Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3998/2025 11.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1i ünvanda qeydiyyatda olan və orada yaşayan Cavabdeh xx.xx.2019-cu il tarixli 44 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş, Daşınmaz Əmlakın Dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış 12 ha torpaq sahəsinin 6 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 kəndi ünvanda yaşayır. Kənd sakini kimi əkinçilik, maldarlıq təsərrüfatı ilə məşğul olur və əldə etdiyi gəlir və qazancla ailəsinin və özünün maddi təminatını təmin edir. İcarə müqaviləsi əsasında istifadəsində 12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində arpa və pambıq əkir. Uzun müddət dostluq münasibətində olduğu Biləsuvar rayon sakini X1 bu ilin fevral mart aylarında ona bildirmişdir ki, işsizdır və bu baxımdan maddi sıxıntılar içərisindədir. Ailənin maddi təminatında çətinlikləri vardır. Söhbət əsnasında belə qərar vermişlər ki, iddiaçı icarəsində olan 12 hektar torpaq sahəsinə birlikdə pambıq əksinlər. Razılaşma belə olmuşdur i, 12 ha torpaq sahəsinə pambıq əkmək və xərcləri qarşılamağı Gülqasımov Rövşən öz üzərinə götürür və məhsul vaxtı həmin 12 ha ərazidə olan məhsulun 6 ha hissəsinin məhsulunu o götürür, qalan 6 ha hissəsinin məhsulunu isə Rövşən Gülqasımov götürür. Bunun qarşılığında Rövşən Gülqasımov ona torpaq icarə haqqı ödəmir. Bu öz aralarında şifahi şəkildə olan bir razılaşma idi. Heç bir yazılı müqavilə tərtib edilməmişdir. Beləcə pambıq əkini vaxtları gəldiyində sahə şumlanmış və səpinə hazır olmuşdur. Rövşən Gülqasımov hesabalamışdır ki, hansısa pambıq qəbulu zavodu ilə müqavilə bağlayar və oradan maddi təminatları şum, mala, səpin, toxumluq çiyid və sairi avans kimi alar və məhsul yetişdirər. Lakin işin vədəsində heç bir pambıq emalı zavodu müqavilə bağlamadı və bildirilər ki, normamız dolubdur. Belə olan halda o, öz imkanı daxilində şum və mala işlərində köməklik etmişdir. Çiyid toxumunu Rövşən gətirmiş və səpin işləri aparılaraq başa çatmışdır. Məhsulun becərmə vaxtlarında Rövşən Gülqasımov Bakı şəhərində özünə iş tapması ilə bağlı pambıq əkin sahəsini buraxmalı olmuş və yeni iş yerinə Bakı şəhərinə getmişdir. Rövşən Gülqasımov ona demişdir ki, sən becərmə işlərini apar sənə köməklik edəcəyəm. O, da həmin 12 ha torpaq sahəsində olan məhsulun becərilməsi ilə məşğul olmuş və məhsulu nəhayət becərə bilmişdir. Həmin vaxtlarda Cavabdeh pambıq əkin sahəsinə gələrək ona bildirmişdir ki, Rövşən Gülqasımova bu sahənin əkini üçün, çiyid toxumunda köməklik etmiş və ona görə də bu sahənin 6 ha –na Rövşənlə şərikdir. Rövşən bu haqqda ona bir söz deməyib və özüdə çıxıb gedib və bu pambıq sahəsini o demək olar ki, təkbaşına becərmiş və torpaq sahəsi də ona məxsusdur heç kimlə şərikliyə dair müqavilə yoxdur. Bu söhbətdən sonra aralarında narazılıq yaranmışdır. Cavabdeh guya ondan 6 ha pambıq sahəsinə görə pul almış və sair polis orqanlarına şikayətlər etməyə başlamışdır. Onun şikayəti əsasında polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma vaxtı Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən pambıq əkin sahəsi hər birisi 6 ha olmaqla iki hissəyə bölünmüş və elan edilmişdir ki, burdan o təfərə sənin ordan bu tərəfə sənin deməklə guya məsələni həll etmişlər. Ona da o biri 6 ha sahədə olan pambıq məhsulunu yığmağı qadağan etmişlər. Sonda bu araşdırmanın nəticəsi kimi cinayət işini başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan o narazı qaldığından payon prokurorluğuna şikayət etmişdir. Hazırda o, 12 hektar sahədə becərdiyi pambıq məhsulunu yığa bilmir. Cavabdeh və onun anası əgər bu sahədən olan pambıq məhsulunu yığarsansa onda burda özünüzə od vurub yandıracayıq kimi hədələr edirlər. Sahədən çıxmırlar. Pambıq əkilmiş torpaq sahəsi icarə müqaviləsinə əsasən onun istifadəsindədir. Bu torpaq sahəsi ilə bağlı onunla nə Rövşən Gülqasımov, nə də ki Cavabdeh arasında heç bir torpaq icarə müqaviləsi yoxdur. Aralarında olan münasibətləri tənzimləyən heç bir sənəd sadə yazılı bir qəbz belə yoxdur. Budan başqa həmin torpaq sahəsi üzərində pambıq məhsulunu Rövşən Gülqasımov və ya Cavabdeh tərəfindən əkilib becərilməsini təsdiq edən bir sübut, sənəd yoxdur. Bütün bunalara baxmayaraq Cavabdeh Rövşən Gülqasımovla aralarında olan şifahi razılaşmaları məndən tələb edir. Onalar arasında bu pambıq əkini sahəsi haqqda hansı razılaşma olub və necə olub və bu razılaşmanın şərtləri nədən ibarətdir onun nə iştirakı olub nədə ki xəbəri. Cavabdeh onun icarəsində olan 12 ha torpaq sahəsinin zəbt edilmiş 6 ha ölçüdə hissəsindən çıxarılmalıdır İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasına tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanına Daşınmaz Əmlakln Dövlət Reyestrı Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindan Çıxarış”dan görünür ki, Biləsuvar rayonunda yerləşən 12 ha torpaq sahəsi İddiaçı Bürcəli oğlunun xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Torpaq sahəsinin planından görünür ki, Biləsuvar rayonunda yerləşən 12 ha torpaq sahəsinin icarəçisi İddiaçı Bürcəli oğludur. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə və digər materiallara əsasən müəyyən edilmiş işin faktiki halları belədir ki, iddiaçı icarə hüququ ilə ona məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyini iddia edir. Cavabdeh isə iddianı qəbul etdiyini bildirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (66.1). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (66.2). 67-ci maddəsinə əsasən,
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, zəbt edilmiş torpaq sahəsinin boşaldılması hissəsində iddia tələbi işdə olan digər sənədlərlə öz təsdiqini tapdığına görə əsaslı hesab edilməlidir və iddiaçının həmin tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olması təsbit edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı torpaq sahəsinin icarəçisi statusundan irəli gələn qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini digər şəxslərin qanunsuz müdaxilələrindən qorumaq və bununla əlaqədar hüquq müdafiə vasitələrindən istifadə etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1 və 706.2-ci maddələrinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
qət etdi:
İddia ərizəsi təmin edilsin. xx.xx.2019-cu il tarixli 44 saylı icarə müqaviləsi əsasında İddiaçı icarəsində olan və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış 12 ha torpaq sahəsinin 6 ha hissəsindən Cavabdeh çıxarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zaur Abbasov