Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-356/2025 25.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1505,16 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 6 manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 manat xərc və 39 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 1850,16 manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında, distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №1557 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 avqust 2024-cü il tarixdə tərəflər arasında imzalanmış sonuncu üzləşdirmə aktlarının məzmunundan görünür ki, Cavabdeh İnteqral QSC-nə 31 iyul 2024-cü il tarixinə rəsmi müqavilə Lenova Tab üzrə aldığı mallara görə 62,16 manat və rəsmi müqavilə Xiaomi üzrə aldığı mallara görə 843 manat, ümumilikdə 1505,16 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, Cavabdeh 1105,16 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 6 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 39 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 1450,16 manatın tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1557 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. İş materiallarında olan, İnteqral” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1557 nömrəli diler müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavənin şərtlərinə görə :
1. Cəmiyyət dilerlərə 1 (bir) ay qabaqcadan məlumat verməklə, borcunun sıfırlanmasını tələb edə bilər.
2. Borcun dövri sıfırlanması hər təqvim ilinin fevral ayında həyata keçirilir.
5. Bu əlavəyə əsasən, Dilerə Distrübyutordan aldığı mallara görə ödəniş üçün malların alındığı gündən hesablanmaqla 14 gün möhlət verilir. Həmçinin dilerin möhləti ödəniş hüququ olan malların ümumi dəyəri 2000 manatdan çox olmamalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, həmin aktla Cavabdeh İddiaçı QSC-yə 1505,16 manat borcunun olmasını tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu 1505,16 manat təşkil edir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən “Sirius” Vəkil Bürosuna hüquqi xidmətə 300 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə yaranmış 1505,16 manat məbləğində borcun 1 həftə ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə cavabdehə təqdim etməklə onun mülkiyyətinə vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 1105,16 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, tərəflər arasında imzalanmış üzləşmə aktlarına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işdə olan üzləşmə aktından görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya 1505,16 manat məbləğində borcunun mövcud olduğunu etiraf etmişdir. Məhkəmə, tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixinə iddiaçıya 1505,16 manat məbləğində borcunun olmasını xx.xx.2024-cü il tarixli Üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən mübahisələndiriməmiş üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının alqısatqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, göstərilmiş hüquqi yardım xidmətinə görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini cavabdehdən gecikdirilmiş dövr üçün 6 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, iddiaçı gecikdirilmiş dövr üçün pul tələb etsə də, həmin dövrün hansı zaman aralığını əhatə etməsini əsaslandırmamışdır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Nəticə hissəsi:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119 və 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1105,16 manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1444,16 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov