Məhkəmə qərarları › İş №e-2-2(121)-651/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-651/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-651/2025 28.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2020-ci il tarixli, 0283-ƏZQ-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən yaranmış 362 manat qalıq borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC -yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (bundan sonra “Alıcı”) arasında 13 avqust 2020-ci il tarixli, 0283-ƏZQ-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri “Yağ dəyişmə mərkəzi” Saatlı şəhəri. Dəmir yolunun yanıdır. Məhz bu səbəblə iddia ərizəsi sözügedən konsiqnasiya müqaviləsinin mahiyyətindən də irəli gədiyi üçün müqavilənin icra yeri üzrə verilmişdir. Mülki Prosessual Məcəllənin 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyat halları göstərilmişdir. Həmin maddənin 11-ci bəndinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Konsiqnasiya müqaviləsinə görə Konsiqnator malları digər tərə9in anbarında(dükanında) saxlanca verir və digər tərəf isə həmin malların satışından əldə edilən gəlir hesabına ödəniş edir. Göründüyü kimi müqavilə üzrə malların təhvil-təslimi, satışı, yəni icra olunması mağazanın yerləşdiyi ünvan üzrə həyata keçirilir və bu səbəblə müqavilənin icra yeri Cavabdeh Qüdrət oğlunun “Yağ dəyişmə mərkəzi” Saatlı şəhəri. Dəmir yolunun yanı ünvanında yerləşən mağazasıdır. Əlavə olaraq qeyd edilir ki, müqavilənin icra yeri üzrə məhkəmə aidiyyətinin seçilməsi ilə bağlı müəssisənin Bakı və Sumqayıt Kommersiya Məhkəmələrində eyni məzmunlu başqa iddiaları da olmuşdur və həmin işlərin əksəriyyətinin baxılması mümkün hesab edilmiş, bəzi hakimlər tərəfindən məhkəməyə aidiyyətinin düzgün seçilməməsi ilə bağlı iş geri qaytarılsada sonradan verilən apellyasiya şikayətləri təmin edilmiş və məhkəmənin geri qaytarılma ilə bağlı qərardadı ləğv edilmişdir. Qeyd edilən apellyasiya şikayətlərinin təmin edilməsi ilə bağlı qərardad məlumat xarakterli iş üzrə elektron kabinetə əlavə edilmişdir. Məhkəmələr və Hakimlər haqqında qanun Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması: Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin 1 saylı əlavəsinə əsasən Cavabdeh Qüdrət oğluna iddiaçı tərəfindən ümumi dəyəri 589.20 ( beş yüz səksən doqquz, 20) AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxsin borcun 227.20 azn-lik hissəsini ödəmiş, lakin 362.00 ( üç yüz altmış iki, 00) azn qalıq borcunu isə bugünki günə qədər ödəməmişdir. Qeyd olunan şəxs ümumi olaraq 362.00 ( üç yüz altmış iki, 00) AZN borcunu iddiaçıya geri qaytarmamışdır. Yekun olaraq qeyd edilir ki, 13 avqust 2020-ci il tarixli, 0283-ƏZQ-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam 362.00 ( üç yüz altmış iki, 00) AZN dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə iddiaçının rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisə tərəfindən cavabdeh şəxs Cavabdeh ilə 13 avqust 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yuxarıda qeyd edilən 362.00 ( üç yüz altmış iki, 00) azn dəyərindəki borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2024-cü il tarixində Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi

5. İş materiallarında olan 13 avqust 2020-ci il tarixli, 0283-ƏZQ-GM/20 saylı konsiqnasiya müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. - Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satmağı, alıcı isə malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, alcının vəzifəsi malların satışını həyata keçirməkdir. - Həmin müqavilənin 2.1.4-cü yarımbəndinə əsasən, Həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. - Həmin müqavilənin 2.1.10-cu yarımbəndinə əsasən, Alıcı malları Satıcı tərəfindən tövsiyə edilən qiymətlərdən aşağı satmamalıdır.

6. xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 nömrəli aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 589,20 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və X1 tərəfindən imzalanmışdır.

7. xx.xx.2024-cü il tarixli, 122/GM/24 nömrəli maliyyə arayışından (məlumatdan) görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2020-ci il tarixli, 0283-ƏZQ-GM/20 saylı konsiqnasiya müqaviləsinə əsasən 362 manat əsas borcu mövcuddur.

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X1 məlumatlandırılmışdır.

b) Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

11. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

12. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, tələbin hüquqi əsasını tərəflər arasında etibarlı şəkildə bağlanılmış 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 nömrəli konsiqnasiya müqaviləsi təşkil edir.

13. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, müqavilədən irəli gələn öhdəliklərin tam olaraq icra edilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı və konsiqnasiya müqavilələri üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir.

15. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 362 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

Nəticə:

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Qüdrət oğlundan 362 (üç yüz altmış iki manat) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar