Məhkəmə qərarları › İş №e-2-2(121)-34/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-34/2025

27.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-34/2025 27.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının istifadəsində olan 75 ha olan torpaq sahəsindən 17 ha olan hissədən çıxarılması, 2021-ci il tarixdən 2023-cü il tarixədək əldən çıxmış faydaya görə 38760 manat pulun, 206,28 manat ödənilmiş dövlət rüsumunun və 200 manat mediasiya üçün çəkilmiş xərcin, ümumilikdə 39166,28 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra “İddiaçı”) bir qayda olaraq mülki dövriyyədə kənd təsərrüfatı məhsullarının idxalçısı, istehsalçısı və satıcısı qismində çıxış edir. Biləsuvar rayonunda yerləşən ümumi sahəsi 75 ha olan torpaq sahəsi Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 14 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC-yə (bundan sonra “İddiaçı”) 15 il müddətinə icarəyə verilmişdir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********269 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdadır. Qeydiyyat tarixi: xx.xx.2022). Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçının istifadəsində olan 75 ha olan torpaq sahəsindən 17 ha-dək olan hissəni 2021-ci il tarixdən qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə şifahi xəbərdarlıq edilsə də o, hələ də 17 ha torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. 2021-ci il tarixdən 2023-cü il tarixədək cavabdeh tərəfindən zəbt olunmuş 17 ha torpaq sahəsində Şirkət kənd təsərrüfatı məhsullarını əkə bilməyərək oradan qazanc götürə bilmir, halbuki, indiyədək 17 ha sahədə il ərzində arpa bitkisi əkilsəydi 1 ha torpağa 2 ton məhsul, 17 ha torpağa isə 34 ton məhsul əldə oluna bilərdi. Arpa məhsulunun 1 tonunun satış qiyməti 380 manat olaraq hesablanır. 1 il ərzində 34 ton arpa məhsulundan 12920 manat, 2021-ci ildən 2023-cü il tarixədək isə ümumi 38760 manat gəlir əldə oluna bilərdi. Cavabdeh 2 il müddət ərzində həmin 17 ha torpaq sahəsində arpa bitkisini əkərək Şirkətə maddi zərər vuraraq əsassız varlanmışdır. Mübahisənin həll edilməsi üçün Cavabdeh mediator vasitəsilə xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra mediator iddiaçıya cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim etmişdir. İddiaçı “X7 “MMC –nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəsi ilkin olaraq Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 08 fevral 2001-ci il tarixli 62 saylı sərəncamı və 01 may 2001ci il tarixli 0023 saylı torpaq icarə müqaviləsi əsasında Dövlət qış otlaq fondundan 150 hektar torpaq sahəsi mal-qara saxlamaq üçün 15 il müddətinə onun mərhum atası X3 icarəyə verilmişdir. Həmin icarə hüququ qeydiyyata alınmış və bu haqda atasının adına “Torpaqdan istifadə hüquqununa dair” JN 4074 nömrəli Şəhadətnamə verilmişdir. 23 aprel 2011-ci il tarixdə atası X4 vəfat etmişdir. Onun vəfatından sonra qanuna əsasən onun vərəsəsi kimi Cavabdeh icarə münasibətlərinin davamçısı olmağı haqda Biləsuvar rayon İcra hakimiyyətinin Başçısına ərizə ilə müraciət etmişdir və həmin torpaq sahəsi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2013-cü il tarixli 253 saylı sərəncamı və 30 sentyabr 2013-cü il tarixli 73 nömrəli torpaq icarə müqaviləsi əsasında 150 hektar qış otlaq sahəsi 15 il müddətinə Cavabdeh icarəyə verilmişdir. Həmin torpaq sahəsi 30 sentyabr 2013-cü ildən rəsmi olaraq onun icarəsindədir. Cavabdeh isə 2021-ci ildən icarəsidə olan torpaq sahəsi ilə qonşuluqda torpaq sahəsini icarəyə götürmüşdür. Qeyd olundunğu kimi, torpaq sahəsi 2001-ci ildən onun icarəsindədir. İddiaçı isə həmin ərazidə 2021-ci ildə 20 il sonra icarəyə torpaq götürmüşdür. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında iddianı qəbul etmədiyini, ekspert rəyi ilə razılaşmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 253 nömrəli sərəncamına əsasən, Biləsuvar rayon Nərimankənd kənd sakini Cavabdeh heyvandarlıq məqsədi üçün dövlət ehtiyat fondu torpaqlarında 10 №-li "Hümbətəli" qışlağının ərazisində 150 (yüz əlli) hektar qış otlaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 73 nömrəli icarə müqaviləsindən görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 253 nömrəli sərəncamına əsasən 150 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 221 nömrəli sərəncamına əsasən, heyvandarlığın inkişafı məqsədilə 256,0 hektar qış otlaq sahəsinin 15 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14 nömrəli icarə müqaviləsindən görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 221 nömrəli sərəncamına əsasən 250 hektar torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 228 nömrəli sərəncamına və xx.xx.2021-ci il tarixli 14 saylı icarə müqaviləsinə əsasən, Biləsuvar rayonunda yerləşən ümumi sahəsi 75 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin ərizəsinə əsasən xx.xx.2024-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 X2 hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-872/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/368 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4468/2024 saylı mütəxəssis rəyinə əsasən, iddia tələbinə görə Biləsuvar rayon İcra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 253 nömrəli sərəncamına və xx.xx.2013-cü il tarixli 73 nömrəli torpağın icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmiş 150 hektar torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması səbəbindən, iş materiallarında olan "Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN- 4074 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh mərhum atası X3 icarəyə verilmiş 150,0 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında 4074 kimi öz əksini tapmadığından, koordinat göstəricilərsiz olan şəhadətnamənin yerini müəyyən etmək mümkün olmadığından bu torpaq sahəsinin kateqoriyasını, məqsədli təyinatını, statusu və hüquqi rejimini, sənəd üzrə naturadakı yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən cavabdehin faktiki istifadəsində olan 168,4086 ha torpaqsahəsinin dövlət mülkiyyəti kimi saxlanılmış ərazinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarına əsasən sözügedən torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmaması səbəbindən naturadakı yeri ilə sənəd üzrə yerinin üst-üstə düşüb-düşməməsini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4468/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında **********69 reyster nömrəli Çıxarışın A№ 695777 seriyalı "Torpaq sahəsinin planı ve ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən "xxxx" MMC-nin icarəsinə (istifadəsinə) verilmiş, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli təyinatıkənd təsərrüfatı məhsullarının istehsalı (əkinçilik) üçün dövlət mülkiyyətində saxlanılmış 75 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). İş materiallarında olan **********69 reyestr nömrəli çıxarışın A№ 695777 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarının hüdudları daxilində naturada yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti (iddia tələbinə görə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 44,0371 ha mübahisələndirilən hissəsi də daxil olmaqla) üsr-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4468/2024 saylı mütəxəssis rəyinə əsasən, iddia tələbinə görə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2013-cü il tarixli 253 nömrəli sərəncamına və 30 sentyabr 2013-cü il tarixli 73 nömrəli torpağın icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmiş 150 hektar torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin olmaması səbəbindən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında **********69 reyster nömrəli çıxarışın A№ 695777 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən “Aqropark-Yaşıl Ada" MMC-nin icarəsinə (istifadəsinə) verilmiş 75 ha torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında **********69 reyestr nömrəli Çıxarışın 695777 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən "xxxx" MMC-nin icarəsinə (istifadəsinə) verilmiş 75 ha torpaq sahəsinin 14,0371 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olan 168,4086 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər materiallara əsasən müəyyən edilmiş işin faktiki halları belədir ki, iddiaçı icarə hüququ ilə ona məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyini iddia edir, cavabdeh isə istifadə etdiyi torpaq sahəsinin iddiaçıdan əvvəl qanuni əsaslarla onun istifadəsində olduğunu, onun və iddiaçının istifadəsində olan torpaq sahələrinin başqa-başqa yerlərdə yerləşdiyinə görə üst-üstə düşmədiyini bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan mübahisə onların istifadələrində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə öz hüquqi həllini tapa bilər. Qeyd edilən xüsusatlar isə ilk növbədə xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutların qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəli hallarının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olub-olmaması, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələləri həllini tapacaqdır. Məhkəmə qeyd edir ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/368 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə, "xxxx" MMC-nin icarəsinə (istifadəsinə) verilmiş 75 ha torpaq sahəsinin 14,0371 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, baxılan işin xüsusi bilik tələb edən mübahisəli halı ilə bağlı ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspertizanın nəticəsinə dair rəyin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirildiyinə görə, rəy məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, rəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılarkən mövcud kadastr və reyestr məlumatları əsas götürülmüş, tərəflərə məxsus sənədlər həmin məlumatlara əsasən qiymətləndirilmişdir. Məhkəmə, ekspert rəyini (mütəxəssi rəyi ilə birlikdə) işdə olan digər sübut əhəmiyyətli materiallarla birgə qiymətləndirərək hesab edir ki, rəy mövcud qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq tam və obyektiv şəkildə hazırlanmışdır. Ekspert rəyinin mötəbərliliyini şübhə altına ala biləcək xüsuslar məhkəmə tərəfindən müəyyən edilmədiyi kimi, cavabdeh tərəfindən də ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, təqdim olunmuş ekspert rəyi mötəbər və yetərli sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququnun olması işdə olan digər sənədlərlə də təsdiq olunur. Belə ki, işdə olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 228 nömrəli sərəncamına və xx.xx.2021-ci il tarixli 14 saylı icarə müqaviləsinə əsasən, Biləsuvar rayonunda yerləşən ümumi sahəsi 75 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (66.1). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (66.2). 67-ci maddəsinə əsasən,

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, zəbt edilmiş torpaq sahəsinin boşaldılması hissəsində iddia tələbi həm təyin edilmiş ekspertizanın nəticələrinə dair rəylə, həm də işdə olan digər sənədlərlə öz təsdiqini tapdığına görə əsaslı hesab edilməlidir və iddiaçının həmin tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olması təsbit edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı torpaq sahəsinin icarəçisi statusundan irəli gələn qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini digər şəxslərin qanunsuz müdaxilələrindən qorumaq və bununla əlaqədar hüquq müdafiə vasitələrindən istifadə etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1 və 706.2-ci maddələrinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinin 3-cü hissəsinə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən, icarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, iddia tələbini qismən təmin edərək nəzərə alır ki, işdə olan ekspert rəyinə əsasən zəbt edilmiş torpaq sahəsinin ölçüsü 14,0371 hektar təşkil edir. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqlarının müdafiəsi üçün iddiaçı "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar mediasiya xərcinin ödənilməsi ilə iddiaçıya əlavə zərər vurulmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iddia tələbini 2021-ci il tarixdən 2023-cü il tarixədək əldən çıxmış faydaya görə 38760 manat pulun cavabdehdən tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, həmin hissədə iddia tələbinin maddi hüquqi əsasını cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində əldən çıxamış fayda şəklində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərərk bu nəticəyə gəlir ki, iddiaçı əldən çıxmı fayda şəklində zərərin ödənilməsinə dair öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması, həmin zərərin yaranmasında borclunun təqsirinin müəyyən olunması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mülki hüquq pozuntusu öhdəlik hüquq münasibətləri üzrə yarana bildiyi kimi (Mülki Məcəllənin 443-cü maddəsi), hüquqa zidd təqsirli hərəkət və ya hərəkətsizliyə yol verilməsi nəticəsində də (Mülki Məcəllənin 1096-cı maddəsi) meydana gələ bilər. Baxılan işin hallarından görünür ki, iddiaçı zəbt olunmuş torpaq sahəsində arpa məhsulu əkiləcəyi halda oradan gəlir əldə edə biləcəyini əsas tutaraq cavabdehə qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə tələb irəli sürmüşdür. Lakin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində arpa bitkisinin əkilməsi üçün görülən tədbirlər, həmçinin bu məqsədlə aparılmış hazırlıq işlərinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu məbləği dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır, həmçinin ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

qət etdi:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 14 saylı icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin istifadəsində olan 75 ha torpaq sahəsinin 14,0371 ha hissəsindən çıxarılsın. Cavabdeh ödənilmiş 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 206,28 manat ödənilmiş dövlət rüsumu məbləği dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-nə geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar