Məhkəmə qərarları › İş №e-2-2(121)-656/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-656/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-656/2025 15.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SKO7.8160000.0000.20 nömrəli Full Slim-Xüsusi Növ markalı soyuducunun və ya onun 700 manat dəyərini, eləcə də 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 730 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli “əvəzsiz istifadə” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “ A+CO” ASC özünə məxsus 700 manat dəyərində avadanlığı Cavabdeh əvəzsiz müddətli istifadəsinə verməyi, sonuncu isə həmin avadanlığı müvafiq Təhvil-Təslim Aktı əsasında qəbul edib özünə məxsus ticarət obyektlərində nümayiş etdirilməsini təmin etməyi və Müqaviləyə xitam verilməsi halında Avadanlığı təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla A+CO” ASC-yə geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən avadanlığın qiyməti 700 (yeddi yüz) manat təşkil edir və Müqavilə ilə nəzərdə tutulmuş cərimə hədlərinin müəyyən edilməsində avadanlığın dəyərini ifadə edir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmışxx.xx.2021-ci il tarixli müqavilə və həmin tarixli təhvil-təslim aktından məlum olur ki, cavabdeh SKO7.8160000.0000.20 nömrəli Full Slim-Xüsusi Növ markalıdəyəri 700 manat olan soyuducunu təhvil almışdır. xx.xx.2024-cü il tarixində göndərilən bildirişə əsasən cavabdehlə bağlanılmış müqaviləyə xitam verilərək 7 təqvim günü ərzində avadanlığın geri qaytarılması ilə bağlı online kargüzarlıq vasitəsilə müraciət edilmişdir (bildirişin surəti əlavə olunur). Lakin həmin tarixdən etibarən cavabdeh tərəfindən soyuducunun qaytarılması və ya onun dəyərinin ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. xx.xx.2021-ci il tarixli “əvəzsiz istifadə” müqaviləsinin 4.2-ci bəndindən göründüyü kimi, Cavabdeh müqaviləyə xitam verilmə anından başlayaraq 7 təqvim günü ərzində avadanlığı geri qaytarmalı idi. Lakin cavabdeh öhdəliyi bu günə qədər icra etməyərək həm öhdəliyin icra müddətini, həm də öhdəliyin vicdanlı icra tələbini pozmuşdur. Beləliklə, tərəflər arasındakı müqavilə və təhvil-təslim aktı üzrə Cavabdeh Cəmiyyətə soyuducunu qaytarmaq, yaxud soyuducunun dəyəri olan 700 manatı ödəmək öhdəliyi qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli “əvəzsiz istifadə” müqaviləsinin: 1.1-ci bəndində əsasən, Şirkət özünə məxsus əsas vəsaitlərin müxtəlif tipli soyuducu, vitrin, reklam və marketinq materialları və reklam avadanlıqlarını ticarət nöqtəsinin əvəzsiz müddətli istifadəsinə verməyi, ticarət nöqtəsi isə reklam avadamlığını müvafiq restoranlar/mehmanxanalar zənciri və s.) nümayiş etdirilməsini təmin etməyi və müqaviləyə xitam verilməsi halında avadanlığın təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla şirkətə geri qaytarmağı öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən, avadanlığın qiyməti 700 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Təhvil-təslim Aktı”ndan görünür ki, SKO7.8160000.0000.20 nömrəli Full Slim-Xüsusi növ soyuducu İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SKO7.8160000.0000.20 nömrəli Full Slim-Xüsusi növ soyuducusunun 3 iş günü müddətində geri qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia etməsi və həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (əvəzsiz istifadə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları belədir ki, tərəflər arasında iddiaçıya məxsus olan soyuducunun cavabdehin əvəzsiz istifadəsinə verilməsinə dair razılaşma əldə olunmuşdur və onlar bu razılaşmanı aralarında bağlanmış “əvəzsiz istifadə” müqaviləsi ilə rəsmiləşdirmişlər. İddiaçı təhvil verdiyi soyuducunu geri tələb etməsinə baxmayaraq cavabdehin tələbi yerinə yetirmədiyini bildirir və buna görə də aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehdən soyuducunu və ya onun dəyərini tələb edir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36-cı fəslində yer alan əvəzsiz istifadə müqaviləsinə dair normaların təşkil etdiyi nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə əvəzsiz istifadə müqaviləsinə dair münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflərin daxil olduqları müqavilə münasibətlərinin faktiki hallarını nəzərə alıb sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən hüquqi qiymətləndirmə apararaq müəyyən edir ki, mübahisə predmeti olan soyuducunun cavabdehə təhvil verilməsini və həmin əşyanın dəyərini sübut etmək vəzifəsi iddiaçının, soyuducunun və ya onun dəyərinin iddiaçıya geri verilməsini sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilənin predmeti olan əşyanın cavabdehin istifadəsinə verilməsi, istifadəyə verilən əşyanın dəyərinin 700 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Qeyd olunan xüsusatlar tərəflərin imzası ilə təsdiq edilmiş müqavilə və təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, soyuducunun geri qaytarılmasını və ya onun əvəzi olan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan soyuducunun cavabdeh tərəfindən iddiaçıya qaytarılmamasının tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı əvəsiz istifadə müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyini icra edərək əvəzsiz istifadə müqaviləsi üzrə istifadəyə götürdüyü əşyanı və ya həmin əşyanın dəyərini iddiaçıya qaytarmaq vəzifəsi, həmçinin iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə əsasən, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh SKO7.8160000.0000.20 nömrəli Full Slim-Xüsusi Növ markalı soyuducu və ya onun dəyərini təşkil edən 700 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar