Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3218/2025 17.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pozulmuş istehlakçı hüquqlarının bərpası və əsassız borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı pozulmuş istehlakçı hüquqlarının bərpası və əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1i ünvanında yerləşən istixananın **********00001 saylı abonent koduna qazdan istifadəyə görə qanunsuz hesablanmış 188.659,02 manat pul məbləğinin silinməsi, həmçinin məhkəməyə ödənilmiş 479 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvan 2ində yerləşən qeyri-əhali sektoru üzrə (Abonent kodu: **********00001; KP kodu 23/32665) qazdan istifadəyə görə ümumilikdə 188.659,02 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən göstərilən pul məbləğləri əsassız və qanunsuz hesablanmışdır. Şirvan MQKS, ünvan 1ində yerləşən istixanada qeyd edilən vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Həmin istixananın qaz sayğacının nasazlığı nəticəsində həmin həcmdə qaz sərfiyyatı qeydə alınmışdır. Belə ki, Cavabdeh İB tərəfindən həmin istixanaya qaz sayğacına laboratoriya şəraitində baxış keçirilmiş və yoxlanış zamanı müəyyən edilmişdir ki, sayğac qaz sərfiyyətini düzgün qeyd etmir. Buna baxmayaraq, Cavabdeh İB tərəfindən nasaz sayğacın qeyd etdiyi qaz sərfiyyatı üzrə hesablanmış 188.659,02 manat borc məbləğinin ödənilməsi tələb edilir. Cavabdeh İB-nə pretenziya məktubu ilə müraciət edilmiş və qanunsuz hesablanmış borc məbləğinin silinməsi xahiş edilmişdir. Lakin, cavabdeh pretenziyaya məhəl qoymamış və borc məbləği silinməmişdir. Hal-hazırda **********00001 saylı abonent koduna aid hərhansı bir sayğac yoxdur və qaz verilişi illərdir dayandırılmışdır. Bu səbəbdən, Cavabdeh İB tərəfindən həmin istixananın qaz sərfiyyatı üzrə hesablanmış 188.659,02 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş **********00001 saylı abonent saldosundan göründüyü kimi 2023-cü ilin aprel ayından sonra qeyd edilən abonent kodu üzrə təbii qazdan istifadə edilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh İB tərəfindən tələb etmə müddəti ötməsi nəzərə alınmayaraq, abonentdən (İddiaçı), hətta onunla bağlanmış müqavilədən öncə yaranmış və 17 noyabr 2020-ci ilə qədər olan 86 527 manat məbləğində pulun ödənişi də tələb edilir. Buradan da cavabdeh tərəfindən Mülki Məcəllənin tələbinin pozulduğu aydın görünür. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə (Öhdəliklərin xitamı üçün müddətlər) əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2026-cı il tarixli digər ərizədə bildirilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş debitor borcun ödənilməsi haqqında Razılaşma Protokolunun, qazın alqı-satqısına dair müqavilənin bağlanması barədə iddiaçı tərəfindən verilən ərizənin, qazın alqı-satqısına dair müqavilənin bağlanmasına dair etirazın olmaması barədə arayışın, təbii qazın alqısatqısına dair müqavilənin imzalandığı tarixə diqqət yetirdikdə, bu sənədlərin hamısının eyni tarixdə, yəni 17 noyabr 2020-ci il tarixində imzalandığı aydın olur. Göründüyü kimi təbii inhisar subyekti olan Cavabdeh İB-yi təbii qaza tələbatı olan sahibkar, hazırki İddiaçı qarşısında ondan öncə həmin koda hesablanmış 86.527 manat məbləğində olan borcun ödənilməsi qarşılığında müqavilə bağlanmasını şərt kimi qoymuşdur. Hesab edilir ki, bu şərtlə Razılaşma protokolunun bağlanması ilə Cavabdeh İB tərəfindən sahibkarın hüquqları pozulmuşdur və həmin əqd əhəmiyyətsiz əqddir. Belə ki, Mülki Məcəllənin 337.1ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, yekun məhkəmə aktı çıxarılarkən qeyd edilənlərin nəzərə alınması xahiş olunur. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki ərizə 11 fevral 2026-cı il tarixində təqdim edilmiş ərizəyə əlavə kimi təqdim edilir. İddia ərizəsində qeyd edilmiş abonent kodu İddiaçı adına keçməmişdən öncə, yəni 17 noyabr 2020-ci il tarixinə qədər (əhəmiyyətsiz əqdin bağlandığı tarix) həmin abonent kodu üzrə borc məbləği 86.527 manat təşkil etmişdir. Bundan başqa, Cavabdeh İB yaranmış borcun tələb etmə müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiqi nəzərdə tutulmuşdur. Qeyd edilən fəslin 373.3-cü maddəsinə əsasən, “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir” kimi nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş abonent saldosundan 2022-ci ilin dekabr ayına qədər ödənilməli olan borc məbləğinin 168.092,68 manat təşkil etdiyi aydın görünür. Hesab edilir ki, tələb olunmayan borc məbləğinin Cavabdeh İB tərəfindən tələb olunması üçün iddia müddəti ötdüyündən həmin 168.092,68 manat məbləğin borc kimi iddiaçının abonent kodunda saxlanılması tamami ilə əsassız və qanunsuzdur. Bu səbəbdən də göstərilən abonent kodundan həmin məbləğin silinməsi zəruridir. Cavabdeh nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında iddianı qəbul etmədiklərini, iddiaçı ilə ünvan 2ində yerləşən istixanaya təbii qazın verilməsi üçün xx.xx.2020-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağladıqlarını, qeyd olunan müqavilə bağlanarkən istixananın əvvəlki sahibinin (abonentin) **********00001 saylı abonent koduna hesablanmış 86527 manat məbləğində borcunun olduğunu, iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlanması, sayğacın və abonent kodunun iddiaçının (istixananın yeni sahibinin) adına keçirilməsi üçün iddiaçının əvvəlki abonentin borcunu ödəməsi ilə bağlı öz üzərinə öhdəlik götürməsinin zəruri olduğunu, bu məqsədlə iddiaçı ilə 17 noyabr 2020-ci il tarixdə razılaşma protokolu imzaladıqlarını, həmin protokola əsasən iddiaçı **********00001 saylı abonent koduna hesablanmış 86527 manat məbləğində borcu hissə-hissə olmaqla 25 yanvar 2021-ci il tarixinə kimi ödəməyi öhdəsinə götürdüyünü, lakin iddiaçının həmçin borc məbləğindən ödəniş etmədiyini bildirmişdir. Məhkəmə yekun aktının elanı üçün təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2017-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi –VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 2ində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı Hüseynov X1 rayonu, Salmanlı kəndi ünvanında yerləşən əmlakına qaz təchizatı ilə bağlı qazın alqısatqısı barədə müqavilənin bağlanmasını xahiş etmişdir. İş materiallarında olan 17 noyabr 2020-ci il tarixli razılaşma protokolundan görünür ki, bir tərəfdən "Azəriqaz” X2 Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov və digər tərəfdən fiziki şəxs İddiaçı (istixana, abonent kodu **********00001), birlikdə Tərəflər adlanmaqla, istehlakçı İddiaçı istifadə etdiyi təbii qaza görə "Azəriqaz” İstehsalat Birliyi qarşısında 86527 (səksən altı min beş yüz iyirmi yeddi) manat məbləğində yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəlirlər: İstehlakçı: 1.1. təbii qazdan istifadəyə görə "Azəriqaz” X2 Qaz İstismar İdarəsinə 86527 (səksən altı min beş yüz İyirmi yeddi) manat məbləğində borcunun olmasını qəbul edir. 1.2. həmin borcdan təbii qazın sərfiyyatından əlavə olaraq, 2020-ci ilin 25 noyabr 2020-ci il tarixinə kimi 28844 (İyirmi səkkiz min səkkiz yüz qırx dörd) manat, 25 dekabr 2020-ci il tarixinə kimi 28842 (iyirmi səkkiz min səkkiz yüz qırx iki) manat, 25 yanvar 2021ci il tarixinə kimi isə 28841 (iyirmi səkkiz min səkkiz yüz qırx bir) manat məbləğin X3 İdarəsinə ödəməyi öhdəsinə götürür. 1.3. "İstehlakçı'ya bildiriş təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandıralacağını qəbul edir və bununla bağlı "Azəriqaz” İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. İş materiallarında olan X4 İstismarı İdarəsi tərəfindən Cavabdeh İB-nin Müştəri Xidməti şöbəsinə ünanlanmış xx.xx.2020-ci il tarixli 14/2 nömrəli arayışdan görünür ki, Sabirabad rayonu Salmanlı kəndində yerləşən qeyri-əhali sektoru üzrə (abonent kodu **********00001, KP kodu 23/32665) İddiaçı qaz təchizatı ile bağlı bütün sənədlərinə tərəflərindən baxış keçirilmişdir və sənədlərində heç bir qanuna uyğunsuzluq aşkarlanmamışdır. Həmin abonentlə borcun ödənilməsi haqqında bağlanmış razılaşma protokoluna əsasən təbii qazın alqı-satqı barədə müqavilənin bağlanmasına etiraz edilmir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü, 2.2.5-ci və 2.2.7.3-cü yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacda müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən sonra (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə İstehlakçıya qazın verilməsini dayandırmaq Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarında olan İddiaçı abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 188659,02 manat borc hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, **********00001 nömrəli abonent koduna hesablanmış 188659,02 manat məbləğində borcun 3 iş günü ərzində abonent kodunnan silinməsi ilə bağlı Cavabdehnə xəbərdarlıq edilmişdir. Məhkəmənin iş materiallarına, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim edilmiş sübut və dəlillərin məhkəmə araşdırmasının nəticəsinə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair öhdəlik hüquq münasibətlərindən irəli gələn və onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisə yaranmışdır və mübahisənin predmetini təbii qazın istehlakı nəticəsində yaranmış borcun faktiki və hüquqi əsaslılığının olmaması barədə iddiaçının tələbi (subyektiv hüququ) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında mövcud olmuş təbii qazın alqısatqısına dair müqavilə münasibətləri üzrə cavabdeh tərəfindən hesablanmış borcun əsassız olduğunu iddia edir və iddiasını başlıca olaraq üç arqumentlə əsaslandırır. Belə ki, iddiaçı ilk növbədə istixananın qaz sayğacının nasazlığı nəticəsində istehlak olunmuş qaz sərfiyyatının həcminin düzgün hesablanmadığını, buna görə də qeydə alınmış bütün borc məbləğinin əsassız olduğunu irəli sürür. İddiaçı digər arqumenti ilə, cavabdeh tərəfindən iddiaçı qarşısında abonent kodunda mövcud olan 86527 manat məbləğində borcun ödənilməsi ilə bağlı öhdəlik götürülməsi qarşılığında onunla müqavilə bağlanmasının şərt kimi qoyulmasının, qeyd edilən həmin borc məbləğinin iddiaçı tərəfindən ödənilməsi öhdəliyi barədə tərəflər arasında imzalanmış Razılaşma protokolunun əhəmiyyətsiz əqd olmasına səbəb olduğunu iddia edir. Nəhayət iddiaçı hesab edir ki, 2022-ci ilin dekabr ayına qədər ödənilməli olan 168092,68 manat borc məbləğinin tələb edilə bilinməsi üçün nəzərdə tutulan iddia müddəti cavabdeh tərəfindən ötürüldüyünə görə həmin borc məbləğinin iddiaçının abonent kodunda saxlanılması tamami ilə əsassız və qanunsuzdur və bu səbəbdən abonent kodundan həmin məbləğin silinməsi zəruridir. Məhkəmə, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi yuxarıda qeyd edilən hər bir hala ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir. Lakin, məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının irəli sürdüyü hər bir əsas üzrə iddianı qəbul etmir və öz etirazını onunla əsaslandırır ki, istehlak olunmuş təbii qazın həcmi və dəyəri tərəflərindən düzgün hesablanmışdır. Eləcə də, sayğacın nasaz olması, tərəflər arasında imzalanmış Razılaşma protokolunun etibarsız hesab edilməsi və iddia müddətinin ötürülməsi haqqında iddiaçının tələbinin heç bir əsası yoxdur. Məhkəmə, iddia tələbi üzrə qiymətləndirməyə başlamadan əvvəl ilk olaraq baxılan işin müəyyən edilmiş mübahisəsiz və mübahisəli hallarının qeyd edilməsini də zəruri sayır. Tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə üzrə öhdəlik hüquq münasibətlərinin xx.xx.2020-ci il tarixindən etibarən yarandığı, bu zaman təbii qazın verildiyi istixananın əvvəlki istifadəçisinin abonent kodu üzrə 86527 manat məbləğində borcunun mövcud olduğu, iddiaçı ilə yeni müqavilə bağlanılması və abonent kodunun iddiaçının adına keçirilməsi müqabilində əvvəlki abonentdən qalan 86527 manat məbləğində borcun 2021-ci ilin yanvar ayına kimi hissə-hissə ödənilməsi ilə bağlı iddiaçının öz üzərinə öhdəlik götürməsi barədə tərəflər arasında xx.xx.2020-ci il tarixdə razılaşma protokolunun imzalandığı, həmin protokol üzrə iddiaçı tərəfindən ödəniş həyata keçirilmədiyi, 2023-cü ilin aprel ayından sonra qeyd edilən abonent kodu üzrə təbii qazdan istifadə edilmədiyi, xx.xx.2020-ci il tarixindən 2023-cü ilin sentyabr ayına kimi istehlak edilmiş qazın dəyəri olaraq iddiaçı tərəfindən cavabdehin hesabına ümumilkdə 444000 manat məbləğində ödəniş edildiyi proses iştirakçılarının izahatları və işdə olan mötəbər dəlillərə əsasən müəyyən edilmiş işin mübahisə doğurmayan faktiki hallarını təşkil edir. Baxılan işin mübahisəli hallarını isə mövcud borcun əsaslılığının mübahisələndirilməsi ilə bağlı iddiaçı tərəfindən gətirilən dəlillər təşkil edir. Məhkəmə, iddiaçının tələbinin əsası kimi istinad etdiyi ilk hala, yəni iddiaçıya məxsus olan istixanada quraşdırılmış qaz sayğacının nasazlığı nəticəsində istehlak olunmuş qaz sərfiyyatının həcminin düzgün hesablanmaması barədə iddiaya münasibətdə qeyd edir ki, iddiaçının həmin tələbi məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla qeyd edilən sayğacın nasaz olmasına, sərfiyyatı düzgün hesablamamasına dair hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin “Qaydalar”ın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaydalar”ın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilənin 2.4.1-ci, 2.4.2-ci və 2.4.3-cü bəndlərində, müqavilə ilə müəyyən edilmiş təzyiqdə, həcmdə və dövlət standartlarına uyğun keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qala təmin edilməsini Paylayıcıdan tələb etmək; sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət edilməsini Paylayıcıdan tələb etmək; Paylayıcı tərəfindən bu müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək İstehlakçının hüquqları kimi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən “Qaydalar”da və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərində nəzərdə tutulmasına baxmayaraq iddiaçı tərəfindən istifadəsində olan istixanada quraşdırılmış sayğacın təmiri və ya yenisi ilə dəyişdirilməsinin cavabdehdən tələb edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən işin hallarında göründüyü kimi, istixanada quraşdırılmış 2022-ci ilə qədər mövcud olmuş, eləcə də həmin tarixdən sonra dəyişdirilmiş sayğaclara əsasən hesablanan sərfiyyat üzrə ödənişlər iddiaçı tərəfindən qismən də olsa həyata keçirilmişdir və sayğacın göstəriciləri tərəflər arasında qazın alqı-satqısına dair münasibətlər davam etdiyi müddətdə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma protokolunun əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddiasına münasibətdə hesab edir ki, adı çəkilən razılaşmanın etibarsız əqd hesab edilə bilinməsi üçün hüquqi və faktiki əsaslar baxılan işdə mövcud deyildir. Belə ki, iddiaçı həmin tələbini onunla əsaslandırır ki, iddiaçı ona məxsus olmayan borcun ödənilməsi barədə öhdəliyi, təbii inhisar subyekti olan cavabdehin onunla müqavilə bağlanmasının və abonent kodunun iddiaçının adına keçirilməsinin qarşılığında, üzərinə götürməyə məcbur olmuşdur. Bu isə həmin razılaşmanın qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığına səbəb olduğuna görə əhəmiyyətsiz əqd olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının bu arqumentinə hüquqi qiymət verilməsi üçün ilk olaraq tərəflər arasında imzalanmış razılaşma protokolunun hüquqi mahiyyətinə açıqlıq gətirilməlidir. Belə ki, yalnız bu yolla həmin razılaşmanın etibarlılığı ilə bağlı məsələyə açıqlıq gətirilə bilər. Bunun üçün isə razılaşma protokolunun imzalanmasına qədər tərəflər arasında yaranmış münasibətin xarakteri, tərəflər arasında aparılan danışıq və razılaşmaların predmeti və məzmunu müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 2i ünvanında yerləşən əmlakına qaz təchizatı ilə bağlı qazın alqısatqısı barədə müqavilənin bağlanmasını xahiş etmişdir. Yenə həmin tarixdə tərəflər arasında bağlanmış razılaşma protokoluna əsasən iddiaçı protokol imzalandığı tarixə cavabdehə 86527 manat məbləğində borcunun olmasını qəbul edərək, həmin borcu 2021ci ilin yanvar ayına kimi hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İşdə olan abonent saldosunda olan məlumatlardan və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarından məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixə mövcud olan borc iddiaçıdan əvvəlki abonentə məxsus olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarında həqiqətən həmin borc məbləğinin ödənilməsi barədə öhdəliyin iddiaçının öz üzərinə götürməsinin səbəbinin iddiaçı ilə yeni müqavilə bağlanılması və abonent kodunun onun adına keçirilməsi ilə bağlı tərəflərindən irəli sürülmüş şərtlə əlaqədar olduğunu, yeni abonentlə müqavilə bağlanılması və abonent kodunun yeni istehlakçının adına keçirilməsi üçün həmin kod üzrə mövcud olan borcun bağlanılmasının və ya yeni abonentin həmin borcu öz üzərinə götürməsinin tələb olunduğunu bildirmişdir. Beləliklə müəyyən olunur ki, tərəflər arasında imzalanmış razılaşma protokolunda iddiaçının ödəməyi üzərinə götürdüyü borc məbləği iddiaçıdan əvvəlki abonent tərəfindən təbiii qazın istehlakı nəticəsində yaranmışdır və iddiaçı həmin borc məbləğini ödəməklə bağlı öhdəliyi onunla müqavilə bağlanılmasına və abonent kodunun onun adına keçirilməsinə nail olunması üçün qəbul etmişdir. Məhkəmə, yuxarıda qeyd edilən işin faktiki hallarına əsasən, tərəflər arasında bağlanmış razılaşma protokolunun hüquqi mahiyyəti və həmin razılaşma üzrə münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının təsbiti ilə əlaqədar belə nəticəyə gəlir ki, bu razılaşma ilə öz hüquqi konstruksiyasına görə “öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə” olması etibarı ilə ondan irəli gələn mübahisələrə Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə dair münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 882.1-ci maddəısinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hər bir müqavilədə olduğu kimi, mülki qanunvericilikdə əqdlərin etibarlı hesab edilməsi üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə də şamil edilməlidir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər öhdəliyi öz üzərinə götürməyə dair əqdin etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Məhkəmə hesab edir ki, əqdlərin etibarlılığı ilə bağlı zəruri şərtlər mübahisələndirilən razılaşma protokolunun bağlandığı vaxt mövcud olduğuna görə, onun etibarsız əqd kimi qiymələndirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, işin hallarında göründüyü kimi mübahisələndirilən razılaşma protokolu öz məzmunu, onun iştirakçılarının qarşılıqlı razılaşdırılmış iradə bəyanlarını ehtiva etməsi, həmin iradə bəyanlarının bir-birinə uyğunluğu və digər meyarlara görə əqdlərin etibarlılıq şərtlərinə cavab verir. Məhkəmə, iddiaçının mübahisələndirilən razılaşma protokolunda iddiaçının ödəməyi üzərinə götürdüyü borcun əsil sahibi olmaması barədə arqumentinə münasibətdə qeyd edir ki, mövcud qanunvericilik şəxsin digər şəxs(lər)in kreditor qarşısında olan öhdəliyini öz üzərinə götürməsini qadağan etmir, əksinə öhdəliyin bu qaydada verilməsi əsasları və qaydası mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Digər tərəfdən yuxarıda şərh olunduğu kimi, baxılan işdə tərəflər arasında imzalanmış razılaşma protokolu hüquqi mahiyyəti etibarı ilə öhdəliyi öz üzərinə götürmək haqqında müqavilədir və belə müqavilə münasibətlərinə mülki hüquq subyektlərinin öz sərbəst iradələrinə əsasən daxil olmaları üçün hüquqi maneə yoxdur. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə cavabdehin yeni müqavilənin bağlanması və abonent kodunun onun adına keçirilməsi üçün iddiaçıdan həmin abonent kodu üzrə mövcud olan borcun ödənilməsini və ya bununla bağlı öhdəliyi öz üzərinə götürməsini tələb etmək hüququnu nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “”Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Məhkəmə, yuxarıda şərh olunanlara əlavə olaraq qeyd edir ki, tərəflər arasında imzalanmış razılaşma protokolu, iddiaçıya münasibətdə əhəmiyyətli həcmdə əlavə öhdəlik yaratması nəzərə alınarsa, ağır şərtli əqd hesab edilərək mübahisələndirilə bilərdi. Lakin, bu zaman nəzərə alınmalıdır ki, ağır şərtli əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı qanunla müəyyən müddət nəzərdə tutulmuşdur və həmin müddət isə kəsici müddətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli qərarı ilə bu nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə yuxarıda göstərilənlər əsasən qeyd edir ki, əqdin mübahisələndirilməsi hüququnun realizə edilməsi üçün qanunda nəzərdə tutulmuş kəsici müddətlərin ötürülməsi həmin hüququn xitamı ilə nəticələnir. Buna görə də, baxılan işdə ağır şərtli əqdin mübahisələndirilməsi haqqında iddia həm də kəsici müddət ötürüldüyünə görə təmin edilməməlidir. Məhkəmə, 2022-ci ilin dekabr ayına qədər ödənilməli olan 168092,68 manat borc məbləğinin tələb edilə bilinməsi üçün nəzərdə tutulan iddia müddətinin cavabdeh tərəfindən ötürüldüyünə görə həmin borc məbləğinin silinməsinə dair iddiaçının tələbinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin hissədə iddia qismən əsaslı hesab edilərək iddiaçının abonent hesabından 86527 manat məbləğində borc məbləği silinməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının cavabdehə olan ümumilkdə 188659,02 manat məbləğində olan borc öhdəliiyi iki əsasla yaranmışdır. Ümumi borc məbləğinin 86527 manat olan hissəsi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən, həmin tarixədək iddiaçıdan əvvəlki abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyəri kimi abonent kodunda mövcud olmuş borc öhdəliyini, qalan hissəsi isə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqaviləyə əsasən, müqavilə bağlandığı tarixdən 2023-cü ilin may ayınadək iddiaçı tərəfindən istehlak edilmiş təbii qazın dəyəri olaraq yaranmış borc öhdəliyini təşkil edir. xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən iddiaçı 86527 manat məbləğində borcu hissə-hissə olmaqla 25 yanvar 2021-ci il tarixinə kimi ödəyəcəyinə dair vəd versə də, işdə olan abonentin saldosundan və tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlardan məlum olmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən ödəniş həyata keçirilməmişdir. xx.xx.2020-ci il tarixli, AMX- 4716/20 nömrəli təbii qazın alqı-satqısına dair müqavilə üzrə isə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən 2023-cü ilin sentyabr ayına kimi istehlak edilmiş qazın dəyəri olaraq cavabdehin hesabına ümumilkdə 444000 manat məbləğində ödəniş edilmişdir, bununla da həmin müqavilə üzrə istehlak edilmiş təbii qaza görə iddiaçının 102132,2 manat məbləğində borcu qalmışdır. İddiaçı hesab edir ki, 2022-ci ilin dekabr ayına qədər ödənilməli olan borc məbləği 168092,68 manat təşkil edir və həmin borc məbləğinin tələb olunması üçün nəzərdə tutulmuş iddia müddəti Cavabdeh İB tərəfindən ötürülmüşdür. İddiaçı həmin tələbinin hüquqi əsası kimi vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il təşkil etməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad edir. Məhkəmə, iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüquq normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda şərh olunduğu kimi tərəflər arasında mövcud olan ümumi borc məbləği yaranma əsaslarına görə iki hissədən ibarətdir. Bu baxımdan iddia müddətinin tətbiqinə dair ərizədə silinməsi tələb olunan 168092,68 manat məbləğində ümumi borcla əlaqədar iddia müddətinin tətbiq edilməsi əsasları xx.xx.2020-ci il tarixədək mövcud olan öhdəliklə, iddiaçı tərəfindən istehlak olunmuş təbii qaza görə yaranmış öhdəliyə münasibətdə ayrı-ayrı qiymətləndirilməlidir. Məhkəmə, ilk növbədə xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli təbii qazın alqısatqısına dair müqavilə üzrə iddiaçı tərəfindən istehlak olunmuş təbii qaza görə yaranmış borcun tələb edilməsi üçün iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verərək bu qənaətə gəlir ki, qeyd edilən borcun ödənilməsinin tələb edilməsi üçün nəzərdə tutulmuş iddia müddəti həmin müqavilə üzrə kreditor statusunda olan Cavabdeh İB tərəfindən hazırda ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli təbii qazın alqı-satqısına dair müqavilə üzrə iddia müddətinin ötürülməsi barədə tələbinin faktiki və hüquqi əsası kimi, təbii qazın istifadəsinə görə haqqın aylıq ödəniş qaydasında həyata keçirildiyi üçün vaxtaşırı icra edilməli öhdəlik xarakterində olmasına və belə tələblər üzrə iddia müddətinin üç il təşkil etməsinə baxmayaraq, cavabdehin 2022-ci ilin dekabr ayına hesablanmış borcu üç il müddətində tələb etməməklə bu hüququnu itirməsinə istinad edir. Məhkəmə, xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli təbii qazın alqı-satqısına dair müqavilə üzrə borclunun öhdəliyinin vaxtaşırı icra edilməli öhdəlik olması ilə razılaşmaqla yanaşı qeyd edir ki, həmin öhdəlik tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilə üzrə borclunun (baxılan işdə iddiaçının) kreditor qarşısında olan vahid öhdəliyi kimi xarakterizə edilməlidir. Buna görə də, həmin öhdəlik üzrə müddətlər hər bir ödəniş tarixi üzrə deyil, ümumi müqavilə öhdəliyi çərçivəsində son ödəniş tarixi nəzərə alınmaqla hesablanmalıdır. Belə hesablama aparıldıqda isə müəyyən edilir ki, iddiaçı tərəfindən istehlak edilmiş təbii qazın dəyəri son olaraq 2023-cü ilin sentyabr ayında ödənilmişdir. Buna görə də, həmin müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia müddətinin axımının başlandığı tarix 2023-cü ilin sentyabr ayı qəbul edilməlidir və bununla da həmin müddətin bitmə tarixinin 2026-cı ilin sentyabr ayı olması aşkar olunur. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixli, AMX-4716/20 nömrəli təbii qazın alqı-satqısına dair müqavilə üzrə iddiaçı tərəfindən istehlak olunmuş təbii qaza görə yaranmış borcun tələb edilməsi üçün nəzərdə tutulmuş iddia müddəti hal-hazırda həmin müqavilə üzrə kreditor statusuna malik olan cavabdeh tərəfindən ötürülməmişdir. Məhkəmə, xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən xx.xx.2020-ci il tarixədək mövcud olan borcun tələb edilməsi üçün iddia müddətinin ötürülübötürülməməsi məsələsinə münasibətdə isə belə qənaətə gəlir edir ki, həmin hissədə iddia əsaslıdır. Belə ki, hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən iddiaçı xx.xx.2021-ci il tarixinə kimi ödəməyi üzərinə götürdüyü 86527 manat borc məbləğindən heç bir ödəniş həyata keçirməmişdir. Cavabdeh isə həmin öhdəlik üzrə son icra tarixinin xx.xx.2021-ci il kimi müəyyən edilməsinə, ümumiyyətlə tərəflər arasında təbii qazın alqı-satqısına dair münasibətlərin 2023-cü ilin may ayından etibarən bitməsinə baxmayaraq, həmin borcun ödənilməsinə dair iddiaçıya qarşı tələb irəli sürməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış razılaşma protokolu hüquqi mahiyyəti etibarı ilə öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə olduğuna, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyinə görə, xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən iddiaçının ödəməyi üzərinə götürdüyü 86527 manat borc məbləğinin ödənilməsinin tələb edilməsi müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Belə ki, xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən 86527 manat məbləğində borcun son ödənilmə tarixi xx.xx.2021-ci il kimi müəyyən edilmişdir, digər ifadə ilə tərəflər həmin razılaşma üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyin icra müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə dair razılığa gəlmişlər. Belə olan halda, iddia müddətinin axımı Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən başlamış və Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən xx.xx.2024cü il tarixdə biltmişdir. Bununla da, Cavabdeh İB razılaşma protokoluna görə kreditor statusundan irəli gələn tələb hüququnun səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını itirmişdir, həmin hüquqa xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 11 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.” Konstitusiya Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarında vurğulanmışdır ki, “Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).” Həmin Qərarda əksini tapan digər bir hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 527.1ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür.” Məhkəmə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini və Konstitusiya Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyi birgə təfsir edərək qeyd edir ki, öhdəlik hüquq münasibətlərindən yaranan tələb hüququnun məcburi qaydada reallaşdırılması imkanı müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır. Həmin müddətin üzürsüz səbəbdən ötürülməsi tələbin yönəldilə biləcəyi mükələffiyyətli şəxsin (əksər hallarda borclunun) tələbin hüquqi və faktiki əsasını təşkil edən öhdəliyin icrasından imtina etməsi üçün hüquqi imkan yaradır. Bununla da, kreditorun öhdəliyin icrasını tələb etmək hüququna xitam verilir. Məhkəmə, mülki prosesdə iddiaçı qismində çıxış edən öhdəlik münasibəti üzrə borclu tərəfindən iddia müddətinin keçməsinə istinad edilərək öhdəliyə xitam verilməsinin tələb edilə bilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, əvvəla iddia müddəti institutu tətbiq edilməsi baxımından məhkəmə tərəfindən tələb üzrə iddiadan imtina, yəni iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi üçün nəzərdə tutulmuş maddi hüquqi əsaslardan birini təşkil edir. Nəzərə alınmalıdır ki, bu institutun digər başqa bir formada və məhkəmədən kənar tətbiqi imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə isə (MPM-nin 4 və 5-ci maddələri) məhkəmədə işin başlanması yalnız fiziki və ya hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi halda mümkündür. Bu baxımdan, iddia müddətinin tətbiqinə dair ərizənin mülki prosesdə yalnız cavabdeh tərəfindən və iddia tələbinə qarşı etiraz mahiyyətində verilə bilməsinin qəbul edilməsi iddia müddəti institutunun mahiyyətinə və hədəflədiyi hüquqi məqsədə uyğun hesab edilə bilməz. Belə ki, əvvəla iddia müddəti institutunun da əsas tətbiqetmə məqsədini ifadə edən mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini təmin etmək, öhdəlik hüququnda borcluyla bərabər kreditorun da üzərinə düşən vəzifələrdəndir. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrində də göstərildiyi kimi, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqinin yalnız cavabdeh tərəfindən irəli sürülə biləcəyi qəbul edilərsə, malik olduğu tələb hüququ üzrə iddia müddətinin keçməsini bilən kreditorun həmin tələblə iddia qaldırmadığı halda, tərəflər arasında mövcud olan öhdəlik münasibətlərinin müddətsiz xarakter almasına gətirib çıxaracaqdır. Bu isə qeyd olunduğu kimi, mülki dövriyyənin sabitliyi və hüquq münasibətlərinin müəyyənliyi prinsiplərinin pozulması ilə nəticələnə bilər. Məhkəmə, yuxarıda şərh olunanları və iddia müddəti tətbiq edilməklə öhdəlik üzrə tələb hüququna xitam verilməsi səlahiyyətinin yalnız məhkəməyə məxsus olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, öhdəlik münasibətlərindən yaranan tələb üzrə iddia müddətinin ötürülməsinə tərəflərdən hansının istinad etməsinin maddi hüquqi mənada əhəmiyyəti yoxdur. O da nəzərə alınmalıdır ki, qanunverici iddia müddətinin tətbiqinə dair məsələnin yalnız cavabdehin deyil, mübahisə tərəfinin verdiyi ərizə əsasında baxıla biləcəyini müəyyən etmişdir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, öhdəlikdə borclu olan tərəfin iddia verərək həmin öhdəlik üzrə iddia müddətinin keçməsinə istinad etməsinə və məhkəmənin iddia müddətinin keçməsinə görə kreditorun tələb hüququna xitam verilməsi nəticəsinə gəlməsinə heç bir hüquqi maneə yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli və **********00001 abonent kodu üzrə qazdan istifadəyə görə hesablanmış 188659,02 manat məbləğində borcdan, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Razılaşma protokolu”na əsasən hesablanmış 86527 manat məbləğində olan hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2i ünvanında yerləşən İddiaçı istifadəsində olan istixananın **********00001 abonent kodu üzrə qazdan istifadəyə görə hesablanmış 188659,02 manat məbləğində borcdan, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Razılaşma protokolu”na əsasən hesablanmış 86527 manat məbləğində olan hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3218/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3218/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver