Məhkəmə qərarları › İş №e-2-2(121)-444/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-444/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-444/2024 18.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.613,72 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 12.111, 67 manat və mediasiya xərcləri üçün ödənilmiş 205 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 27 iyul 2022-ci il tarixli komissiya müqaviləsi bağlanmışdır. Müqavilədə iddiaçı komitent, cavabdeh isə komisyonçu tərəf olaraq çıxış edir. Müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı özünün mallarının öz hesabına lakin cavabdehin adından satılması barədə müqavilələrin bağlanmasını cavabdehə tapşırır və əvəzində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürür. İddiaçı və Cavabdeh tərəfindən imzalanaraq təsdiqlənən 17 yanvar 2023-cü il tarixli üzləşmə aktından da aydın olduğu kimi cavabdehin iddiaçıya 12 472.17 manat debitor borcu yaranmışdır. Cavabdeh və İddiaçı danışıqlar yolu ilə razılığa gələrək 12 472.17 manat debitor borcunun 15 fevral 2023-cü il tarixinədək İddiaçıya qaytarılacağını razılaşmışlar və Cavabdeh tərəfindən imzalanan 17 yanvar 2023-cü il tarixli izahatda cavabdeh qeyd etmişdir: Anbarımda çatışmayan malları öz sahəmə istifadə etmişdim. Yaranan 12 472. 17 AZN debitor borcu fevral ayının 15-ə kimi fermer kartı ilə və ya nağd bağlayacam. İzahatdan da göründüyü kimi Cavabdeh borcunu 15 fevral 2023-cü il tarixinədək qaytaracağını bildirmişdir. Lakin tərəflər arasında imzalanan üzləşmə aktına və izahata baxmayaraq Cavabdeh öhdəliyin icrasından yayınmış və indiyədək İddiaçıya olan debitor borcunu tam qaytarmamışdır. Belə ki, Cavabdeh İddiaçıya üzləşmə aktı imzalanan tarixdən indiyədək ümumi borcun bir qismini ödəmişdir. Lakin Cavabdeh daha sonra İddiaçıya hər hansı məbləği ödəməkdən imtina etmişdir. Hal-hazırda Cavabdeh tərəfindən ödənilməmiş debitor borcu məbləği 11 613.72 manat təşkil edir. Məsələ ilə bağlı cavabdehə xx.xx.2023 tarixli pretenziya məktubu göndərilmiş, lakin Cavabdeh tərəfindən hər hansı geri dönüş edilməmişdir, bundan başqa Cavabdehlə mübahisənin mediasiya vasitəsi ilə həlli də mümkün olmamışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsi ilə müəyyən olunmuş qaydada və müddətdə məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı QSC ilə cavabdeh X3 arasında xx.xx.2022-ci il tarixində komissiya müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə ilə Komitent özünün Mallarının öz hesabına lakin Komisyonçunun adından satılması barədə müqavilələrin bağlanmasını Komisyonçuya tapşırır və əvəzində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Komsiyonçu isə bu Müqavilə də nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli yazılı izahatından görünür ki, anbarında çatışmayan malları öz sahəsinə istifadə etmişdir. Yaranan 12.472,17 manat debitor borcunu fevral ayının 15-nə kimi fermer kartı ilə və ya nəğd bağlayacağını bildirmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə debitor borcunun 12.472,17 manat təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış komissiya müqaviləsinə əsasən iddiaçı özünün mallarının öz hesabına cavabdehin adından satılmasını cavabdehə tapşırmış və razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən ümumi borcun bir qismi ödənilsə də götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli komissiya müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -808.1-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. 809.1-ci maddəsinə əsasən, komisyonçu tapşırılmış işi vicdanla aparmalı və komitentin mənafelərini qorumalıdır. -810.1-ci ci maddəsinə görə komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir. -813-cü maddəsinə əsasən komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır. -814.1-ci maddəsinə görə Komisyonçu komitentin hesabına əqd bağladığı üçüncü şəxsin öhdəliklərinin icrası üçün məsuliyyət daşıyır, bu şərtlə ki, o belə məsuliyyət götürmüş olsun. məsuliyyət üçüncü şəxslə bağlanmış əqddən onun üçün irəli gələn bütün öhdəliklərə şamil edilir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı QSC-nin nümayəndələri və X3 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 12.472,17 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Sonradan cavabdeh tərəfindən borcun bir qismi ödənilmiş, nəticədə 11.613,72 manat ödənilməmiş borcu qalmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan muzd müqabilində tapşırığın yerinə yetirilməsi vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında tapşırığın yerinə yetirilməsinə dair hüququndan istifadə etmiş, lakin həmin malları satmalı olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 497,95 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün, yəni 15 fevral 2023-cü il tarixindən 25 dekabr 2023-cü il tarixinədək 497,95 manat məbləğində (11.613,72 x ((5% : 365) x 313)) : 100 = 497.95 manat) faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 11.613,72 manat əsas borc, 497,95 manat faiz borcu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 manat olmaqla, ümumilikdə 12.316,67 (on iki min üç yüz on altı manat, altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar