Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4562/2025 18.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2025-ci il 7 may tarixli, 07/03634 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250,00 (iki min iki yüz əlli) manat əsas borcun, 578,50 (beş yüz yetmiş səkkiz manat əlli qəpik) manat cərimənin və 48,29 (qırx səkkiz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun, cəmi: 2876,79 (iki min səkkiz yüz yetmiş altı manat yetmiş doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 7 may tarixli, 07/03634 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500,00 (altı min beş yüz) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 4250,00 (dörd min iki yüz əlli) manat ödəniş edilmişdir Cavabdehin Cəmiyyətə hazırda 2250,00 (iki min iki yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, cavabdeh ödənişləri (istifadə) müddəti ərzində bu müqavilənin 1.3-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.17-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq,müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi həcmində cərimə ödənilməsini təmin edir. Buna əsasən, hazırkı dövrədək olan cərimənin məbləği 578,50 (beş yüz yetmiş səkkiz manat əlli qəpik) manat təşkil etmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
10. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh (lizinq alan, (istifadəçi) arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 2025-ci il 7 may tarixli, 07/03634 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayn mülkiyyət hüququnun keçməməsi şərti ilə lizinq alana, istifadəçiyə verilir. Həmin müqavilənin: - 1.2. Müqavilə 1 (bir) il müddətinə bağlandıqda (kombaynlar istisna olmaqla) onun ümumi dəyəri – 1 (bir) ildən az müddətə bağlandıqda (kombaynlar istisna olmaqla) isə dəyəri hər ay üzrə – olmaqla müəyyən edilir. Müqavilə dəyərinə bütün növ vergi və rüsumlar daxildir. - 1.3. Müvəqqəti istifadəyə götürülən texnika kombayn olduqda isə müqavilə xx.xx.2025–xx.xx.2025-ci il tarixi istifadə müddətinə ümumi dəyəri 6500,0 (altı min beş yüz manat, 00 qəpik) manat olmaqla bağlanılır. Müqavilə dəyərinə bütün növ vergi və rüsumlar daxildir. - 1.4. Müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş müddəti texnikanın mövsümi işləmə xüsusiyyətindən, faydalı iş imkanı və s. amillərdən asılı olaraq müəyyən edilir və Lizinq alan (istifadəçi) bu Müqaviləyə Əlavə 2-də nəzərdə tutulmuş ödəniş qrafikinə (kombaynlar istisna olmaqla) uyğun olaraq müəyyən edilmiş öhdəliyin tam şəkildə ödənilməsini təmin etməlidir. Lizinq alan (istifadəçi) bütün texnika və aqreqatlar üçün ümumi müqavilə dəyərinin 50%-i və ya 2 aylıq hissəsi qədər (kombaynlar istisna olmaqla) həcmində avans ödəməlidir. - 1.4.1. Texnika əsasən Cəmiyyətin struktur bölməsinin yerləşdiyi Kürdəmir rayonu ərazisində istifadə olunmalıdır. Zəruri hallarda Lizinqə verənin razılığı əsasında texnika rayon ərazisindən kənarda istifadə oluna bilər. - 1.4.2. Müqavilə müddəti başa çatdıqdan sonra texnika götürüldüyü rayon bölməsinin parkına təhvil verilməlidir. Əks halda, texnikanın aidiyyəti rayon bölməsinin parkına geri təhvil verilməsi ilə əlaqədar çəkilmiş xərclər Lizinq alan (istifadəçi) tərəfindən ödənilməlidir. - 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; - 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür.
11. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 2 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Qobustan RN-nin Kürdəmir rayon bölməsinin istifadəsində olan, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir.
12. İş materiallarında olan İddiaçı ASC-nin Qobustan RN-nin Kürdəmir rayon bölməsinin rəhbəri X5 və mexanizator Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 2 saylı “texnikanın geri qaytarılması”na dair aktın surətindən görünür ki, 1 ədəd SR- 2065 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh tərəfindən Qobustan RN-nin Kürdəmir rayon bölməsinin rəhbəri X3 təhvil verilmişdir.
13. xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2025-ci il tarixli, 07/03634 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş müqavilə məbləği 6500 manat olan kənd təsərrüfatı texnikasının lizinqi üçün cəmiyyətin hesabına 4250 manat ödəniş edilmişdir, Cavabdeh qalıq borcu 2250 manat, cərimə borcu isə 587,50 manat təşkil edir.
14. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
15. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48,29 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə baxışının hədləri: - AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
20. İş materialları və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tətəflər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı ASC ("xxxx" ASC) ilə cavabdeh arasında etibarlı şəkildə bağlanılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 2025-ci il 7 may tarixli, 07/03634 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayn mülkiyyət hüququnun keçməməsi şərti ilə lizinq cavabdehin istifadəsinə verməyi, cavabeh isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq istifadə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının tələbləri əsasında həll edilməlidir.
22. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
23. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış lizinq müqaviləsinin şərtlərini lazımınca icra etməmiş, nəticədə 2250 manat gecikdirilmiş borcu yaranmışdır. İddiaçının qeyd olunan məbləği tələb etmək hüququnun olmasını da nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi 2250 manat qalıq borca aid hissədə əsaslıdır.
24. Məhkəmə, “07/03634” nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 578,50 manat cərimənin tutulmasına münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər və iddiaçının qeyd olunan tələbi tərəflər arasında bağlanılmış “07/03634” nömrəli, lizinq müqavilələrindən irəli gəlir. Belə ki, həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Göründüyü kimi iddiaçı cavabdehdən cərimə ödənilməsini tələb etməkdə mahiyyət etibarı ilə halıdır. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. AR Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə tərəflərin əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış və tələb edilən 578,50 manat cərimə azaldılaraq 100 manat manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri:
25. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 43,50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 2250 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 2350 (iki min üç yüz əlli) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 43,50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev