Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2633/2023 04.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 40 (qırx) hektar hissəsindən Cavabdeh çıxarılması və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi; 2017-ci ildən zəbt edərək, 2018-2023-cü təsərrüfat illəri ərzində fasiləsiz istifadəsi nəticəsində əsassız varlanma yolu ilə əldə etdiyi 150160 (bir yüz əlli min bir yüz altmış) manat məbləğində maddi zərərin; mübahisənin məhkəməyə müraciət etməmişdən əvvəl həllindən ötrü mediasiyaya müraciətlə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun; vurulmuş maddi zərərin hesablanması ilə bağlı qiymətləndirici "xxxx" MMC-nə ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun və hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 40,16 (qırx manat on altı qəpik) manat məbləğində pulun əvəzinin Cavabdehndən tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəni imzalayan şəxs haqqında məlumatdan görünür ki, iddia ərizəsi nümayəndə və Vəkil tərəfindən imzalanmışdır. Lakin işdə olan orderin surətindən görünür ki, iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə ünvanlandığına və təqdim olunduğuna baxmayaraq, order İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqlarının Şirvan İnzibati Məhkəməsində müdafiəsi məqsədi ilə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69cu maddəsinə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1), fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi göndərici normadır və vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan qanun normalarına əsasən müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı, həmçinin iddia ərizəsini imzalamaq səlahiyyəti yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2633/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2633/2023
04.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver