Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-641/2025 12.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 7551,80 manat dəymiş maddi ziyanın və 95,52 manat dövlət rüsumunun, cəmi 7647,32 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 23 iyul tarixli 04/02538 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Belarus-1221 markalı traktora baxış keçirilmiş və nəticədə texnikaya 7551,80 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin traktoru işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Belarus-1221 markalı traktorun tam bərpası üçün 7551,80 manat dəymiş maddi ziyan hesablanmışdır Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X4 izahatında texnikalar ona təhvil veriləndə qüsurlu vəziyyətdə olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 04/02538 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Belarus-1221 markalı traktor xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniş məbləği 400 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin rəhbəri X1 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Lənkəran RN-nin istifadəsində olan 1 ədəd Belarus-1221 markalı traktor saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünürki, Cavabdeh 04/02538 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Belarus-1221 markalı traktoru təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanılmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq, 50-ha dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərüffat sahələrində sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və cəmiyyət tərəfindən müəyyən edilmiş diklokasiya planına riayət etməyi, texnikadan istifadə zamanı görülən aqrotexniki işlərin həcmi, növü, əkin sahəsinin ölçüsü, xidmət göstərilən fermer və s. barədə gündəlik olaraq rayon bölməsinin əməkdaşlarına məlumat verəcəyini, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən aslı olmayaraq 400 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi, bundan başqa, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəzizliyi və odsöndürən balondan (olduğu halda) istifadə qaydalarına riayət etmədiyi halda baş verəcək hər hansısa bir hadisəyə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində bölməyə təhvil verərkən aşağdakı qüsur və çatışmamazlıqlar aşkar edilmişdir: Arxa 2 əd disk dəyişdirilib, generator (dinamo) yox, kabinanın istitmə sistemi yox, əltutan yer yox, kompressor dəyişilib, kollektor yararsız, orta qol və yeri yoxdur, qanadlar dəyişdirilib, kabinanın tavanı dəyişib, 2 ədəd ayna yoxdur, mühərrikin bloku partlayıb yararsız, radiator dəyişilib, Sükan işləmir, qabaq qoruyucu təbəqə dəyişilib, strater işləmir, enşa dəyişilib, lops dəyişilib, 6 ədəd fara yoxdur, əyləc və mufta sistemi yoxdur. İş materiallarında olan arayışa əsasən, Belarus-1221 markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər ümumilikdə 7551,08 təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü tarixli imtina aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə müddətinin bitməsinə baxmayaraq traktoru xx.xx.2024-cü ildə evakuatora qoyaraq bölməyə göndərmişdir. Texnikanı bölməyə təhvil verərkən tərtib edilmiş aktını (Akt 2) və qüsur aktını imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “İltizam”ın surətindən görünür ki, Cavabdeh müvəqqəti istifadəyə götürdüyü texnikanı istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-641/2025 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/621 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04/02538 nömrəli operativ lizinq müqaviləsinə əsasən, ekspertizaya təqdim olunmuş, işin 41-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli 04/02538 saylı aktın “Təhvil aldı” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən ona məxsus olan kənd təsərrüfatı texnikasını (traktor) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şərtləşdirilmiş 400,00 manat haqla cavabdehin istifadəsinə verilməsinə, cavabdeh tərəfindən isə texnikadan istifadəyə görə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər 2024-cü il 23 iyul tarixli 04/02538 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı saz və işlək vəziyyətdə cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnikanı nasaz vəziyyətdə geri qaytardığını, nəticədə texnikaya 7551,80 manat məbləğində zərərin dəydiyi iddia edir. Cavabdeh iddianı qəbul etməyərək, texnikalar ona təhvil veriləndə qüsurlu vəziyyətdə olduğunu bildirir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi ilk növbədə həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq edilməklə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair öhdəlik hüquq münasibətlərinin yarandığı, lizinq obyekti olan texnikanın xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilməsi və texnikanın xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, işin mübahisəli halını lizinq obyekti olan texniikanın cavabdehə təhvil verilərkən və geri qaytarılarkən vəziyyətinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı texnikanın cavabdehə təhvil verilərkən saz və işlək vəziyyətdə olduğunu, lakin texnikanın cavabdeh tərəfindən qüsurlu vəziyyətdə geri qaytarıldığını, cavabdeh isə texnikanın ona qüsurlu vəziyyətdə ona təhvil verildiyini, yəni texnikada olan qüsurların əvvəlcədən mövcud olduğunu iddia edirlər. İddiaçı iddiasının faktiki əsası kimi texnikanın cavabdehə təhvil verilməsinə dair akta, qüsur aktına və xərclər barədə arayışa istinad edir. Cavabdeh öz etirazının faktiki əsası kimi texnikanın ona təhvil verilməsinə dair aktı imzalamadığına istinad edir. Məhkəmə, işin mübahisəsiz və mübahisəli hallarını təhlil edərək bu nəticəyə gəlir ki, baxılan işdə aşkar və sübut edilməsi tələb olunan əsas məsələ lizinq obyekti texnikada mövcud olan qüsurların yaranması dövrü ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı işin yuxarıda qeyd olunan mübahisəli halı ilə əlaqədar tərəflər arasında tərtib olunmuş təhvil-təslim aktına istinad edərək iddia edir ki, lizinq obyekti olan texnika saz vəziyyətdə cavabdehə təhvil verilmişdir, cavabdeh isə həmin aktı imzalamadığını, orada olan imzanın ona məxsus olmadığını bildirir. Göründüyü kimi, işdə olan texnikanın istifadəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli akt cavabdeh tərəfindən o əsasla mübahisələndirilir ki, həmin aktın tərtib olunmasından ümumiyyətlə məlumatı olmamışdır, akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədi ilə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair rəylə cavabdehin həmin iddiası təsdiqini tapmamış, sözügedən aktda olan imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla da, adı çəkilən aktın etibarsızlığına dair cavabdehin iddiasının əsassız olduğu aşkar edilir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli aktın məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə olan halda, lizinq obyekti olan texnikanın cavabdehə təhvil verilərkən saz vəziyyətdə olması mötəbər sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, lizinq predmeti olan texnikanın cavabdehə saz vəziyyətdə təhvil verilməsinə dair cavabdeh tərəfindən imzalanması sübut olunan akt mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Cavabdeh isə sözügedən aktı onun tərəfindən imzalanmaması əsası ilə mübahisələndirsə də, həmin xüsusat məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, lizinq münasibətlərində lizinq obyektinin lizin verənə geri qaytarılmasını və geri qaytarılan zaman lizinq obyektinin vəziyyətini sübut etmək vəzifəsi lizinq alanın üzərinə düşür. Baxılan işdə lizinq obyekti olan texnikada qüsur aktında göstərilən qüsurların mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı bu faktı təkzib edə biləcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, lizinq obyekti olan texnikanın iddiaçıya geri qaytarılarkən işdə olan qüsur aktında qeyd edilən qüsurların mövcud olması tam sübut olunur. Digər tərəfdən məhkəmə nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və cavabdehin imzaladığı iltizamın məzmununa görə, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, onun saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını cavabdeh (lizinq alan) qeyri-şərtsiz üzərinə götürmüş, həmçinin texnikanı təyinatı üzrə istifadə edəcəyinə, şərtləşdirilmiş məbləği iddiaçıya (lizinq verənə) tam şəkildə ödəyəcəyinə, texnikanı parka saz və dəst halda təhvil verəcəyinə dair öhdəliyə imza atmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 748-1.1-ci maddəsinə əsasən, Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə əsasən, Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.4-cü maddəsinə əsasən, Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.1-ci maddəsinə əsasən, Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə, iddia tələbini lizinq obyekti olan texnikada olan qüsurun bərpası üçün hesablanmış 7551,80 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərinə görə, lizinq alan lizinq obyektini aldığı vəziyyətdə lizinq verənə geri qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Baxılan işin hallarından görünür ki, lizinq obyekti cavabdehə saz vəziyyətdə təhvil verilmişdir, lakin lizinq obyekti geri qaytarılarkən onda nasazlıqlar aşkar edilmişdir. Məhkəmə, qeyd edir ki, iddiaçı vurulmuş ziyan faktını sübut etməklə yanaşı, həmin ziyanın həcmini də təsdiq edən sübutu təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Baxılan işdən göründüyü kimi, iddiaçı ona məxsus olan əmlakının zədələnməsi nəticəsində əmələ gəlmiş zərərin (real zərərin) ödənilməsini tələb etmişdir. Bu zaman iddiaçı həmin zərərin aradan qaldırılması üçün tələb olunan pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir və zərərin pul ekvivalentinin məbləğini tərtib edilmiş zərərin qiymətləndirilməsinə dair arayışa əsasən 7551,80 manat olaraq göstərmişdir. Məhkəmə, zərərin qiymətləndirilməsinə dair arayışda gəlinən nəticəni obyektiv və əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, qiymətləndirmə arayışı cavabdeh tərəfindən mübahisələndirilməmişdir, bununla da o, həmin arayışda gəlinən nəticə ilə razılaşdıqlarını bəyan etmişlər. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, lizinq obyektinin bərpası üçün çəkilmiş xərcin əvəzi kimi 7551,80 manat məbləği qəbul edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməılidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5) Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1 ədəd Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 7551,80 manat məbləğində borc və ödənilmiş 95,52 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 7647,32 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 124 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-641/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-641/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver