Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-386/2025 10.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – maddi ziyanın ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – xx.xx.2024-cü il tarixli 04/02484 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1.000 manat borcun, 1 ədəd Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 721,64 manat dəymiş maddi ziyanın və 37,22 manat dövlət rüsumunun - cəmi 1.758,86 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04/02484 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Nova- 340 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 3.500 manat öhdəlikdən 2.500 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 1.000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Lizinq alanın xx.xx.2024-cü il tarixli 04/02484 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Nova- 340 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 721,64 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün - cəmi 721,64 manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçı sonradan xx.xx.2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 04/02484 nömrəli operativ lizinq müqaviləsinə əsasən 800 manat borcun, 1 ədəd Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 721,64 manat dəymiş maddi ziyanın və 37,22 manat dövlət rüsumunun - cəmi 1.558,86 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən xx.xx.2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 721,64 manat dəymiş maddi ziyanın və 37,22 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 04/02484 saylı xx.xx.2024-cü il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən (1 ədəd Nova 340 markalı taxılyığan kombayn) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 04/02484 saylı akt 1-dən (surətindən) görünür ki, Nova 340 markalı taxılyığan kombayn İddiaçı ASC-nin Cəlilabad RN-nin Lənkəran-Lerik-Astara rayon bölməsi tərəfindən cavabdehə təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 04/02484 saylı akt 2-dən (surətindən) görünür ki, Nova 340 markalı taxılyığan kombayn cavabdeh tərəfindən İddiaçı ASC-nin Cəlilabad RNnin Lənkəran-Lerik-Astara rayon bölməsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qüsur” aktının surətindən görünür ki, Nova 340 markalı, ** AB *** dövlət qeydiyyat nömrəli, 50694082 mühərrik nömrəli, 223 şassi nömrəli taxılyığan kombayn xx.xx.2024-cü il tarixdə bölməyə təhvil verilərkən mühərrikində nasazlıq aşkar edilmişdir. Sonradan mühərrikə baxış keçirilmiş və “mühərrik və porşen, giliz” ehtiyyat hissələrinin təmir olunmasına ehtiyac görülmüşdür. Texnikanın saz vəziyyətə gətirilməsini Cavabdeh öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş “Nova-340 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə” arayışa əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04/02484 nömrəli müqavilə üzrə müvəqqəti olaraq onun istifadəsinə verilmiş Nova-340 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərc 721,64 manat məbləğindədir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış 04/02484 nömrəli, xx.xx.2024-cü il tarixli operativ lizinq müqavilələri üzrə 1.000 manat gecikdirilmiş borc və 721,64 manat texnikaya dəymiş maddi ziyan yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə dəymiş zərərin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə Nova-340 markalı ** AB *** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın hissələri baxış tarixinə təmir olunmuş və təmir olunmuş hissələrin qiymətləndirmə tarixinə təyini texniki cəhətdən mümkün deyildir. Nova-340 markalı ** AB *** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın təmiri və tam bərpa olunaraq işlək vəziyyətə gətirilməsi üçün tələb olunan ehtiyyat hissələrinin dəyərinin respublika daxili orta bazar qiymətlərinin məbləği (köhnəlmə nəzərə alınmaqla) 750 manat təşkil etmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 04/02484 saylı, xx.xx.2024-cü il tarixli operativ lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında “Nova-340” markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehə lizinqə verilmişdir. Sözügedən texnika cavabdeh tərəfindən nasaz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Texnika iddiaçıya təhvil verilərkən iddiaçının nümayəndələri tərəfindən texnikaya baxış keçirilmişdir. Baxış nəticəsində texnikanın nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur aktı tərtib edilərək texnikaya dəymiş zərərin ehtimal olaraq 721,64 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu yaranmış borcunu ödəməmişdir. Cavabdehin dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanılmış 04/02484 saylı, xx.xx.2024-cü il tarixli operativ lizinq müqaviləsinin 2.2.5-ci, 2.2.6-cı və 2.2.8-ci maddələrində, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-7.1-ci maddəsində təsbit edilmişdir. Göründüyü kimi, texnikanın cavabdeh tərəfindən iddiaçıya nasaz vəziyyətdə təhvil verilməsi, həmçinin texnikanın təmiri və tam bərpa olunaraq işlək vəziyyətə gətirilməsi üçün tələb olunan ehtiyyat hissələrinin dəyərinin 721,64 manat təşkil etməsi iş materiallarına əlavə edilmiş sənədlərlə və mütəxəssis rəyi ilə tam sübuta yetirildi. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları, yəni texnikanın qeyd edilən hissələrinin cavabdeh tərəfindən ona təhvil verilərkən nasaz (qüsurlu) olmasını sübuta yetirə bilmişdir. Yəni, iddiaçı sözügedən texnikanın qüsurunun cavabdehə veriləndən sonra əmələ gəldiyini sübuta yetirə bildiyindən, lizinq predmeti olan texnikanın cavabdehə təhvil verildikdən sonra əmələ gəlmiş hər hansı qüsurlara görə lizinq alan cavabdehlik daşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən lizinq obyektinin qüsurunun ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyinə dair sübutu məhkəməyə təqdim etmədiyindən, göstərilən lizinq obyektinin cavabdehə (lizinq alana) təhvil verildikdən sonra əmələ gəlmiş hər hansı qüsurlara görə cavabdehlik daşıyır. Odur ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, habelə iddia tələbinin həcmi cavabdeh tərəfindən lizinq borcunun ödənilməsi əsasında iddiaçı tərəfindən azaldıldığından, məhkəmə xərcinə daxil olan 37,22 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə maddi ziyanın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – maddi ziyanın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 721,64 manat məbləğində maddi ziyan və 37,22 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Maddi ziyanın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-386/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-386/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver