Məhkəmə qərarları › İş №e-2-2(121)-307/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-307/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-307/2025 11.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 39/20 nömrəli müqavilə üzrə qalıq məbləği 18772,28 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 157 manat dövlət rüsumunun Cavabdeh MMC hesabından tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X1 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciəti əsasında Sumqayıt şəhəri, mövcud “Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenudənqurulması işlərində” istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 39/20 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar qalıq borc məbləği 39/20 nömrəli müqavilə üzrə 18772,28 manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh tərəfindən 39/20 nömrəli müqavilə üzrə təsdiq edilmiş 18772,28 manat akt üzrə xx.xx.2024-cü il tarixdə 3540 manat ödənilməsini nəzərə alaraq, tərəflər arasında bağlanmış 39/20 müqavilə üzrə qalıq məbləğ 15232,28 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 157 manat dövlət rüsumunun Cavabdeh MMC-nin hesabından tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2020ci il tarixli, 39/20 nömrəli “Sınaq işlərinin aparılmasına dair müqavilə”nin: 1.1-ci bəndinə əsasən, bu müqavilə İcraçı tərəfindən Sifarişçinin yerinə yetirdiyi tikinti-quraşdırma işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyalarının layihəyə uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur. 2.1-ci bəndinə əsasən, Sifarişçi həvalə edir, İcraçı isə Sumqayıt şəhəri mövcud M.Hüseynzadə adına şəhər stadionunun yenidən qurulması işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyətinin və konstruksiya elementlərinin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublkasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə əsasən, tikinti üzrə ümumi sınaq sahəsi 10740 m2dir. Sınaq işlərinin hər m2 üçün 1 manat dəyərində razılaşdırılır və bu müqavilənin 2.1-ci bəndi üzrə ümumi qiymət ƏDV ilə birlikdə 12673,20 manat təşkil edir. Sifarişçi görüləcək sınaq işlərinə görə İcraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər İcraçı tərəfindən yerinə yetirildikdən sonra Sifarişçi onları təhvil qəbul aktı ilə qəbul edir. Müqavilə qiymətinin qalan hissəsinin ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil qəbul aktına və hesab fakturaya uyğun aparılır. Ödənişlər hesab faktura daxil olan gündən 5 iş günü müddətində köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün akt”a əsasən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39/20 nömrəli “Sınaq işlərinin aparılmasına dair müqavilə” üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən görülmüş yoxlama-sınaq işlərinin ümumi dəyəri 18772,27 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39/20 nömrəli müqaviləyə əsasən yaranmış 18772,27 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh MMCnə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə yoxlama-sınaq işlərinin görülməsi, cavabdeh tərəfindən isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2020-ci il tarixli, 39/20 nömrəli “Sınaq işlərinin aparılmasına dair müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında müvafiq işləri gördüyünü, lakin cavabdehin görülən işlərin qarşılığında müqavilə üzrə ödənilməmiş 15232,28 manat məbləğində borcunun qaldığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən işlərin görülməsini, cavabdeh isə razılaşdırılmış muzdu ödəməyi öhdəliklərinə götürmüşlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək cavabdehin sifarişi əsasında tələb olunan işləri görmüşdür. Bu xüsusat işdə olan, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş yerinə yetirilmiş işlərin qəbul aktları ilə öz təsdiqini tapdığı kimi, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Belə ki, mülki prosesdə sübutetmə yükününün bölüşdürülməsi prinsipinə əsasən tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz və ya iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya görülən işlərin qarşılığında ödənilməmiş borcu yaranmışdır. Cavabdehin görülən işlərin qarşılığında borcunun yaranması işdə olan sənədlərlə tam təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-nə qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə görülən işlərin qarşılığında haqqın (borcun) ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 39/20 nömrəli müqavilə üzrə 15232,28 manat məbləğində əsas borc və ödənilmiş 157 manat məbləğində dövlət rüsumu borcu olmaqla, cəmi 15389,28 manat məbləğində pul tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar