Məhkəmə qərarları › İş №e-2-2(121)-4584/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4584/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4584/2025 26.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh MMC-nə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə müqaviləsi üzrə xidmət müqabilində 57,07 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 87,07 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən ********* nömrələrində kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 57,07 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh MMC-nin adına olan nömrələrdə borc hazırkı tarixədək kimi ödənilməmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli, e-2-2(121)-4584/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli abunə müqaviləsindən görünür ki, iddiaçı cavabdehə abunə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli hesab fakturalardan görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə ümumilikdə 57,070000 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh MMC rabitə xidmətlərindən istifadə etməsi nəticəsində 57,07 manat borcun 5 gün ərizndə "xxxx" MMC-yə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında abunə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh iddiaçının rabitə xidmətlərindən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı pretenziya məktubu ilə cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərərək, borcunun ödənilməsini tələb etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdə əsaslanır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 57,07 manat xidmət haqqı borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən 57,07 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 87,07 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar