Məhkəmə qərarları › İş №e-2-2(121)-2729/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2729/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2729/2025 01.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 2434 manat, hesablanmış cəriməyə görə 121,70 manat olmaqla, ümumilikdə 2555,70 manat pulun, məhkəmə üçün ödənilmiş 45,56 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 512 saylı “xampambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 2434 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Həmin Müqavilənin 2.1.10-cu bəndinin şərtlərinə əsasən, satıcının alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı sonuncuya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda Satıcı həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək Cəmiyyətə xam pambıq təhvil verilməmiş, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri ödənilməmişdir. Belə olan halda, cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə münasibətdə iddiaçıya 2434 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda Müqavilənin müvafiq bəndlərinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığa münasibətdə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 121,70 manat təşkil edir. Məhkəmə, xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2729/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) Cavabdeh poçt vasitəsi ilə çatdırılmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 512 nömrəli “xam pambığın alqı-satqısına dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqavilənin predmetini Alıcı tərəfindən Satıcıya məxsus olan (mülkiyyətində və ya istifadəsində olan) 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və digər şərtlər daxilində Alıcıya təhvil verilməsi və Alıcı tərəfindən Satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlerin, göstərilən digər xidmətlərin dəyərini Alıcıya ödəmək üçün, (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması ve tədarükünə dair" Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək "Alıcı"ya təhvil verir; təhvil verilən xam-pambığın dəyəri "Alıcı"dan alınan avans məbləğin (har hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman "Alıcıya" həmin yaranan fərqi ödəyir; 2.2.3-cü bəndinə əsasən, Satıcı yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə ödəyir; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir va müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan ödəniş tapşırıqlarından, qaimə-fakturalardan və iş aktlarından, həmçinin hesabat cədvəlində olan məlumatlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 2434 manat dəyərində iş görülmüş, müxtəlif xidmətlər göstərilmiş, mal-material və pul vəsaiti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 512 nömrəli “xam pambığın alqı-satqısına dair” müqavilə üzrə Cavabdeh 2434 manat məbləğində əsas və 121,70 manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 512 nömrəli “xam pambığın alqı-satqısına dair” müqaviləsinə əsasən yaranmış borcun 10 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 2434 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək Cəmiyyətə xam pambıq təhvil verilməmiş, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2434 manat borcu yaranmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2434 manat məbləğində aqrotexniki xidmətlər, mal-material, pul vəsaiti və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş 2434 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə tam təsdiq olunur. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 121,70 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 45,56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2434 manat məbləğində əsas, 10 manat məbləğində cərimə borcu və ödənilmiş 45,56 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2489,56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar