət müqaviləsi” adlandırdıqları müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq olaraq malları cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək aldığı malların dəyərini tam şəkildə ödəmədiyini iddia edir. Cavabdeh isə iddianı qəbul etmədiyini, müqavilənin etibarsız olmasını bildirir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə iddiaçı və cavabdeh arasında alqı-satqı və kommersiya konsessiyası müqavilələrinin ünsürlərini əhatə edən, müqavilə tərəflərinin adlandırdıqları kimi “Distribyutorla xidmət müqaviləsi”ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış “Distribyutorla xidmət müqaviləsi” üzrə yaranmış münasibətin xarakterinin və həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının müəyyən edilməsini zəruri sayaraq ilk növbədə qeyd edir ki, həmin müqavilə alqı-satqı və kommersiya konsessiyası müqavilələrinin ünsürlərini özündə cəmləmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş hallarına, tərəflər arasında təşəkkül tapmış münasibətlərin xarakterinə və hüquqi mahiyyətinə görə daha çox alqı-satqıya dair münasibətləri ehtiva etdiyi müəyyən olunduğu üçün “Distribyutorla xidmət müqaviləsi” üzrə mübahisə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normaları tətbiq edilməklə həll edilməlidir. Belə ki, müqavilə şərtlərinə və işin müəyyən edilmiş faktiki hallarına görə, cavabdehin iddiaçıdan təhvil aldığı malları öz mülkiyyətinə qəbul etməyi və sonra həmin malları üçüncü şəxslərə realizə etməyi öhdəsinə götürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Göstərilən Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, “Distribyutorla xidmət müqaviləsi” üzrə pul tələbinə dair iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, adı çəkilən müqavilə üzrə işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı və kommersiya konsensiyası müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, qarışıq müqavilə üzrə cavabdehin mal alışına görə iddiaçıya cəmi 85.225 manat məbləğində borcunun olduğu işin mübahisəsiz hallarını təşkil edir. Göründüyü kimi, “Distribyutorla xidmət müqaviləsi” mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının və ləğvinin əsasları müəyyən olunmadı. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Məhkəmə qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması zamanı və ondan əvvəl də cavabdeh tərəflər arasında imzalanmış “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarsızlığına dair tələb irəli sürməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin gətirdiyi dəlillərə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqavilədə cavabdehin borcunun 85.225 manat məbləğində olması göstərilmişdir. Buna görə də, tərəflər arasında imzalanmış “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqavilədə göstərilən borc məbləği (85.225 manat) iş üzrə sübuta yetirilmiş fakt kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Qeyd edilən Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi cavabdeh iddiaçıya 85.225 manat məbləğində borcunun olmasını “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqavilə ilə etiraf etmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqavilə ilə müəyyən edilmiş hal, yəni cavabdehin iddiaçıya 85.225 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı qarışıq (alqı-satqı) müqavilə üzrə öhdəliyini icra edərək malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək malların dəyərini tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş malların dəyərinin cavabdehdən tutulması tələbinə dair iddiası mahiyyət etibarı ilə qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş alqısatqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə həmin müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi n təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 345,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 85.225 manat məbləğində borc və 345,68 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar