Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3031/2025 16.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələri X1 və X6, cavabdeh X2 iştirakları ilə, İddiaçı Saatlı Rayon İcra Hakimiyyətinin cavabdeh X4 qarşı icarə hüquqlarına xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Saatlı Rayon İcra Hakimiyyəti cavabdeh X4 qarşı icarə hüquqlarına xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2010-cu il tarixli, 63 saylı sərəncamı ilə X3 icarəsinə verilmiş Saatlı rayonunun inzibati ərazisində yerləşən 127.0 (yüz iyirmi yeddi) hektar 112 və 114 nömrəli dövlət qış otlaq sahələri üzərində onun icarə hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2010-cu il tarixli, 63 nömrəli sərəncamı ilə Saatlı rayonunun inzibati ərazisində yerləşən 112 və 114 nömrəli dövlət qış otlaq sahələrindən 127.0 (yüz iyirmi yeddi) hektar torpaq sahəsi heyvandarlığı inkişaf etdirmək məqsədilə müvəqqəti olaraq 15 il müddətinə İmişli rayon sakini, iş üzrə cavabdeh X3 icarəsinə verilmiş və onunla 21 aprel 2010-cu il tarixli, 232 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (torpaq icarəsi müqaviləsi) bağlanılmış, icarə müddəti 21 aprel 2025-ci il tarixdə bitmişdir. Sözügedən müqavilənin 2.13-cü bəndinin 4-cü abzasına əsasən icarəçi icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmalı, 6-cı abzasına əsasən isə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəməlidir. Onunla bağlanılmış müqavilə şərtlərinə uyğun istifadə vəziyyəti araşdırılarkən məlum olmuşdur ki, X.Güləliyev torpaqdan istifadə ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, dəfələrlə cavabdehdən icarəsinə verilmiş 127.0 (yüz) hektar torpaq sahəsinin müqavilə müddətinin artırılması təklif edilsə də, bununla bağlı onun tərəfindən heç bir münasibət bildirilməmişdir. X.Güləliyevin icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı onun tərəfindən dövlət büdcəsinə icarə haqqı və digər vergilər ödənilməmişdir. Belə ki, Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən rayon icra hakimiyyətinə daxil olmuş məktubda dövlət ehtiyat fondundan torpaq sahəsi icarəyə götürmüş X3 icarəsində olan 127,0 ha torpaq sahəsindən istifadəyə görə (illik icarə haqqı 213.36 (iki yüz on üç 36 qəpik) manat təşkil etməklə) dövlət büdcəsinə 2183.32 (iki min yüz səksən üç 32 qəpik ) manat torpaq icarəsi üzrə borcunun olduğu bildirilərək qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Göründüyü kimi, X.Güləliyev icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməyərək 127.0 hektar qış otlaq sahəsini icarəsində olduğu 10 ildən artıq müddət ərzində torpaq vergisini və icarə haqqını ümumiyyətlə ödəməmişdir. İddiaçı Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh hazırda Rusiya Federasiyasındadır, mübahisəli torpaq sahəsindən bir müddət cavabdehin mərhum atası tərəfindən istifadə olunmuşdur, onlarda olan məlumata görə mübahisəli torpaq sahəsində cavabdehə də məxsus heyvanlar oatrılırlar, həmçin sahədə cavabdeh tərəfindən inşa olunmuş tikili mövcud deyildir. Cavabdeh X8 izahatında iddia tələbini qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin bir müddət mərhum atasının istifadəsində olduğunu, iddiaçı ilə onun arasında sadəcə müqavilənin bağlandığını, uzun müddətdir ki, özünün Rusiya Federasiyasında olduğunu, həmin torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanması üçün iddiaçıya müraciət edəcəyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən proses iştirakçılarının verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2010-cu il tarixli 63 nömrəli sərəncamı ilə Saatlı rayonunun inzibati ərazisində yerləşən 112 və 114 nömrəli dövlət qış otlaq sahələrindən 127.0 (yüz iyirmi yeddi) hektar torpaq sahəsi heyvandarlığı inkişaf etdirmək məqsədilə müvəqqəti olaraq 15 il müddətinə İmişli rayon sakini, iş üzrə cavabdeh X3 icarəsinə verilmişdir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti ilə X9 arasında bağlanmış 21 aprel 2010-cu il tarixli, 232 nömrəli torpaq icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” icarə əsasında 127 ha torpaq sahəsini 15 il müddətinə “İcarəçi”yə eyvandarlığı inkişaf etdirmək məqsədilə istifadəyə vermiş, “İcarəçi” isə qəbul etmişdir. Həmin Müqavilənin: 2.4-cü bəndinə əsasən “İcarəçi” hər il 213,36 manat icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 2.13-cü bəndinə əsasən “İcarəçi” icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Saatlı rayon İcra Hakimiyyəti arasında bağlanmış "Torpaq icarə müqaviləsi"nə xitam verilməsi və yaranmış borcun dövlət büdcəsinə ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə X9 xəbərdar olunmuşdur. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, Saatlı rayon İcra hakimiyyəti başçısının 21 aprel 2010-cu il tarixli 63 nömrəli sərəncamı ilə İmişli rayon sakini X5 Saatlı rayonunun inzibati ərazisində yerləşən 112 və 114 nömrəli dövlət qış otlaq sahələrindən 127 hektar torpaq sahəsi heyvandarlığı inkişaf etdirmək məqsədilə müvəqqəti olaraq 15 il müddətinə verilməsi, Saatlı rayon İcra hakimiyyəti ilə X9 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işdə olan sənədlərə və tərəflərin izahatlarına əsasən işin müəyyən edilmiş faktiki halları belədir ki, Saatlı rayon İcra hakimiyyəti başçısının 21 aprel 2010-cu il tarixli 63 nömrəli sərəncamı ilə 127 hektar torpaq sahəsi heyvandarlığı inkişaf etdirmək məqsədilə müvəqqəti olaraq 15 il müddətinə cavabdeh X3 icarəsinə verilmişdir və onunla 21 aprel 2010-cu il tarixli 232 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. İddiaçı, icarə müddətinin 21 aprel 2025-ci il tarixdə bitdiyini, cavabdehin isə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmədiyini, cavabdehə icarəsinə verilmiş torpaq sahəsinin müqavilə müddətinin artırılması təklif edilsə də, bununla bağlı onun tərəfindən heç bir münasibət bildirilmədiyini, bununla da torpaqdan istifadə ilə bağlı qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının pozulduğunu iddia edir, cavabdeh isə bir müddət ölkədən kənarda olduğunu, iddiaçı ilə yeni icarə müqaviləsi bağlanması üçün müraciət edəcəyini bildirir. Beləliklə, məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir və bununla da tərəflər arasında icarə hüquq münasibətərinə xitam verilmişdir. Belə olan halda, artıq xitam verilmiş icarə müqaviləsinin ləğvinin tələb edilməsi üçün hüquqi əsas qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsində qeyd olunur ki, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Məhkəmə həmçinin, icarə obyekti olan torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılmasına dair qərar qəbul edilməsi üçün faktiki və hüquqi əsas baxılan işdə müəyyən etməmişdir. Belə ki, icarə obyekti olmuş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması, orada cavabdeh tərəfindən tikili inşa edilməsi və ya torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən hər hansı bir formada qəsd edilməsi halları məhkəmə araşdırması zamanı aşkar ediməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Saatlı Rayon İcra Hakimiyyətinin cavabdeh X4 qarşı icarə hüquqlarına xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə: qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3031/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3031/2025
16.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver