Məhkəmə qərarları › İş №e-2-2(121)-37/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-37/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-37/2023 11.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakİ ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 iyun tarixli 09/00024295 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1.500 (bir min beş yüz) manat borcun və 60,00 (altmış) manat mediasiya xərcinin, cəmi: 1.560 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 09/00024295 nömrəli operativ lizinq müqaviləsinə əsasən Shuangli SL-3588 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 1 500,00 (bir min beş yüz) manat öhdəlikdən heç bir ödəniş etməmişdir. Cavabdehin Cəmiyyətə hal-hazırda 1 500,00 (bir min beş yüz) manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 01 iyun 2019-cu il tarixli, 09/00024295 saylı müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə texnikanın ödəniş məbləği 1.500 manat olan, 2 ay müddətinə, Shuangli SL-3588 markalı, buraxılış ili 2005-ci il olan, 06020242 mühərrik nömrəli, 50694063 şassi nömrəli taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən 22 aprel 2019-cu il tarixli, 32 nömrəli “texniki vəziyyət haqqında” 1 saylı aktdan görünür ki, Shuangli SL-3588 markalı, buraxılış ili 2005-ci il olan, 06020242 mühərrik nömrəli, 50694063 şassi nömrəli taxılyığan kombayn "xxxx" ASC-nin Sabirabad RN-nin Saatlı rayon bölməsinin rəhbəri Şahid tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən 17 iyun 2019-cu il tarixli, “texniki vəziyyət haqqında” 2 saylı aktdan görünür ki, Shuangli SL-3588 markalı, buraxılış ili 2005-ci il olan, 06020242 mühərrik nömrəli, 50694063 şassi nömrəli taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-nin Sabirabad RN-nin Saatlı rayon bölməsinin rəhbəri Şahid təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən 01 iyun 2019-cu il tarixli, 09/00024295 saylı müqavilə əsasında müəyyən edilmiş 1.500 manat ödəniş məbləğindən heç bir ödəniş etməmişdir. İş materiallarında olan İddiaçı ASC ("xxxx" ASC) tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ("xxxx" ASC) borclu Cavabdeh pretenziya məktubu ünvanlayaraq yaranmış 1.500 manat məbləğində borcun qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində 2019-cu ildə "xxxx" ASC-nin Sabirabad RN-nin Saatlı rayon bölməsinin rəhbəri vəzifəsində işlədiyini, 17 iyun 2019-cu il tarixli, “texniki vəziyyət haqqında” 2 saylı aktı imzalayaraq Shuangli SL-3588 markalı, buraxılış ili 2005-ci il olan, 06020242 mühərrik nömrəli, 50694063 şassi nömrəli taxılyığan kombaynı Cavabdeh təhvil aldığını, sonradan həmin aktın surətini çıxardıb əslini baş idarəyə göndərdiyini bildirdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01 iyun 2019-cu il tarixli, 09/00024295 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Tərəflər arasında imzalanmış 17 iyun 2019-cu il tarixli, texniki vəziyyət haqqında 2 saylı akta əsasən taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-nin Sabirabad RN-nin Saatlı rayon bölməsinin rəhbərinə təhvil verilmişdir. Cavabdeh tərəflər arasında imzalanmış müqaviləyə əsasən 2 ay müddətinə lizinqə götürdüyü ümumi ödəniş dəyəri 1.500 manat olan kənd təsərrüfatı texnikasını 01 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixə kimi, yəni 17 gün müddətində istifadə etmişdir. Bu hal həm iş materiallarında olan sənədlərlə, həm də şahid ifadəsi ilə də öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, istər Mülki Məcəllənin, istərsə də tərəflər arasında bağlanılmış müqavilənin tələblərinə əsasən texnikanın saz vəziyyətdə saxlanılması cavabdehin öhdəliyidir. Lakin, hazırki iş üzrə texnikanın istismarının dayanması və nasazlığın aradan qaldırılmasının qeyri-müəyyən vaxt və vəsait tələb etməsi cavabdehin həmin texnikadan müqavilədə nəzərdə tutulmuş müddət ərzində, yəni 2 ay müddətində deyil, yalnız 17 gün istifadə etdiyi və həmin texnikadan 2 ay müddətində bəhrələnmədiyi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, qanunvericiliyin tələbinə əsasən texnikanın yalnız istifadə müddətinə görə ödənişin hesablanılmalı olduğunu qeyd edərək texnikadan istifadənin 1 gün üçün nəzərdə tutulmuş lizinq ödənişinin 25 manat (1.500 manat : 60 gün = 25 manat) olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə, qeyd edir ki, lizinq - əmlakın müvəqqəti istifadə üçün verilməsi və ya alınması deməkdir. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Məhkəmə eyni zamanda qeyd edir ki, istifadə hüququ əmlakın istehlak dəyərindən bəhrələnmək, onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməklə əlaqədar imkanları ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında olan müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, texnikanın istifadə dövrü 01 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixədək qəbul edilməli, həmin dövr ərzində istifadəyə verilən texnikaya görə cavabdeh tərəfindən iddiaçıya 425 manat (17 gün * 25 manat = 425 manat) məbləğində pul ödənilməldir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddianın 425 manat hissəsi təmin edilərək, iddia qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 425 manat məbləğində borc və ödənilmiş mediasiya xərcinə görə 30 manat olmaqla, ümumilikdə 455 (dörd yüz əlli beş) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar