Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4056/2025 09.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh X4 qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 214,35 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında NBA-C.Z.H-001 saylı və NBA-C.Z.H-002 saylı 02 mart 2023-cü il tarixli alqı-satqı və xidmət müqavilələri imzalanmışdır. Həmin Müqavilələrə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə mallar satılmış, müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən satılan mallara, göstərilən xidmətlərə müvafiq olaraq Cavabdehin İddiaçıya ümumilikdə 687,35 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 473 manat hissəsini hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdehin hazırki tarixədək İddiaçıya ümumilikdə 214,35 manat borcu qalmışdır. İddiaçı və Cavabdeh arasında imzalanmış NBA-C.Z.H-002 saylı 02 mart 2023-cü il tarixli xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün Cavabdeh istifadəsində olan İddiaçıya məxsus tokeni (nəzarət mexanizm qurğusunu) İddiaçıya təhvil verməli və qeydiyyatdan çıxarılma üçün Tərəflər arasında imzalanan NBA-C.Z.H-001 saylı 02 mart 2023-cü il tarixli müqavilənin 5.8-ci maddəsində nəzərdə tutulmuş 30 manat məbləğində xidmət haqqını ödəməlidir. Məhkəmə xx.xx.2025-ci il tarixli, e-2-2(121)-4056/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) cavabdeh X4 çatdırılmışdır.. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2014-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X6 Oğludur. İş materiallarından görünür ki, X1 subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Lənkəran rayonu, Nərimanabad Ştq kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NBA-CZH-001 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu Müqavilə ilə İcraçı Sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə Sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə "Mal" adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə "Xidmət" adlandırılacaq) göstərməyini, Sifarişçi isə İcraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş Mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. 2.1-ci bəndinə əsasən, bu Müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə Razılaşma Protokollarının (bundan sonra "Protokol") ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq İcraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir; 2.4-cü bəndinə əsasən, müqavilə üzrə təqdim olunmuş mallar İcraçı tərəfindən qaimə-faktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra 3 ay ərzində 3 hissəli ödəmə şəklində, İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, hesab-fakturanın təqdim edildiyi tarixdən sonrakı 5 (beş) bank iş günü ərzində həyata keçirilir. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xidmət müqaviləsinə 1 saylı əlavə olan alqı-satqı müqaviləsi üçün qiymət razılaşdırılması protokolundan görünür ki, malların ümumi qiyməti ƏDV daxil 389,99 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NBA-CZH-002 nömrəli xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra "Xidmətlər") göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Aylıq servis xidmətinə daxil olan xidmətlərin tam siyahısı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1 göstərilmişdir. 2.1-ci bəndinə əsasən, Sifarişçi göstərilən servis xidməti üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində pul vəsaitinin İcraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xidmət müqaviləsinə 1 saylı əlavə olan Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolundan görünür ki, xidmətin ümumi qiyməti ƏDV daxil 16,52 manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 müqavilə üzrə ümumi borcu 687,35 manat təşkil edir. İş materiallarında olan elektron qaimə fakturadan görünür ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış xidmət müqaviləsi üzrə İddiaçı MMC tərəfindən X4 göstərilmiş xidmətin dəyəri 687,35 manat olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış NBA-C.Z.H-002 saylı 02 mart 2023-cü il tarixli müqaviləyə əsasən yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X4 xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı və tapşırıq müqavilələrinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında və 40-cı fəslində yer alan normalar təşkil edir. Belə ki, tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən edən işin faktiki hallarına Mülki Məcəllənin 567 və 600cü maddələrində və 777-ci maddəsində nəzərdə tutulan alqı-satqı və tapşırıq müqavilələrinin dispozisiya şərtləri uyğun gəlir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı və tapşırıq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, cavabdehin isə öhdəliyini icra etmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı və xidmət göstərilməsinə dair tapşırıq müqavilələrinin bağlandığı, həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilə üzrə öhdəliklərini icra etməsi və cavabdehin 214,35 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq olunur. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən göstərilən xidmətlərin dəyərini təşkil edən 214,35 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə, əsas borc kimi tələb olunan 214,35 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaya qarşı etirazını bildirməmiş, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi, iddia edildiyi kimi cavabdeh tərəfindən NBA- C.Z.H-001 saylı və NBA-C.Z.H-002 saylı 02 mart 2023-cü iltarixli alqı satqı və xidmət müqavilələrinə əsasən 214,35 manat məbləğində borcun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Cavabdeh isə qeyd olunduğu kimi, tələb olunan borcun ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olduqlarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Bu halda məhkəmə, tələb olunan borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, hər iki müqavilə üzrə yaranmış borc məbləğləri, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh X2 214,35 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 244,35 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-4056/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4056/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver