Məhkəmə qərarları › İş №e-2-2(121)-370/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-370/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-370/2020 21.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızının, Cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Abdullayev Vasif Əlövsət oğluna qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abdullayev Vasif Əlövsət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş qalan 329 manat borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 49,44 manat faiz borcunun, həmçinin dövlət rüsumu və bank xərci olaraq 31 manat, ümumilikdə 410,24 manat məbləğində pul vəsaitinin tutulmasıbarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh Abdullayev Vasif Əlövsət oğlu sement satışı ilə məşğul olan “Holcim” zavodunun dileri olan İddiaçı MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürmüş, dəyəri tam ödəməmiş və hazırki tarixə 329,6 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəmək istəməmişdir. Sonuncu dəfə pretenziya məktubu ilə ona xx.xx.2019-cu il tarixdə müraciət edilərək ən geci 3 gün ərzində borclu olduğu pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə məlumat vermişdirlər. Lakin bugünə kimi hər hansı bir məbləğ ödənilməmişdir.Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nümayəndəsi və vəkili X11 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli, A********** saylı yüknəqliyyat qaiməsindən (borc məbləği yalnız bu qaiməyə əsasən tələb edilir) görünür ki, həmin qaimə əsasında 3,20 ton R Optimal markalı sement məhsulu Lənkəran rayonu, Böyük Bazarda fəaliyyət göstərən Vasif Abdullayevə ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan Abdullayev Vasif Əlövsət oğlunun Qaradağ Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatının surətində qeyd olunur ki, Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən mağazanı o kirayə işlədir. İşlədiyi mağazanın VÖENvardır. X9 Əlövsət oğlu İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli, 405309 saylı və xx.xx.2016-cı il tarixli, 258641 saylı qaimələrindən görünür ki, xx.xx.2016-cı ildə 329,60 manat, xx.xx.2016-cı il tarixdə 494,40 manat borcunuz olmuşdur. Həmin qaimələr sizə təqdim olunur bununla bağlı nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, ona təqdim olunmuş qaimələri gördü. Həmin məbləğləri o ona sement məhsulları verən Seymur adlı şəxsə ödəmişdir. Onun sement məhsullarına görə heç kimə borcu yoxdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Abdullayev Vasif Əlövsət oğluna ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər Abdullayev Vasif Əlövsət oğlu tərəfindən şirkətlərindən təhvil alınmış sement məhsuluna görə 329,6 manat məbləğində borcunun qaldığı bildirilmiş, qalıq borcunu qısa müddətdə, ən geci 3 gün ərzində ödəmədiyi təqdirdə borc tələbi üzrə aidiyyəti məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə Abdullayev Vasif Əlövsət oğlu məlumatlandırılmışdır. İş materiallarında olan Abdullayev Vasif Əlövsət oğlu tərəfindən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli pretenziya məktubuna cavab olaraq ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd olunur ki, fiziki şəxs kimi onun rəhbərlik etdikləri şirkətlə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi heç bir mülki müqaviləsi olmamış, şirkətləri qarşısında heç bir öhdəlik götürməmişdir. Məktublarında qeyd etdikləri kimi xx.xx.2016-cı il tarixdə 476,4 manat dəyərində 4,8 ton çəkidə 120 kisə və xx.xx.2016-cı il tarixdə 381,6 manat dəyərində 3,2 ton çəkidə 80 kisə sementi şirkətlərindən təhvil almamışdır. 2016-cı ildə o şirkətlərinin nümayəndəsi kimi özünü təqdim edən Seymur adlı şəxsdən 40 kisə sement almışdır, həmin sementin pulunu şifahi razılaşmaya əsasən hissə-hissə 2016-cı ildə tam ödəmişdir. Hal-hazırda şirkətlərinə heç bir borcu yoxdur. İş materiallarında olan “Holcim (Azərbaycan” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015-2570 364363 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Holcim (Azərbaycan)” ASC ilə İddiaçı MMC arasında sement satışına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ƏDV daxil olmaqla R Optimal markalı sementin 1 tonunun qiyməti 112,69 manat, R Sprint markalı sementin 1 tonunun qiyməti 135,70 manat, R Spesial markalı sementin 1 tonunun qiyməti 128,03 manat, Qaradağ Kompakt markalı sementin 1 tonunun qiyməti 141,60 manat müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunan etiraz və etiraza əlavədə qeyd olunur ki, iddianı qəbul etmirlər. İddia ərizəsi qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib edilmişdir. Həmin iddia başa düşülən deyildir. İddiada kimin nə vaxt, harada, kimdən hansı miqdarda, hansı qiymətə sement alıb- almaması göstərilməmişdir. İddiada yalnız bir cümlə ilə Vasif Abdullayevin sement satışı ilə məşğul olan “Holcim” zavodunun dileri olan İddiaçı» MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil aldığı və dəyərinin tam ödənilmədiyi, hazırkı vaxta kimi onun həmin cəmiyyətə 329,6 manat borcu qaldığını və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu olduğu məbləği ödəmək istəmədiyi göstərilmişdir. Daha sonra isə yalnız sonuncu dəfə pretenziya məktubu ilə ona xx.xx.2019-cu il tarixdə müraciət edərək ən geci 3 gün ərzinə borclu olduğu pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbardar edildiyi göstərilmiş və tərəflər arasında guya hər hansı bir müqavilə olmuşdur deyə Mülki Məcəllənin müvafiq normalarına istinad edilmişdir. Tərəflər arasında ümumiyyətlə heç bir müqavilə olmamış və heç vaxt cavabdeh Vasif Abdullayev həmin zavod, yaxud da dileri olan cəmiyyətdən heç bir sayda sement almamış və onara heç bir borcu da yoxdur. İddiaçı təşkilat təkcə cavabdeh Vasif Abdullayevə qarşı deyil, Lənkəran rayonunun və eləcə də digər rayonun vətəndaşlarına qarşı eyniməzmunlu pul tələbləriilə əlaqədar məhkəmələrə müraciət etmişdir. Bütün iddialar da heç bir sübutla əsaslanmamışdır. Cavabdeh Vasif Abdullayev Lənkəran rayonunda vergi ödəyicisi olaraq inşaat mallarının satışı ilə məşğul olan şəxsdir. O, Lənkəran şəhərində inşaat mallarının satışı ilə məşğul olan X1 alaraq aparıb özünün işlədiyi dükanda satmış və pullarını da sementi aldığı Seymur adlı şəxsə ödəmişdir. Seymur Fətullayev də öz növbəsində həmin sementi aldığı və özünü ona zavodun səlahiyyətli nümayəndəsi kimi tanıtdıran Elçin Həsənov adlı şəxsə əksər hallarda bank vasitəsi ilə, bəzən də Bakı şəhərinə gedən taksilərlə müxtəlif vaxtlarda göndərmişdir. Bu barədə rəsmi ödəmələri özündə əks etdirən qəbzlər məhkəməyə təqdim edilmişdir. Hazırkı iddiaya kimi İddiaçıMMC X5 qarşı da eyni məzmunlu iddia ilə müraciət etmiş və ondan 13.872,6 manat pul tələbinə dair işə Şirvan İnzibati-İqtisadi Məhkəməsində xx xxxxxxxx 2019-cu il tarixdə baxılaraq 2-2 (086)-446/2019 nömrəli qətnamə qəbul edilərək iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən də görünür ki, özünü şirkətin və daş karxanalarının nümayəndəsi və Fövqaladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinin işçisi kimi Seymur Fətullayev təqdim edən Elçin Həsənov adlı şəxs 2016-cı ildə Lənkəran şəhərinə gələrək ona sement satışı ilə məşğul olduğunu, ona və eləcə də tapacağı müştərilərə istənilən həcmdə sement sata biləcəyini, hətta ona aylıq 500 manat əmək haqqı da verəcəyini bildirmiş, daha sonra Seymur Fətəliyev həmin Elçin Həsənovu aparıb Lənkəran rayonu ərazisində sement satışı ilə məşğul olan vətəndaşlarla tanış etmiş, Elçin həmin sahibkarlara da gətirib sement paylayaraq özü və bəzən də Seymur vasitəsi ilə satılan sementlərin pullarını almışdır. Daha sonra Bakıdan gələ bilmədikdə Seymur Fətullayevə zəng edərək pulları vətəndaşlardan alıb onun verdiyi hesaba köçürməsini xahiş etmiş, Seymur da aldığı pulları dərhal Bakıya gedən taksi maşınları ilə Elçinə göndərmişdir. Daha sonra Elçin Həsənov ona verilən pullar barədə heç kimə deməməsini Seymur Fətullayevə dedikdən sonra Seymur ondan şübhələnmiş və bu səbəbdən də sahibkarlardan topladığı pulları artıq bank vasitəsi ilə həmin hesaba köçürmüşdür. Sözügedən iddia Seymur Fətullayevə qarşı qaldırıldıqdan sonra Seymur Fətullayevin və eləcə də İddiaçıMMC-nin şikayətlərinə əsasən Elçin Həsənov barəsində araşdırılma aparılaraq cinayət işi başlanılması rədd edilmişdir. Seymur Fətullayevin Baş Prokurorluğa, Daxli İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Korrupsiyaya qarşı Mübarizə idarəsinə ünvanladığı saysız-hesabsız şikayətləri olmaqla hazırda da Elçin Həsənov barəsində olan şikayətlər araşdırılmaqdadır. Seymur Fətullayev barədə çıxarılmış qətnamədən də görünür ki, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında əvvəllər Elçin Həsənov adlı şəxsi tanımadıqlarını bildirsələr də, sonradan, yəni son məhkəmə iclasında cavabdeh X2 təqdim etdiyi saxta müqaviləni təqdim etdikdən sonra iddiaçının nümaynədəsi Elçin Həsənovun şirkətin qeyri rəsmi agenti olduğunu, təsisçi ilə birlikdə Fövqəladə Hallar nazirliyində işlədiyindən təsisçinin ondan satış yeri tapmaqda köməklik etməsini xahiş etdiyini bildirmişdir.Bütün bunlar artıq saxtakarlıqlardan, cinayət xarakterli işlərdən xəbər verir. İddiaçıMMC Elçin Həsənov barədə özü istintaq orqanlarına və eləcə də məhkəmələrə şikayət etdiyi halda, ondan heç bir məbləğdə pul ala bilməyəcəyini, kimlərinsə həmin şəxsi himayə etdiyini başa düşərək artıq heç bir günahı olmayan, aldıqları sementin pullarını sementi aldığı şəxsə, yəni Elçin Həsənova və eləcə də onun qeyri-rəsmi nümayəndəsi Seymur Fətullayevə verdikləri və Seymur Fətullayevin də həmin pulları Elçin Həsənova rəsmi olaraq bank vasitəsi ilə, eləcə də taksilərlə göndərməsinə baxmayaraq yenidən həmin şirkət tərəfindən vətəndaşlardan tələb edilir. Soruşulmalıdır ki, həmin vətəndaşlar görəsən həmin şirkəti tanıyırlarmı, yaxud həmin şirkətin rəhbərliyi, yaxud da hər hansı bir nümayəndəsi həmin vətəndaşla hər hansı bir müqavilə bağlamışdırmı, yaxud aparıb onlara sement satmışdırmı ki, hazırda onlardan sement pulu tələb edirlər. Cavabdeh Vasif Abdullayevə göndərilən xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubuna cavab olaraq Vasif Abdullayev xx xxxxxx 2019-cu il tarixdə rəsmi cavab göndərərək heç vaxt həmin şirkət ilə müqaviləsinin olmadığını, şirkət qarşısında heç bir öhdəliyinin də olmadığını bildirərək göstərilən miqdarda sementi də onlardan almadığını bildirərək yalnız Seymur adlı şəxsdən 40 kisə sement aldığını və həmin sementin pulunu da 2016-cı ildə hissə-hissə olaraq Seymura tam ödədiyini bildirmişdir. Hesab edir ki, İddiaçı həmin vətəndaşlara, eləcə də konkret olaraq hazırkı iş üzrə cavabdeh Abdullayev Vasif Əlövsət oğluna qarşı iddia qaldırmağı heç bir subyektiv hüquqları yoxdur. Cavabdeh Vasif Abdullayevə qarşı qaldırılmış iddia materiallarına əlavə edilmiş xx xxxx 2016-cı il tarixli yol-nəqliyyat qaiməsindən görünür ki, guyahəmin tarixdə 28,8 ton sement adı və soyadı bilinməyən sürücü tərəffindən gətirilərək xx xxxx 2016-cı il tarixdə adı, soyadı bəlli olmayan müştəriyə təhvil verilmişdir. xx xxxx 2016-cı il tarixdə zavoddan əgər həqiqətən də hansısa sürücü tərəfindən 28,8 ton çəkidə sement götürülmüşsə, hansı səbəbdən həmin sement 5 gün sonra, 23 martda aparılıb Lənkəranda kimlərəsə təhvil verilir. Maraqlıdır ki, həmin yol-nəqliyyat qaiməsində yükü təhvil alan şəxsin adı kimi Rasim Həbibovun adı qeyd edilmiş və həmin şəxsin də telefon nömrəsi yazılmışdır. Sonradan həmin eyni tarixli və eyni nömrəli yol-nəqliyyat qayiməsini digər bir şəxsin, yəni Vasif Abdullayevin də adını əlyazma ilə yazmışlar ki, guya ona xx xxxx 2016-cı il tarixdə həmin maşınla gətirilən 28,8 ton sementin 8 tonu verilmişdir. Dəgər 20,8 tonu isə guya Rasim Həbibova verilib. Görəsən bunu iddiaçı təşkilatın nümayəndəsi necə izah edəcəkdir ki, eyni tarixli və eyni nömrəli yol-nəqliyyat qaiməsinin birində rasim Həbibovun adı yazılmaqla 28,8 ton sementin guya ona verilməsi göstərildiyi halda digər bir iş üzrə, yəni, Vasif Abdullayev barəsində olan iddia tələbində də eyni tarixli və eyni nömrəli, (xx xxxx 2016-cı il tarixli Loqon 31124147) yol-nəqliyyat qaiməsində artıq əlyazma ilə Vasif Abdullayev və Rasim Həbibovun adı qeyd edilmişdir. Bütün bunların bir adı vardır ki, ona da saxtakarlıq deyirlər. Eləcə də həmin yol-nəqliyyat qaiməsindəki imzalardan heç biri cavabdeh Vasif Abdullayevə məxsus deyildir. Bunun üçün yalnız Vasif Abdullayevin şəxsiyyət vəsiqəsində olan imza ilə həmin imzanın tamamilə fərqli olmasını müəyyən etmək üçün ekspert olmağa belə ehtiyac yoxdur. Bununla belə məhkəmə qeyd edilən xüsusatları araşdırmaq səbəbindən həmin imzanın cavabdeh Vasif Abdullayevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən lazım gələrsə hazırkı iş üzrə xətt ekspertizası təyin edilə bilər. Bundan əlavə tarixi belə olmayan pretenziya məktubunda xx xxxxxxxx 2016-cı il tarixdə də guya Vasif Abdullayevə iki dəfəyə 6,4 ton sement verildiyi göstərilsə də, iddiaçı tərəf bu barədə də yol-nəqliyyat vərəqəsini iş materiallarına əlavə edə bilməmişdir. Yəni olsaydı, əlavə edərdi. Hansı ki, 4-5 ay davam edən məhkəmə iclaslarında hər dəfə hakim tərəfindən belə bir sənəd vardırsa təqdim ediniz deyə bildirsə də, iddiaçı tərəf hər dəfə yayınaraq gələn məhkəmə iclasında təqdim edəcəyini bildirsə də təqdim etməmişdir. Ancaq iddiaçı təşkilatın belə bir qaiməni də köhnə tarixdən tərtib edib məhkəməyə təqdim edəcəyi istisna deyildir. Belə ki, nümayəndənin özünün bildirdiyinə görə şirkətdə heç bir sənədin qeydiyyat jurnalı yoxdur.Bundan başqa cavabdeh Vasif Abdullayev İddiaçıMMC-nin ona göndərdiyi xx xxxxxx 2019-cu il tarixli (iddia ərizəsində isə xx xxxxxx 2019-cu il tarixli) pretenziya məktubuna cavab olaraq göstərmişdir ki, fiziki şəxs kimi həmin şirkətlə 18 mart və xx xxxxxxxx 2016-cı il tarixlərdə heç bir müqavilələri olmamış və şirkət qarşısında heç bir öhdəlik götürməmişdir. Məktubda qeyd edilən xx xxxx 2016-cı il tarixdə 476,4 manat dəyərində 4,8 ton çəkidə 120 kisə və xx xxxxxxxx 2016-cı il tarixdə 381,6 manat dəyərində 3,2 ton çəkidə 80 kisə sementi şirkətdən almamışdır. Əgər göstərilən qiymətdə və çəkidə sementi şirkətdən qəbul etməyi barədə hər hansı bir öhdəlik müqaviləsi mövcuddursa onun surətinin göndərilməsini bildirməklə həmin cavab məktubunda Seymur adlı şəxsdən 40 kisə sement aldığını və həmin sementin də pulunu şifahi razılaşmaya əsasən hissə-hissə olmaqla Seymura tam olaraq ödədiyini qeyd etmişdir. Hansı ki, Seymur Fətullayev də həmin xüsusatları təsdiq etməklə sement pullarını Vasif Abdullayev və digər şəxslərdən alaraq Elçin Həsənova rəsmi olaraq bank vasitəsi ilə, eləcə də Bakıya gedib-gələn taksi sürücüləri ilə göndərdiyini təsdiq etmişdir. Maraqlıdır ki, bir anlığa inanılsa ki, həqiqətən də hansısa bir vətəndaşa hansısa sement satlmış və pulu ödənilmirsə, soruşmaq lazımdır bünün üçün 3-4 il keçəndən sonra nə üçün şikayət edirlər, əvvəllər hansı səbəbdən heç olmasa bir dəfə də olsun xəbərdarlıq məktubu göndərməmişlər. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçı təşkilat Elçin Həsənovun qanunsuz, cinayət xarakterli əməllərini onunla birlikdə törətdiyindən yayınmaq üçün vətəndaşlara qarşı hazırkı iddiaları qaldırmışlar. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nümayəndəsi və vəkili X11 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunan mülahizədə və ərizəyə etirazda qeyd olunur ki, cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nümayəndəsi X11 tərəfindən verilmiş etiraz əsassızdır və aşağıda qeyd edilən hallar bu etirazda qeyd edilənlərin əksini sübut edir.İddia qanunverciliyin tələbinə uyğun olmayaraq tərtib edilməməsi dəlilinə münasibətdə qeyd etmək lazımdır ki, iddia AR MPMnin 149-151-ci maddələrinin tələblərinə uyğun şəkildə tərtib edilmiş və məhkəməyə yazılı şəkildə verilmiş, imza etməyə səlahiyyəti olan nümayəndə tərəfindən imzalanmış, ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddia tələbi, tələbinəsaslandırıldığı hal, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və sənədlər, (hətta cavabdeh pretenziyaya qarşı münasibət də bildirmişdir), ərizəyə əlavə edilən sənədlərin siyahısı, cavabdeh sayına görə iddia ərizəsinin surəti, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilmişdir və iddia məhkəmənin icraatına qəbul edilərək baxılması mümkün hesab edilmişdir. Tərəflər arasında hər hansı müqavilə olmaması, cavabdehin ümimiyyətlə “Holcim” zavodu və ya onun dileri olan cəmiyyətimizdən mal almaması, cavabdeh özünü “xxxx” MMC-nin nümayəndəsi kimi tədim edən tanışı Fətullayev Seymurun vasitəçiliyi Həsənov Elçin adlı şəxsdən mal almış və pulunu da bəzi hallarda bank, bəzi hallarda müxtəlif şəxslər, Fətullayev Seymur vasitəsilə Həsənov Elçinə ödəmişdir və bu halı Fətullayevin təsdiq etməsi ilə bağlı bildirmək istəyirik ki, AR Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birininoferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eləcə də, etirazda cavabdehin nümayəndəsi özü etirazın 1-ci səhifəsinin 3-cü abzasında qeyd edir ki, cavabdeh Abdullayev Vasif Əlövsət oğlu X4 vasitəçiliyi ilə özünü onların cəmiyyətlərinin nümayəndəsi kimi təqdim etmiş Həsənov Elçindən sement almış, satmış və pulunu bəzən Elçin Həsənova bəzən Seymur Fətullayevə ödəmişdir. Məhkəməyə təqdim etdiyimiz yol nəqliyyat qaimələrindən və təqdim etdikləri X7 verdikləri xx.xx.2016-cı il tarixli etibarnamədən də görünür ki, Abdullayev Vasif Əlövsət oğlu həqiqətən də özü etiraf etdiyi kimi cəmiyyətlərindən Həsənov Elçin adlı etibarnamə üzrə nümayəndələri vasitəsilə mal almış, lakin həmin etibarnamədə Həsənov Elçinin pul alma səlahiyyəti qeyd edilməmiş, sahibkarıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi olan cavabdehin ümumiyyətlə cəmiyyətlərindən aldığı pulu ödəməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Malı cəmiyyətlərindən alması ilə bağl sübutetmə yükü üzərilərinə düşsə də cavabdeh özü cəmiyyətlərindən mal alması faktını etiraf etməklə onları bu sübutetmə vəzifəsindən azad etmişdir. Lakin malların dəyərini ödəməsi ilə bağlı sübutetmə yükü cavadehin üzərinə düşsə də cavabdeh yalnız sözlərlə kifayətlənmişdir ki, bu da iddialarının təmin edilməsi üçün əsasdır. MPM-in 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhz yuxarıda qeyd etdikləri səbəblərdən, yəni alqısatqı müqaviləsi bağlanmış hesab edildiyindən və cavabdehin cəmiyyətlərindən mal alması barədə etiraz və pretenziya məktubunda qeydləri səbəbindən satdığı malların dəyərini tələb etmək kimi “xxxx” MMC-nin iddianı qaldırmağa subyektiv hüququnun olması artıq işin mübahisəsiz halıdır. Yol-nəqliyyat qaiməsində imzanın Abdullayev Vasif Əlövsət oğluna aid olmaması və iş üzrə məhkəmə xətşünaslıq ekspetizasının təyin edilməli olması barədə etirazında məsələ qaldıran cavabdehin nümayəndəsi nə cavabdehin dəfələrlə təyin edilmiş məhkəmə baxışlarında iştirakını təmin etmiş, son məhkəmə iclasında isə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini istəmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsinin etirazında pretenziya məktubunda tarix olmamasını, iddia ərizəsində preteniziyanın 24 avqust tarixdə göstərilməsinə baxmayaraq göndərilmə qəbzi xx xxxxxx 2019 tarixdə olması ilə bağlı fikirlərinə münasibət olaraq bildiririk ki, iddia ərizəsində texniki səhv olaraq digər şablon iddia ərizəsi üzərində yazıldığı üçün xx xxxxxx 2019-cu il xx xxxxxx 2019-cu il kimi qeyd edilmişdir. İddianın 3-4 il sonra verilməsi, iddia vermək üçün iddia müddəti keçməsi ilə bağlı etirazda qeyd edilənlərə münasibətdə müddət tətbiqi barədə nümayəndə X11 tərəfindən verilmiş ərizəyə etirazda öz qeydlərini bildirmişdirlər.AR Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəyə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Nümayəndə və vəkil Həsənov İbarət hansı müddətdən hesablanmaqla 3 illik müddətin ötürülməsini ərizəsində əsaslandıra bilməmişdir. Borclunun öz borcunu etiraf edən ödənişi etdiyi sonuncu tarixdən iddia verildiyi tarixə 3 illik müddət keçməməsinə baxmayaraq cavabdehin nümayəndəsinin hansı müddəti əsas götürməsi məlum deyil. Məhkəməyə təqdim etdikləri Abdullayev Vasif Əlövsət oğlunun son ödənişinə dair xx.xx.2017-ci il tarixli 344 saylı kassa mədaxil qəbzinin kötüyündən görünür ki, həmin qəbzin tərtib edildiyi tarixdə son məbləğ ödənilmiş, həmin müddətdn iddia ərizəsinin verildiyi tarixədək isə 3 illik müddət keçməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddialarına etirazın əsassız olması səbəbindən idia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (329.2), şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3), alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC xx xxxxxxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsi əsasında (borc yalnız qeyd olunan qaiməyə əsasən tələb olunur) xx xxxxxxxx 2016-cı il tarixlərində 3,2 ton R Optimal markalı sement məhsulunu Lənkəran rayonu, Böyük Bazarda fəaliyyət göstərən Vasif Abdullayevə ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. Abdullayev Vasif Əlövsət oğlu da Qaradağ Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatında sementə görə pulları o ona sement məhsulları verən Seymur adlı şəxsə ödədiyini, onun sement məhsullarına görə heç kimə borcunun olmadığını qeyd etmişdir. İş materiallarından olan sənədlərdən və işdə iştirak edən şəxslərin izahatlarından İddiaçı MMC tərəfindən Abdullayev Vasif Əlövsət oğluna sement məhsulu verildiyi müəyyən olunur. İddiaçı qalıq əsas borc kimi 329,6 manat borcun tutulmasını xahiş edir, cavabdeh isə həmin pul məbləğinin məhz hazırki iş üzrə iddiaçıya ödənildiyini sübut edə bilmir. Lakin bununla belə, cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nümayəndəsi və vəkili X11 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olsa da, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavadehə xx.xx.2016-cı il tarixli yük-nəqliyyat qaiməsinə əsasən ödənilməmiş qalan 329,6 manat borcu və ona hesablanmış 49,44 manat faiz borcunu tələb edir. Yəni iddiaçı cavabdehə sement məhsulunu sonuncu dəfə xx.xx.2016-cı il tarixdə təhvil vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 344 saylı kassa mədaxil orderində cavabdeh Abdullayev Vasif Əlövsət oğlu tərəfindən 48 manat ödənildiyi qeyd olunmuşdur. İddiaçı məhz həmin kassa mədaxil orderinə əsasən, 3 illik iddia müddətinin ötürülmədiyini bildirir. Lakin məhkəmə həmin kassa mədaxil orderini mötəbər sübut kimi qəbul etmir. Belə ki, əvvəla xx.xx.2017-ci il tarixli, 344 saylı kassa mədaxil orderi birtərəfli qaydada, yəni yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq möhürlənməklə tərtib edilmiş, cavabdeh Abdullayev Vasif Əlövsət oğlunun nə adı, nə də ki imzası həmin sənəddə mövcud deyildir. Cavabdehin nümayəndəsi və vəkili isə məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş etmədiyini bildirmişdir. Bundan başqa, kassa mədaxil orderi ciddi hesabat blankıda deyil, adi kağızda hazırlanmışdır. Yəni iddiaçı istənilən zaman, istənilən şəxslə bağlı və istənilən məbləği qeyd etməklə belə bir kassa mədaxil orderini hazırlaya bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 344 saylı kassa mədaxil orderi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya 48 manat pul ödənildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə olan halda isə, iddia ərizəsinin məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin cavabdeh Abdullayev Vasif Əlövsət oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar