Məhkəmə qərarları › İş №e-2-2(121)-2430/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2430/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2430/2022 01.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh 69.160,74 dollar əsas borc məbləğinin, gecikdirilmiş dövr üçün 864 dollar, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 410 manat ilkin mediasiya xərci olmaqla cəmi 70.024,74 dollar və 710 manat Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 69.160,74 dollar əsas borc məbləğinin, gecikdirilmiş dövr üçün 864 dollar, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 410 manat ilkin mediasiya xərci olmaqla cəmi 70.024,74 dollar və 710 manat Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 iyun 2020-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh əsasında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən № 21288 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. X1 aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 iyun 2021-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 may 2021-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 69.160,74 dollar məbləğindədir. Həmçinin müvafiq aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2022-ci il tarixli, № 1007 saylı maliyyə arayışına əsasən borclu şəxs xx.xx.2021-ci il tarixinə 2.179 dollar məbləğində sonuncu ödəniş etdikdən sonra İddiaçı QSC-ə olan borcu 69.160,74 dollar təşkil edir. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh ilk yazılı pretenziya göndərilmişdir. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2022-cil il tarixindən başlanmalıdır. İddianın xx.xx.2022-ci tarixdə göndərildiyini nəzərə alsaq, iddianın gecikdirilməsi üzrə məbləğ 3 ay əsasında ((69 160,74*5%)/12)*3=864,5 ABŞ dolları hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: xx.xx.2022-ci il tarixli, №1007 saylı maliyyə arayışına əsasən əsas borc məbləği - 69 160,74 ABŞ dolları; gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 864 ABŞ dolları; ilkin mediasiya sessiyası üzrə xərclər – 410 manat; hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 300 manat hesablanır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 04 iyun 2020-ci il tarixli, 21288 saylı diler müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh borcunu təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 69.160,74 ABŞ dollar borcu olduğu bildirilmişdir. İş materialında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, 21288 saylı diler müqaviləsinə əsasən Cavabdeh yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da, malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur. 800.3. Başqasına satmaq üçün sadə satınalma konsessiya müqaviləsinə əsas verə bilməz. Müntəzəm ticarət münasibətləri də konsessiya haqqında müqaviləyə əsas verə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 69.160,74 dollar borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia borca münasibətdə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 04 iyun 2020-ci il tarixli, 21288 saylı diler müqaviləsinə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmalıdır. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra olunmuş, cavabdeh tərəfindən iddiaçıya ödənişlər tam edilməmişdir. İddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə götürdüyü öhdəliyə əməl etmək, yəni razılaşdırılmış muzdu ödəmək tələb olunsa da, bunlar yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan hallara dair heç bir tutarlı dəlil irəli sürülməmişdir. İddiaçı isə əksinə görülmüş işləri, aparılmış ödənişləri təsdiq edən sənədləri, həmçinin cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə dair kifayət qədər sübutlar təqdim etmişdir. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik icra edilmiş, cavabdehdən pul tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilsə də, tam olaraq ödənilməmişdir. İddia tələbinin “gecikdirilmiş dövr üçün 864 dollar” hissəsinə dair məhkəmə qeyd edir ki, qeyd olunan hissə iddiaçı tərəfindən əsaslandırılmamış, tələbin hüquqi əsası kimi hansı müqaviləyə və ya normaya istinad olunduğu qeyd olunmamışdır. Odur ki, həmin hissədə tələbin təmin olunması istisna olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Maddənin həm adından (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət), həm də məzmunundan göründüyü kimi burada özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 439-cu maddəsi də pul öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında olan münasibətə qeyd olunan normalar tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia faiz tutulması hissəsində rədd edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 69.160,74 dollar, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 410 manat ilkin mediasiya xərci, cəmi 69.160,74 dollar və 710 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 410 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 69.160,74 ABŞ dolları, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 410 manat ilkin mediasiya xərci olmaqla cəmi 69.160,74 ABŞ dolları ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və 710 manat pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar