Məhkəmə qərarları › İş №e-2-2(121)-467/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-467/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-467/2025 06.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə qalan 5874 (beş min səkkiz yüz yetmiş dörd) manat pul məbləğinin alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 aprel 2022-ci il tarixdə, 955Ş nömrəli “təchizat müqaviləsi” bağlanılıb. Abasov Qurban həmin şirkətin direktorudur. CavabehCavabdeh MMC ilə iddiaçı arasında bağlanan müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” hazırki müqavilənin şərtlərinə uyğun olaraq malları “Alıcı”ya təchiz etməyi, “Alıcı” isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Bundan başqa, müqavilənin 6.3-cü bəndinə görə “Alıcı” alınmış malın ödəməsini malın təhvil-təslim aktı vəya elektron qaimənin imzalanması tarixindən etibarən 15 təqvim günü ərzində həyata keçirməyi öz öhdəsinə götürür. Lakin Cavabdeh MMC müvafiq maddələrdə nəzərdə tutulan şərtləri pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına uyğun olaraq 5874 (beş min səkkiz yüz yetmiş dörd) manat dəyərində mallar göndərilmiş, lakin qarşı tərəf bu malların dəyərini ödəməmişdir Cavabdeh MMC-nin direktoru Abasov Qurban tərəfindən daha sonra müxtəlif bəhanələrlə onun ödənilməsi yubadılmış, sonda isə iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, Abasov Qurban tərəfindən heç bir geri dönüş edilməmiş, ödəniş həyata keçirilməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. ”X2 Kompani” MMC ilə cavbdeh Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 955Ş nömrəli təchizat müqaviləsi bağlanmışdır.

10. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə (müqavilədə “Satıcı”) və Cavabdeh MMC (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 955Ş nömrəli müqavilənin: - 1.1-ci bəndinə əsasən, “Satıcı” hazırki müqavilənin şərtlərinə uyğun olaraq malları “Alıcı”ya təchiz etməyi, “Alıcı” isə həmin malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən, Malın tərəflər arasında razılaşdırılmış sifarişə uyğun təchizatı tərəflərin imzaladığı əlavə sazişdə digər şərtlər nəzərdə tutulmadığı halda “Satıcı”nın nəqliyyatından istifadə edilməklə “Satıcı” nın hesabına həyata keçirilir. - 6.3-cü bəndinə əsasən, “Alıcı” alınmış malın ödəməsini malın Təhvil-Təslim aktı və ya elektron qaimənin imzalanmasından etibarən müqavilənin əlavəsində qeyd olunan müddət ərzində icra etməyi öhdəsinə götürür, əgər “Alıcı” malın qəbul tarixini qeyd etməmişdirsə, malın qəbul tarixi malın təhvil-təslim aktı və ya elektron qaimənin tarixi hesab edilir. - 6.5-ci bəndinə əsasən, Ödənişlər “Satıcı” nın hesablaşma hesabına razılaşmaya əsasən bank köçürülməsi yolu ilə həyata keçirilir.

11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli “üzləşdirmə” aktına əsasən, Cavabdeh MMC-yə ümumilikdə 5874 manat məbləğində mal (qida məhsulları) təhvil verilmiş, nəticədə cavabdehin 5874 manat borcu qalmışdır. Həmin üzləşmə aktı cavabdeh tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.

12. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış təchizat müqaviləsi üzrə borcunun olması, borc ödənilmədiyi halda borcun tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. -882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq və iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 955Ş nömrəli təchizat müqaviləsindən irəli gəlir.

18. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı AR MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq iddanın əsasını mötəbər dəlillərlə sübut etmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 5874 manat borcunun olması iş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə aktı ilə təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun tam və ya qismən ödənilməsinə dair hərhansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin təchizat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5874 manat borcu tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 5874 (beş min səkkiz yüz yetmiş dörd) manat borc və ödənilmiş dövlət rüsumuna görə 79 (yetmiş doqquz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar