Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-535/2024 16.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 10 may tarixli 09/03568 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2400,00 (iki min dörd yüz) manat borcun və 60,00 (altmış) manat mediasiya xərcinin, cəmi: 2 460,00 (iki min dörd yüz altmış) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 10 may tarixli 09/03568 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000,00 (dörd min) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 1600,00 (bir min altı yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2400,00 (iki min dörd yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 2023-cü il 10 may tarixli 09/03568 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödəniş məbləği 4000 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin Hacıqabul rayon bölməsinin rəhbəri X1 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin Hacıqabul rayon bölməsinin istifadəsində olan 1 ədəd taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iltizamın surətindən görünür ki, Cavabdeh həmin iltizamı imzalayaraq müqavilə üzrə 1000 manat ödəniş etdiyini, qalan 3000 manat vəsaiti isə xx.xx.2023-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 2023-cü il 10 may tarixli 09/03568 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş müqavilə məbləği 4000 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 1600 manat ödəniş edilmişdir, Cavabdeh qalıq borcu 2400 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsinə əsasən xx.xx.2024-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən ona məxsus olan kənd təsərrüfatı texnikasını (kombaynı) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şərtləşdirilmiş 4000 manat haqla cavabdehin istifadəsinə verilməsinə, cavabdeh tərəfindən isə texnikadan istifadəyə görə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər 2023-cü il 10 may tarixli 09/03568 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin texnikadan istifadəyə görə şərtləşdirilmiş muzdun məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 2400 manat məbləğində borcunun qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq edilməklə qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsində qeyd olunanları və məhkəmə iclasında tədqiq olunmuş digər sübutları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan lizinq muzdunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa işdə olan iltizamdan görünür ki, cavabdeh imzaladığı müqavilə üzrə iddiaçıya borclu olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan lizinq müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və cavabdehin imzaladığı iltizamların məzmunlarına görə, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, onun saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını cavabdeh (lizinq alan) qeyri-şərtsiz üzərinə götürmüş, həmçinin texnikanı təyinatı üzrə istifadə edəcəyinə, şərtləşdirilmiş məbləği iddiaçıya (lizinq verənə) tam şəkildə ödəyəcəyinə, kombaynı parka saz və dəst halda təhvil verəcəyinə dair öhdəliyə imza atmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyini icra edərək lizinq müqaviləsi üzrə haqqı iddiaçıya ödəmək vəzifəsi, həmçinin iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş lizinq müqaviləsi üzrə lizinq alanın vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İddiaçının lizinq müqaviləsi üzrə ödənişin cavabdehdən tutularaq ona ödənilməsinə dair iddiası həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyini icra edərək lizinq obyekti əşyanı cavabdehin istifadəsinə vermişdir, cavabdeh isə müqavilə öhdəliyini pozaraq lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri ərzində iddiaçıya ödəməmiş, nəticədə cavabdehin 2400 manat məbləğində borcu yaranmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 44 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2023-ci il 10 may tarixli 09/03568 nömrəli müqavilə üzrə 2400 manat məbləğində əsas borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat olmaqla, ümumilikdə 2460 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 44 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-535/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-535/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver