Məhkəmə qərarları › İş №e-2-2(121)-3054/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3054/2022

12.12.2022 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-3054/2022 12.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Nemət qızına qarşı – xx.xx.2022-ci il tarixdə keçirilmiş “Cənub Mənzil Tikinti” Kooperativinin təsisçilərinin ümumi yığıcağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Nemət qızına qarşı – cavabdehlərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş “Cənub Mənzil Tikinti” Kooperativinin təsisçilərinin ümumi yığıcağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan “Cənub Mənzil Tikinti” Kooperativinin (VÖEN:**********) təsisçilərin yığıncağının 03 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktoru X2 vəsifəsindən azad edilməsi, cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X3 təyin edilməsi, cəmiyyətin qeydiyyat məlumatlarında dəyişiklik edilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət etmək səlahiyyəti qanuni təmsilçilik funksiyasına malik yeni direktor X4 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cənub Mənzil Tikinti” Kooperativinin (VÖEN:**********) təsisçilərin yığıncağının 31 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, kooperativin qanuni təmsilçilik funksiyasına malik direktoru X1 vəsifəsindən azad edilməsi, kooperativin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X3 təyin edilməsi, Kooperativin qeydiyyat məlumatlarında dəyişiklik edilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət etmək səlahiyyəti qanuni təmsilçilik funksiyasına malik yeni direktor X4 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cənub Mənzil Tikinti” Kooperativinin Nizamnaməsinin surətindən görünür ki, Nizamnamənin 4.1-ci bəndinə əsasən kooperativin ali idarətmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. Həmin Nizamnamənin 4.2-ci bəndinə əsasən kooperativ idarəetmə orqanlarının, o cümlədən müvəkkillər yığıncağının formalaşdırılması, tərkibi, səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası, protokolların tərtibi və onların fəaliyyətləri ilə əlaqədar digər məsələlər ümumi yığıncaq tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi “Cənub Mənzil Tikinti” Kooperativinin təsisçilərinin ümumi yığıcağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının və eyni tarixli protokolun etibarsız hesab edilməsinə dair olduğundan və iddiaçının bu tələblə bağlı “Cənub Mənzil Tikinti” Kooperativinə müraciəti iş materialları ilə müəyyən olunmadığından bu cür tələbə məhkəmədə baxılmalı deyildir. Buna görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. Qeyd olunan Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə kooperativin nizamnaməsini dəyişdirmək, kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək, kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək, bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək aiddir. Eyni zamanda kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. Həmin Məcəllənin 111.7-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, həm mülki qanunvericilik, həm də kooperativin nizamnaməsi kooperativin növbəti və növbədənkənar yığıncaqlarının keçirilməsi qaydasını və əsaslarını müəyyən etmişdir. Belə ki, qanunvericiliyə və nizamnaməyə görə kooperativin ali idarətmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. Bununla yanaşı, kooperativ idarəetmə orqanlarının, o cümlədən müvəkkillər yığıncağının formalaşdırılması, tərkibi, səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası, protokolların tərtibi və onların fəaliyyətləri ilə əlaqədar digər məsələlərin həlli “Cənub Mənzil Tikinti” Kooperativinin ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. Eyni zamanda, iddiaçının iddia ərizəsində qeyd olunan tələblə bağlı “Cənub Mənzil Tikinti” Kooperativinə rəsmi müraciəti iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə, “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2013-cü il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, tərəflər arasında göstərilən məsələ üzrə mübahisə yaranmadığı müddətdə hazırki məsələnin həlli “Cənub Mənzil Tikinti” Kooperativinin müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan xüsusatlara və qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında göstərilən məsələ üzrə mübahisə yaranmadığı müddətdə bu məsələnin həlli “Cənub Mənzil Tikinti” Kooperativinin müstəsna səlahiyyətinə aid olduğundan məhkəmədə baxılmalı deyildir. Buna görə də iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməməli və iddiaçıya xx.xx.2022-ci il tarixdə keçirilmiş “Cənub Mənzil Tikinti” Kooperativinin təsisçilərinin ümumi yığıcağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi ilə bağlı “Cənub Mənzil Tikinti” Kooperativinə müraciət etmək hüquqları izah edilməlidir. Həmçinin, iddia ərizəsində olan “dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinə 80 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Nemət qızına qarşı – xx.xx.2022-ci il tarixdə keçirilmiş “Cənub Mənzil Tikinti” Kooperativinin təsisçilərinin ümumi yığıcağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı ümumi yığıcağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi ilə bağlı “Cənub Mənzil Tikinti” Kooperativinə müraciət etmək hüquqları izah edisin. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar