Məhkəmə qərarları › İş №e-2-2(121)-340/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-340/2025

05.03.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-340/2025 05.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "Sabirabad Quşçuluq Şirkəti” MMC-nə qarşı cəmiyyətin iştirakçılarının ümumi yığıncağının iclasının keçirilməsinin təmin edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Sabirabad Quşçuluq Şirkəti” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Sabirabad Quşçuluq Şirkəti” MMC-də (VÖEN: 680093444A1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3-cü maddəsində müəyyən edilmiş cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2- ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında məsələlər üzrə qərar qəbul etmək üçün Cəmiyyətin iştirakçıların Ümumi Yığıncağının "Sabirabad Quşçuluq Şirkəti” MMC Direktoru Cavabdeh1 və "Sabirabad Quşçuluq Şirkəti” MMC-in tərəfindən keçirilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Sabirabad Quşçuluq Şirkəti” MMC (bundan sonra Şirkət adlandırılacaq) İddiaçı2 və İddiaçı1 atası Babaşov Adışirin Stam oğlu tərəfindən 2015-ci ildə yaradılmışdır. Lakin Babaşov Adışirin Stam oğlu onun tərəfindən yaradılan və bütün maliyyə vəsaitləri onun tərəfindən ödənilən Şirkəti qardaşı hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 yalnız idarəetmə üçün vermişdir. Eyni zamanda, təsis payları Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Şirkətin yaradılmasından məlumatlı olan bütün şəxslər bu faktı təsdiq edə bilər. Yəni, Cavabdeh1 Şirkətin yaradılması zamanı heç bir maliyyə vəsaitini bu Şirkətə qoymamış, 2015-ci ildə Nizamnamə kapitalının formalaşmasından başlayaraq, şirkətin yaradılması, işə başlaması və fəaliyyətinin zəruri təmin edilməsi ilə bağlı bütün maliyyə vəsaitləri məhz atamız Babaşov Adışirin Stam oğlu tərəfindən ödənilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən hal-hazırda "Sabirabad Quşçuluq Şirkəti” MMC-in 50 % təsis payı İddiaçı1 (25% olmaqla) və İddiaçı2 (25% olmaqla) məxsusdur, digər 50% isə Cavabdeh1 adında qalmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 2-12/2-B-xx-xx/2025 nömrəli müraciətə baxılması barədə “LCG” Vəkil Bürosuna ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh2 (VÖEN: **********) təsisçilərinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər ümumi yığıncağının protokolunun (qərarın) qeydiyyat orqanına təqdim edilib-edilməməsi baradə arayışın verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 300/25 saylı müraciətə baxılaraq bildirilmişdir ki, “Sabirabad Quşçuluq Şirkəti MMC (VÖEN: 68G0B34441) tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizəyə xx.xx.2022-ci il tarixli cəmiyyətin təsisçilərinin qararı əlavə olunmuşdur. Qərarda təsisçilərin nizamnamə kapitalındakı payları müvafiq olaraq Cavabdeh1 oğtu - 50 %, İddiaçı1 - 25 % və İddiaçı2 - 25% olaraq qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cəmiyyətin ümumi yığıncağının 20 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək keçirilməsi üçün şərait yaradılması Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 xahiş edilmişdir. Beləliklə, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 MMC-nin payçılarıdırlar (iştirakçıları) və cəmiyyətin payçıları olaraq cavabdehə müraciət edərək Cəmiyyətin ümumi yığıncağının keçirilməsini xahiş etmişlər. İddia tələbinin maddi hüququ əsası kimi məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 87.9-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir. 91.1.-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. 91.1-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Sadalanan maddi hüquq normlarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıların iştirakçıları (payçıları) olduqları məhdud məsuliyyətli cəmiyyətin idarə olunmasında iştirak etmək, cəmiyyətin fəaliyyəti barədə məlumat almaq, bununla əlaqədar müvafiq sorğular vermək, həmçinin cəmiyyətin ümumi yığıncağının çağırılmasını, keçirilməsini tələb etmək hüquqları vardır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı, Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının keçirilməsinin təmin edilməsinə dair tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "Sabirabad Quşçuluq Şirkəti” MMC-nin və "Sabirabad Quşçuluq Şirkəti” MMC-nin direktoru Cavabdeh1 üzərinə "Sabirabad Quşçuluq Şirkəti” MMC-nin ümumi yığıncağının çağırılması vəzifəsi qoyulsun. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar