Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2421/2025 30.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 287.46 AZN məbləğində borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsinə dair qətnəmə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, ekassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixli NBA16002 saylı müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır. Həmin tarixdə Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə kassa aparatının qeydiyyatı xidmətinə görə 70,80 AZN (ƏDV daxil), kassaya göstərilən aylıq texniki xidmətə görə 216,66 AZN (ƏDV daxil) olmaqla, ümumilikdə 287,46 AZN (ƏDV daxil) məbləğində xidmətlər göstərilmişdir. Bu məbləğ hazırki tarixədək Cavabdeh tərəfindən İddiaçıya ödənməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İş materiallarında olan Cavabdeh MMC (“Sifarişçi”) və İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış xx.xx.2023-ci il tarixli, NBA-16002 nömrəli xidmət müqaviləsinin: -1.1-ci bəndinə əsasən İcraçı onlayn kassa qeydiyyatı, quraşdırılması uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət gösrərilməsi, onlayn kassa yenidən istismara verdiyi ana qədər müvəqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən servis xidməti üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin ödənişi elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində pul vəsatətin icrasının hesablaşma hesabına köçrülməsini həyata keçirir. -3.1.1-ci bəndinə əsasən Sifarişçi onlayn kassanı Dövlət Reyestrına daxil edilmiş standart proqram kassasına nisbətdə dəyişdirməməlidir. -3.1.2-ci bəndinə əsasən unikal idəntifikatoru olan çekin kağız daşıyıcısına çap olunmasının mümkün olmadığı və proqram kassası zədəli olduğu halda (sıradan çıxdığı halda) proqram kassasını istifadə etməməlidir. 4.3-cü bəndinə əsasən Müqavilənin müddəti bitənədək tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı məlumat vermədikdə müqavilənin müddəti hər dəfə bağlndığı müddət qədər uzadılır.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, NBA-16002 nömrəli müqaviləyə 2 saylı əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, 1 ədəd Token markalı dəyəri ƏDV daxil olmaqla 70,80 manat təşkil edir.
11. Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 1-də NKA göstərilən aylıq servis xidmətinin dəyəri 16,52 (ƏDV daxil) manat qeyd edilmişdir.
12. İş materiallarında olan “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə qaimə-faktura”lar borcun tutulması ilə bağlı cavabdehə göndilmiş, lakin icra edilməmişdir.
13. İş materiallarında olan Maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən satılmış kassa aparatına və göstərilmş dəstək xidmətinə görə Cavabdeh MMC (VÖEN:**********) müqavilə üzrə müvafiq borc öhdəliyi ümumilikdə 287,46 manat təşkil edir.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron formada pretenziya məktubu Cavabdeh MMC-yə göndərilmişdir.
b) Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). -11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. -6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 4.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcuddur. Məhkəmə, qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında bağlanmış xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından və Mülki Məcəllədə subyektlərə Mülki Məcəlləyə zidd olmayan müqavilələr və başqa əqdlər bağlamaq hüququ verildiyindən və həmin müqavilə və əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edildiyindən, tərəflər arasında bağlanmış xidmət müqaviləsi Mülki Məcəlləyə uyğun olmaqla etibarlı hesab olunur.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquq xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “İcraçı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, müqavilə üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. İş materiallarında olan elektron qaimələr, təhvil-təslim aktı, qiymətlərin razılaşdırılması protokolları və maliyyə arayışından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcu ümumilikdə 287,46 manat təşkil edir.
24. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 287,46 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
25. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 287,46 (iki yüz səksən yeddi manat, qırx altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev