Məhkəmə qərarları › İş №e-2-2(121)-2589/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2589/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2589/2022 14.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı 2021-ci il 03 avqust tarixli XM/04/01471 nömrəli müvvəqqəti istifadə müqaviləsinə əsasən 2.454 manat borc və 60 manat mediasiya xərcinin, cəmi 2.514 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 03 avqust tarixli XM/04/01471 nömrəli müvvəqqəti istifadə müqaviləsinə əsasən 2.454 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi 2.514 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Cəlilabad Regional Nümayəndəliyinin Biləsuvar rayon bölməsi ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 3 avqust tarixli XM/04/01471 nömrəli müvəqqəti istifadə müqaviləsinə əsasən 1 ədəd TC- 5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh müvəqqəti istifadəyə götürdüyü kənd təsərrüfatı texnikası ilə işlədiyi sahəyə mütənasib olaraq 1 ha sahə üçün təsdiq edilmiş xidmət tarif qiymətindən yanacaq xərci və mexanizatorun xidmət haqqı məbləği çıxıldıqdan sonra qalan 52 manat hissəsini İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci il 3 avqust tarixdə qəbul etdiyi taxılyığan kombaynla 60 ha sahədə aqrotexniki xidmətlər göstərdiyini bildirərək müqavilə üzrə müəyyən edilmiş xidmət tarif qiymətinə uyğun olaraq 3.094 manat ödəniş həyata keçirmişdir. Lakin Cəmiyyət tərəfindən 1 ədəd TC-5050 markalı taxılyığan kombayna quraşdırılmış izləmə cihazı (GPS) vasitəsinin nəzarət sistemi üzərindən araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən taxılyığan kombaynla 106,70 ha sahədə aqrotexniki xidmətlər göstərilmişdir. Beləliklə, 106,70 ha sahədə aqrotexniki xidmətlər üzrə 5.548 manat ödəməli olduğu halda, 60 ha sahə üçün nəzərdə tutulmuş 3.094 manat ödəniş həyata keçirmiş və 2.454 manat borcu qalmışdır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.2-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. İş materiallarında olan 2021-ci il 03 avqust tarixli XM/04/01471 nömrəli müvəqqəti istifadə müqaviləsinin surətindən görünür ki, 1 ədəd TC-5050 markalı taxılyığan kombayn dair İddiaçı ASC ilə Cavabdeh arasında müvəqqəti istifadə müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə aktlardan görünür ki, İddiaçı ASC-nin Cəlilabad RN-nin Biləsuvar rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İddiaçı ASC-nin Cəlilabad RN-nin Biləsuvar rayon bölməsinin rəhbəri X1 tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin görülmüş aqrotexniki işin ödənişi haqqında arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 2021-ci il 03 avqust tarixli XM/04/01471 nömrəli müvəqqəti istifadə müqaviləsi üzrə 1 ədəd TC-5050 markalı taxılyığan kombaynın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həyata keçirdiyi aqrotexniki iş üçün GPS-ə əsasən görülən işin həcmi 106,70 ha olmaqla, ödənilməli yekun məbləğ 5.548 manat təşkil edir. Cavabdeh 3.094 manat məbləğində ödəniş etmiş, 2.454 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələrə əsasən 2.454 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə görə texnikalarıın istifadəsinə görə müqavilə üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəllənin 397.1-ci madəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 2021-ci il 03 avqust tarixli XM/04/01471 nömrəli müvəqqəti istifadə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh kənd təsərrüfatı texnikası ilə işlədiyi sahəyə mütanasib olaraq 1 ha sahə üçün təsdiq edilmiş xidmət tarif qiymətindən yanacaq xərci və mexanizatorun xidmət haqqı məbləği çıxıldıqdan sonra qalan 52 manat hissəsini iddiaçıya ödəmək öhdəliyi götürmüşdür. Bundan sonra cavabdeh kənd təsərrüfatı texnikası ilə 60 ha sahədə işlədiyini bildirib texnikanı iddiaçıya təhvil vermiş, lakin texnikaya quraşdırılmış GPS məlumatları oxunduqda cavabdeh tərəfindən texnika onun istifadəsində olduğu müddətdə 106.7 ha sahədə iş görüldüyü müəyyən olunmuşdur. Cavabdeh 106,70 ha sahədə aqrotexniki xidmətlər üzrə 5.548 manat ödəməli olduğu halda, 60 ha sahə üçün nəzərdə tutulmuş 3.094 manat ödəniş həyata keçirmiş və 2.454 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, müvəqqəti istifadə müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 2.454 manat hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2021-ci il 03 avqust tarixli XM/04/01471 nömrəli müvvəqqəti istifadə müqaviləsinə əsasən 2.454 manat borc və 60 manat mediasiya xərci, cəmi 2.514 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar