Məhkəmə qərarları › İş №e-2-2(121)-525/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-525/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-525/2025 02.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələb:

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2024-cü il 27 may tarixli 05/04296 nömrəli operativ lizinq müqaviləsinə əsasən 250 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi: 280 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 27 may tarixli 05/04296 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4 500 (dörd min beş yüz) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 4 250 (dörd min iki yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 250 (iki yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 05/04296 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniş məbləği 4500 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; - 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; - 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; - 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür.

11. İş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi RN-nin rəhbəri X4 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Ağcabədi RN-nin istifadəsində olan , 1 ədəd SR-2045 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir.

12. İş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi RN-nin rəhbəri X4 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 2 saylı “texnikanın geri qaytarılması”na dair aktın surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh tərəfindən Ağcabədi RN-nin mühəndisi X3 təhvil verilmişdir.

13. xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 05/04296 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş müqavilə məbləği 4500 manat olan kənd təsərrüfatı texnikasının lizinqi üçün cəmiyyətin hesabına 4250 manat ödəniş edilmişdir, Cavabdeh qalıq borcu 250 manat təşkil edir.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

b) Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c)Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini, iddaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

19. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir.

21. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən ona məxsus olan kənd təsərrüfatı texnikasını (taxılyığan kombayn) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şərtləşdirilmiş 4500 manat haqla cavabdehin istifadəsinə verilməsinə, cavabdeh tərəfindən isə texnikadan istifadəyə görə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsinə dair razılıq əldə olunmuşdur. Həmin razılaşmanı tərəflər xx.xx.2024-cü il tarixli, 05/04296 nömrəli nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin texnikadan istifadəyə görə şərtləşdirilmiş muzdun məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 250 manat məbləğində borcunun qaldığını iddia edir.

22. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Belə olan halda tələb olunan lizinq muzdunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan lizinq müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. Digər tərəfdən məhkəmə nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və cavabdehin imzaladığı iltizamların məzmunlarına görə, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, onun saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını cavabdeh (lizinq alan) qeyri-şərtsiz üzərinə götürmüş, həmçinin texnikanı təyinatı üzrə istifadə edəcəyinə, şərtləşdirilmiş məbləği iddiaçıya (lizinq verənə) tam şəkildə ödəyəcəyinə, texnikanı parka saz və dəst halda təhvil verəcəyinə dair öhdəliyə imza atmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.

24. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyini icra edərək lizinq obyekti əşyanı cavabdehin istifadəsinə vermişdir, cavabdeh isə müqavilə öhdəliyini pozaraq lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri ərzində iddiaçıya ödəməmiş, nəticədə cavabdehin 250 manat məbləğində borcu yaranmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri:

25. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 250 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti daxil olmaqla, cəmi 280 manat məbləğində pul tutularaq iddiaçı Aqroservis ASC-yə ödənilsin. Cavabdeh-dən 144,86 (bir yüz qırx dörd manat, səksən altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar