Məhkəmə qərarları › İş №e-2-2(121)-30/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-30/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-30/2023 16.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – 09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1020 manat, 09/00025250 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 565 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi 1645 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-80x markalı traktor, 09/00025250 nömrəli, xx.xx.2019-cu il tarixli operativ lizinq müqaviləsinə əsasən O.K.-1000 markalı 18 metr üç axınlı-Can asma qollu çiləyici ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1020 manat öhdəlikdən, 09/00025250 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 565 manat öhdəlikdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə hal-hazırda hər iki müqavilə üzrə 1585 manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1020 manat, 09/00025250 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 565 manat borcun və 100 manat mediasiya xərcinin, cəmi 1685 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək göstərdi ki, 09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli və 09/00025250 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələrdəki və onların əsasında imzalanmış təhvil-təslim aktlarındakı imzalar ona məxsus deyildir. Belə ki, "xxxx" ASC ilə onun arasında müqavilələr bağlanmış və həmin müqavilələr üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir, yəni iddiaçıya hər hansı borcu qalmamışdır. Odur ki, "xxxx" ASC və ya İddiaçı ASC ilə onun arasında iş materiallarına surətləri əlavə edilən 09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə, həmçinin və onun əsasında imzalanmış təhvil-təslim aktlarında və iş materiallarına əsli əlavə edilmiş 09/00025250 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə, o cümlədən onun əsasında imzalanmış təhvil-təslim aktlarındakı imzalar ona məxsus deyildir. Buna görə də iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin surətlərindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 09/00024803 saylı xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən (Traktor pambıqçılıq üçün Belarus-80x) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC ilə cavabdeh arasında lizinq obyektinin təhvil-təsliminə dair xx.xx.2019-cu il tarixdə 1 № 31 saylı və xx.xx.2019-cu il tarixdə 2 № 10 508 saylı aktlar imzalanmışdır. İş materiallarında olan sənədlərin əslindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 09/00025250 saylı xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən (Çiləyici-asma qollu (1000lt)-18 metr-Can O.K- 1000) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC ilə cavabdeh arasında lizinq obyektinin təhvil-təsliminə dair xx.xx.2019-cu il tarixdə 1 № F00025250 saylı və xx.xx.2019-cu il tarixdə 2 № 00025250 saylı aktlar imzalanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun yaranmışdır qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 09/00025250 nömrəli müqavilə üzrə 1020 manat gecikdirilmiş borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 09/00024803 nömrəli müqavilə üzrə 565 manat gecikdirilmiş borcu vardır. İş materiallarında olan məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının 4/1477 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 69-cu vərəqində olan xx.xx.2019-cu il tarixli 1 saylı F00025250 nömrəli “Akt”ın aşağı hissəsində “Təhvil aldı:” “Cavabdeh” yazılarının qarşısında olan imza ilə işin 70-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2 saylı 00025250 nömrəli “Akt”ın aşağı hissəsində “Təhvil verdi:” “Cavabdeh mexanizator” yazılarının qarşısında olan imza - öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 9-10-cu vərəqində olan xx.xx.2019-cu il tarixli 09/00024803 nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sağ hissəsində “Lizinq alan istifadə” qrafasında olan imza; işin 11-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 1 saylı 31 nömrəli “Akt”ın kserosurətinin aşağı hissəsində “Təhvil aldı:” və “3.” qrafalarında olan imzalar; işin 12-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2 saylı 10 508 nömrəli “Akt”ın kserosurətinin aşağı hissəsində “1” qrafasında olan imza; işin 67-68-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 09/00025250 nömrəli “Müqavilə”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “Lizinq alan istifadə” qrafasında olan imza; işin 69-cu vərəqində olan xx.xx.2019-cu il tarixli 1 saylı F00025250 nömrəli “Akt”ın aşağı hissəsində “Təhvil aldı:” “Cavabdeh” yazılarının qarşısında olan imza; işin 70-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2 saylı 00025250 nömrəli “Akt”ın aşağı hissəsində “Təhvil verdi:” “Cavabdeh mexanizator” yazılarının qarşısında olan imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 9-10-cu vərəqində olan xx.xx.2019-cu il tarixli 09/00024803 nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sağ hissəsində “Lizinq alan istifadə” qrafasında olan imza; işin 11-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 1 saylı 31 nömrəli “Akt”ın kserosurətinin aşağı hissəsində “Təhvil aldı:” və “3.” qrafalarında olan imzalar; işin 12-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2 saylı 10 508 nömrəli “Akt”ın kserosurətinin aşağı hissəsində “1” qrafasında olan imza; işin 67-68-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 09/00025250 nömrəli “Müqavilə”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “Lizinq alan istifadə” qrafasında olan imzanın - öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş işin 9-10-cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 09/00024803 nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sağ hissəsində “Lizinq alan istifadə” qrafasında olan imzada; işin 11-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 1 saylı 31 nömrəli “Akt”ın kserosurətinin aşağı hissəsində “Təhvil aldı” və və “3.” Qrafalarında olan imzalarda; işin 12-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2 saylı 10 508 nömrəli “Akt”ın kserosurətinin aşağı hissəsində “1” qrafasında olan imzada; işin 67-68-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 09/00025250 nömrəli “Müqavilə”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “Lizinq alan istifadə” qrafasında olan imzada; işin 69-cu vərəqində olan xx.xx.2019-cu il tarixli 1 saylı F00025250 nömrəli “Akt”ın aşağı hissəsində “Təhvil aldı: “Cavabdeh” yazılarının qarşısında olan imzada; işin 70-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2 saylı 00025250 nömrəli “Akt”ın aşağı hissəsində “Təhvil verdi:” “Cavabdeh mexanizator” yazılarının qarşısında olan imzada-imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi cavabdehlə onun arasında müqavilə(ləri)nin bağlanmasına istinad etmiş olsa da, təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin müqavilə(lər)nin cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Qeyd edilən müqavilə(lər)nin, həmçinin akt(lar)ın başqa şəxs deyil, məhz cavabdeh tərəfindən imzalanması işin hər hansı başqa halı ilə müəyyən olunmadığından, məhkəmə ekspert rəyini sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, qeyd edilən müqavilə(lər) və akt(lar) cavabdeh tərəfindən imzalanmadığından, tərəflər arasında müqavilə bağlanmamışdır. Tərəflər arasında müqavilə bağlanmadığından, tərəflərin biri-digəri qarşısında göstərilən müqavilə(lər)dən irəli gələn vəzifələrin daşıyıcıları deyildirlər. Odur ki, iddiaçının cavabdehdən vəzifələrinin icrasını tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilə(lər) cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğundan, bununla da tərəflər arasında müqavilə(lər) bağlanmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilə(lər)dən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, iddia tələbi borcun cavabdehdən tutulmasına dair hissədə əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi “09/00024803 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1020 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsində həmçinin ona görə rədd edilməlidir ki, qeyd edilən müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Qeyd edilən Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Göstərilən Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə eyni zamanda iddianın 100 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, 100 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 124 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 124 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı – 09/00024803 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1020 manat, 09/00025250 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 565 manat borcu və 100 manat mediasiya xərcinin, cəmi 1685 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 124 manat məbləğində pul vəsaiti İddiaçı ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar