Məhkəmə qərarları › İş №e-2-2(121)-387/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-387/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-387/2025 24.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 2850,00 manat dəymiş maddi ziyanın və 48,50 manat dövlət rüsumunun, cəmi 2898,50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 10 may tarixli 06/02863 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 2850 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 2850,00 manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 2024-cü il 10 may tarixli 06/02863 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniş məbləği 4000 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz RN-nin Quba rayon bölməsinin rəhbəri X2 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin Quba rayon bölməsinin istifadəsində olan 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “İltizam”ın surətindən görünür ki, Cavabdeh müvəqqəti istifadəyə götürdüyü texnikanı istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz RN-nin Quba rayon bölməsinin rəhbəri X2 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 2 saylı aktın surətindən görünür ki, Cavabdeh tərəfindən Xaçmaz RN-nin Quba rayon bölməsinə təhvil verilərkən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynda yeriş qayışının yararsız olması, hidronasosun nasazlığı və digər qüsurlar aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilərək Quba rayon bölməsinin rəhbəri X2, İddiaçı ASC-nin Xaçmaz RN-nin mühəndis mexaniki X4 və Cavabdeh tərəfindən imzalanmış “Qüsur aktı” ilə təsdiq edilmişdir ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin Quba rayon bölməsinə verilmiş Sampo-2045 markalı taxılyığan kombaynda Hidravlik nasosun nasaz olması, 2 baş ötürücü qayışın (üç qat) yararsız olması, saman silkələyicinin valının qaynaq edilməsi, pər qaldıran şnekin hərəkət qayışının yararsız halda olması, arxa sol fanarın yararsız halda olması, akkumlyator batareyasının olmaması, arxa diski və şinlərin nasaz olması aşkar olunmuşdur. İş materiallarında olan “arayışı”ın surətindən görünür ki, 2024-cü il 10 may tarixli 06/02863 nömrəli operativ lizinq müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş 561509 şassi nömrəli SR-2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər ümumilikdə 2850 manat təşkil edir. İş materiallarında olan “arayışı”ın surətindən görünür ki, SR-2045 Sampo markalı taxılyığan kombaynın hissələrinin satış qiyməti ümumilikdə 2750 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istifadəsinə verilmiş texnikaya vurulumuş 2850 manat məbləğində ziyanın tez bir zamanda ödənilməsi xahiş olunmuş, əks halda texnikaya dəymiş ziyanın üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən ona məxsus olan kənd təsərrüfatı texnikasını (kombayn) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şərtləşdirilmiş 4000 manat haqla cavabdehin istifadəsinə verilməsinə, cavabdeh tərəfindən isə texnikadan istifadəyə görə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər 2024-cü il 10 may tarixli 06/02863 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı saz vəziyyətdə cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnikanı nasaz vəziyyətdə saxlanca verdiyini, nəticədə texnikaya 2850 manat məbləğində zərərin dəydiyini iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi ilk növbədə həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq edilməklə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçıya məxsus olan lizinq obyekti texnikaya cavabdehin istifadəsində olduğu zaman vurulmuş ziyanın aradan qaldırılması üçün sərf olunan vəsaitin cavabdehdən tutulması barədədir. Məhkəmə hesab edir ki, ilk növbədə iddia tələbinin maddi hüquqi əsasının müəyyən olunmalı, işin mübahisəsiz halları aşkar edilməli, bundan sonra həmin faktiki hallarla iddianın hüquqi əsasını təşkil edən normaların dispozisiya şərtlərinin uyğunluğuna qiymət verilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında hüquq münasibətlərinin yaranmasında hüquqi fakt kimi lizinq müqaviləsi çıxış edir. Buna görə də, dəymiş ziyanın ödənilməsinə dair tələbin maddi hüquqi həlli lizinq müqaviləsi üzrə münasibətləri tənzimləyən normalara istinad edilməklə tapılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə, lizinq müqaviləsi üzrə münasibətləri tənzimləyən yuxarıda sadalanan normaların birgə təhlilini apararaq qeyd edir ki, müvəqqəti istifadə müddəti ərzində lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirmək, lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmaq lizinq alanın əsas öhdəliklərini təşkil edir. Məhkəmə qeyd edri ki, lizinq alan yuxarıda göstərilən öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə lizinq verənin öhdəlik hüququnda nəzərdə tutulmuş kreditorun səlahiyyətlərindən istifadə edərək pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə lizinq müqaviləsinin bağlandığı, lizinq obyektinin saz vəziyyətdə cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən lizinq obyekti geri qaytarılarkən onda qüsurların mövcud olması, həmin qüsurların siyahısı ilə onların aradan qaldırılması üçün sərf olunan vəsaitləri nəzərdə tutan arayışda olan siyahının üst-üstə düşməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halı lizinq obyektində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləğinin müəyyən edilməsindən ibarətdir. Belə ki, iddiaçı lizinq obyekti olan texnikada aşkar edilmiş qüsurların aradan qaldırılması üçün ümumilkdə 2850 manat məbləğində vəsaitin tələb olunduğunu iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi hər iki tərəfin imzaları ilə təsdiq edilmiş texnikanın təhvil verilməsinə və geri qaytarılmasına dair aktlara, yenə tərəflərin imzası ilə təsdiq edilmiş qüsur aktına, xərclərə və ehtiyat hissələrinin satış qiymətlərinə dair arayışlara istinad edir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən həmin halların təsdiqi üçün təqdim olunmuş sənədlər öz məzmun və etibarlılıq şərtlərinə görə vurulmuş ziyanın həcminin müəyyən edilməsi üçün yetərli və mötəbər sübut vasitələri kimi qəbul edilə bilər Məhkəmə qeyd edir ki, zərərin vurulmasında təqsirsiz olmasını, eləcə də tələb olunan zərərin məbləğinin əsassız olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və cavabdehin imzaladığı iltizamların məzmunlarına görə, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, onun saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, texnikanı istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi cavabdeh (lizinq alan) qeyri-şərtsiz üzərinə götürmüşdür. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh qarşı lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 2850 manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 48,50 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2898,50 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar