Məhkəmə qərarları › İş №e-2-2(121)-428/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-428/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-428/2020 21.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X15 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş qalan 1.964,8 manat borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 294,72 manat faiz borcunun, həmçinin dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində pulun, ümumilikdə 2.290,52 manat məbləğində pul vəsaitinin tutulmasıbarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 satışı ilə məşğul olan “Holcim” zavodunun dileri olan İddiaçı MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürmüş, dəyərini tam ödəməmiş və hazırki tarixə 1.964,8 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəmək istəməmişdir. Sonuncu dəfə pretenziya məktubu ilə ona xx.xx.2019-cu il tarixdə müraciət edilərək ən geci 3 gün ərzində borclu olduğu pulu ödəməyi ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə məlumat vermişdirlər. Lakin bugünə kimi hər hansı bir məbləğ ödənilməmişdir.Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X21 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, İddiaçı nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsindən görünür ki, həmin qaimə əsasında 17,60 ton R Optimal markalı və 9,60 ton R Spesial markalı sement kisələri müştəri X15 təhvil verilmişdir. X21 göndərilmiş malları qəbul edərək, yük-nəqliyyat qaiməsini imzalamışdır. İş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsindən görünür ki, həmin qaimə əsasında 4,80 ton R Optimal markalı, 8 ton R Spesial markalı və 14,40 ton R Sprint markalı sement kisələri Lənkəran rayonu, Şəhidlər prospekti, Sultan saraynan üzbəüz inşaat dükanı Fətullayev Mirseymura ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. Həmçinin həmin yük-nəqliyyat qaiməsindən görünür ki, qaimədə sonradan əlyazma ilə Hüseynov Teymur Şöhrəddin oğlunun, X9, X7, X3, X4, X1, X8, X5 və Mirzəzadə Mirsədinin adları qeyd olunmuş, müştəri qrafasında isə cəmi 1 imza mövcuddur. İş materiallarında olan X11 Qaradağ Rayon Polis şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatının təsdiq edilmiş surətində qeyd olunur ki, Lənkəran şəhəri, Ləvəngi dairəsinin yaxınlığında tikinti işləri ilə məşğul olur. Onun işlədiyi tikinti yerinə sementləri Seymur adlı şəxs vermişdir. Seymurun ona nə qədər sement verməsini o qeyd etmişdir. O satılan sementlərin pullarının bir hissəsini Seymura, bir hissəsinidə Elçinə vermişdir. Elçin Seymurla birlikdə sement işinə baxmışdırlar. Yəni 2016-cı ilin ortalarında Seymur tərəfindən ona verilmiş 6.784,40 manat dəyərində sement məhsulunun satışından əldə edilmiş 3.000 manatı Seymura, qalan məbləğ Elçinə ödəmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən X15 ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə X21 tərəfindən şirkətlərindən təhvil alınmış sement məhsuluna görə 1.964,8 manat məbləğində borcunun qaldığı bildirilmiş, qalıq borcunu qısa müddətdə, ən geci 3 gün ərzində ödəmədiyi təqdirdə borc tələbi üzrə aidiyyəti məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə X21 məlumatlandırılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən X15 ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubuna X21 tərəfindən yazılmış cavab məktubunda qeyd olunur ki, xx.xx.2017-ci il tarixdə şirkətin nümayəndəsi ilə aparılan son üzləşmədə borcu 1.700 manat olmuşdur. Bu borc məbləği iki dəfə dəfə bank köçürmələri ilə, üç dəfə isə nağd pul formasında şirkətin nümayəndəsinə verilmişdir. Pulu qəbul edən şəxsin adı Elçin olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (329.2), şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3), alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC xx xxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsi əsasında xx.xx.2016-cı il tarixində dəyəri ümumi dəyəri 1.826 manat olan 4,80 ton R Optimal markalı, 8 ton R Spesial markalı və 14,40 ton R Sprint markalı sement məhsulunu X15 təhvil vermişdir. Həmçinin İddiaçı MMC xx xxxxxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsi əsasında xx.xx.2016-cı il tarixində 4,80 ton R Optimal markalı, 8 ton R Spesial markalı və 14,40 ton R Sprint markalı sement məhsulunu Lənkəran rayonu, Şəhidlər prospekti, Sultan saraynan üzbəüz inşaat dükanı Fətullayev Mirseymura ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. Həmçinin həmin yüknəqliyyat qaiməsində sonradan əlyazma ilə Hüseynov Teymur Şöhrəddin oğlunun, X9, X7, X3, X4, X1, X8, X5 və Mirzəzadə Mirsədinin adları qeyd olunmuş, müştəri qrafasında isə cəmi 1 imza mövcuddur. X21 da Qaradağ Rayon Polis şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatında İddiaçı MMC-yə sementə görə heç bir borcunun olmadığını, 2016-cı ilin ortalarında Seymur tərəfindən ona verilmiş 6.784,40 manat dəyərində sement məhsulunun satışından əldə edilmiş 3.000 manatı Seymura, qalan məbləğ Elçinə ödədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, A********** saylı yüknəqliyyat qaiməsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin qaimə əsasında xx xxxxxxx 2016-cı il tarixində 4,80 ton R Optimal markalı, 8 ton R Spesial markalı və 14,40 ton R Sprint markalı sement məhsullarını Fətullayev Mirseymura ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. Həmçinin həmin yük-nəqliyyat qaiməsində sonradan əlyazma ilə Hüseynov Teymur Şöhrəddin oğlunun, X9, X7, X3, X4, X1, X8, X5 və Mirzəzadə Mirsədinin adları qeyd olunmuş, müştəri qrafasında isə cəmi 1 imza mövcuddur. X9 adı həmin yük-nəqliyyat qaiməsinə sonradan əlyazma ilə əlavə edildiyi üçün, göstərilən yük-nəqliyyat qaiməsi X12 hər-hansı həcmdə sement məhsulunun verilməsi və onun tərəfindən həmin sement məhsulunun alınmasını təsdiq edən kimi qəbul edilə bilməz. Cavabdeh X2 Rayon Polis şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatında isə 6.784,60 manat dəyərində sement məhsulunun Seymur adlı şəxsdən alındığı bildirilir. Həmin izahatda sement məhsulunun İddiaçı MMC-dən alındığına dair hər-hansı qeyd mövcud olmadığından, göstərilən izahat da X16 tərəfindən İddiaçı MMC-dən hər-hansı həcmdə və ya məbləğdə sement məhsulu aldığına dair mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə yalnız 17,60 ton R Optimal markalı və 9,60 ton R Spesial markalı sement məhsulunun müştəri X15 təhvil verilməsinə dair xx xxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsini mötəbər sübut kimi qəbul edir ki, həmin qaimədə isə təhvil verilmiş sement məhsulunun həcmi götərilsə də, dəyərinə dair hər-hansı qeyd öz əksini tapmamışdır. Lakin bununla belə İddiaçı MMC tərəfindən X15 ünvanlanmış pretenziya məktubuna cavab məktubunda X21 şirkətin nümayəndəsi ilə aparılan son üzləşmədə borcunun 1.700 manat olduğunu, bu borc məbləğini iki dəfə dəfə bank köçürmələri ilə, üç dəfə isə nağd pul formasında şirkətin nümayəndəsinə verdiyini, pulu qəbul edən şəxsin adı Elçin olduğunu qeyd etmişdir. Göründüyü kimi, X21 həmin məktubunda İddiaçı MMC-yə 1.700 manat borcunun olduğunu etiraf edir, lakin həmin borcun iki dəfə dəfə bank köçürmələri ilə, üç dəfə isə nağd pul formasında şirkətin nümayəndəsi olan Elçin adlı şəxsə verdiyini bildirir. Həmçinin cavabdeh sözügedən məktubda İddiaçı MMC-yə olan 1.700 manat borcunu Elçin adlı şəxsə ödədiyini bildirsə də, həqiqətən də həmin borcun ödənildiyinə, sement məhsulunun İddiaçı MMC-dən aldığı halda, nəyə görə onun əvəzində pulun Elçin adlı şəxsə verildiyinə, Elçin adlı şəxsin buna səlahiyyəti olub-olmadığına, həmin şəxsin İddiaçı MMC-nin işçisi və ya pulun qəbul edilməsi ilə bağlı səlahiyyətli nümayəndəsi olubolmadığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim olunmuş 02.11.17 tarixli kassa mədaxil orderinin surətində 302 manat pulun kimə ödənildiyinə (kimin hesabına mədaxil edildiyinə) dair hər-hansı qeyd yoxdur. Beləliklə göründüyü kimi, iş materialları ilə X11 aldığı sement məhsuluna görə İddiaçı MMC-yə 1.700 manat borcunun qaldığı müəyyən olunsa da, həmin mallara görə ödənilməli olan pul məbləğinin tam şəkildə məhz iddiaçıya, yəni malı cavabdehə vermiş İddiaçı MMC-yə ödənilməsini təsdiq edən hər-hansı sənəd və sübut iş materiallarında mövcud deyildir. Cavabdeh 1.700 manat borcun məhz iddiaçıya ödənildiyini sübut edə bilmir. Hazırki iddia tələbi üzrə sübutetmə vəzifəsinin bölgüsü baxımından malın dəyərinin tam həcmində ödənilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən 1.964,8 manat qalıq borcun tutulması hissəsində iddia qismən, yəni 1.700 manat borcun tutulması hissəsində iddia əsaslıdır və həmin hissədə iddia qismən təmin edilməlidir. İddianın öhdəliyinin icra edilməməsi (1.964,8 manat borcun ödənilməməsi) nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 294,72 manat faiz borcunun tutulmasına münasibət bildirərək məhkəmə hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdehin izahatı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sement məhsulları 2016-cı ildə verilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə, yəni sementin təhvil verilməsindən 3 ildən artıq müddət keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə 3 il üçün faizlərin hesablanıb ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, ödənilməli olan əsas borc 1.700 manat kimi müəyyən edildiyindən, məhz qeyd olunan həcmdə borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış255 manat (5 faiz hesabı ilə 3 il üçün) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AzərbaycanRespublikasınınMülki ProsessualMəcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 26 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X15 qarşı iddia tələbi qismən təmin edilməli, cavabdeh X10 1.700 manat məbləğində borc, öhdəliyinin icra edilməməsi nəticəsində 255 manat (5 faiz hesabı ilə 3 il üçün) məbləğində faiz, məhkəmə xərcinə görə 26 manat olmaqla, cəmi 1.981 manat manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X10 1.700 manat məbləğində borc, öhdəliyinin icra edilməməsi nəticəsində 255 manat (5 faiz hesabı ilə 3 il üçün) məbləğində faiz, məhkəmə xərcinə görə 26 manat olmaqla, cəmi 1.981 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar